Biz də AzVision.az olaraq məsələni öz təbirimizcə araşdırdıq. Məlum oldu ki, paytaxtda “Halloween” bayramı keçirilir. Tənbəllik etməyib əcaib geyimli uşaqları izləyərək məlum məkana çatdıq. Məkanda üzünü müxtəlif nağıl qəhrəmanlarının obrazı ilə boyadan kim, şəkil çəkdirən kim, mahnıya və sehrbazların şousuna tamaşa edən kim...
Bir sözlə, balacalar bir günlük nağıllar aləminə düşərək sevdikləri obrazları canlandırıb əylənirdilər. Ölkəmiz üçün yad bayram olsa da balacaların sevimlisinə çevrilən “Halloween” əslində Bayram öz əsasını xristianlığa qədərki dövrdən Böyük Britaniya adasının xalqlarından – İrlandiya və Şotlandiyanın aborigen əhalisi olmuş qədim kelt tayfalarından götürür. “Halloween”, ingilis dilindən “All Hallows Eve” və ya “All Saints Eve” bayramının qısadılmış adıdır.
Keltlərin inancına görə, həmin gün “dirilərin və ölülərin dünyaları öz qapılarını açır və bu səbəbdən də dünya ruhlar və şər qüvvələrlə dolur”. Şər qüvvələrin hücumlarından özlərini qorumaq üçün, keltlər evdə yanan hər şeyi söndürür, özləri isə müxtəlif heyvan dəriləri geyinərdilər. Onlar inanırdılar ki, belə etməklə gələn şər fövqəlqüvvələri qorxuda biləcəklər. Hər evin qarşısında ruhları qonaq etmək üçün qoyulmuş şirnilərə rast gəlmək olardı.
Lakin zaman keçdikcə bu inanclar əylənəcəli bayrama çevrilir. Təxminən XVI əsrdə 31 oktyabr gecəsi hamıdan şirniyyat istəmək ənənəsi yaranır. Böyüklü-kiçikli hamı üzlərinə parçadan olan maska taxıb qapı-qapı gəzir və şıltaqlıqla ev sahiblərindən ləziz təamlar tələb edirdilər. Bu bayramın əsas rəmzi içərisi şam ilə işıqlandırılan və üzərində qorxunc sima oyulmuş balqabaq olan “Cek Fənəri”dir. Qədim inanclara görə fənər başqa dünyaya yolu göstərməkdə kömək edir. O nəinki yayın bitməsini və məhsul yığımını simvolizə edirdi, həm də tonqaldan götürülən odla içində yandırılan işıq vasitəsi ilə şər qüvvələri qorxutmalı idi.
Həmin gün karnaval kostyumlarını - əcinnə, şeytan və ya fövqəltəbii personajların paltarlarını geyinirlər. Kostyumlar nə qədər gülməli, qorxuducu olsalar, o qədər də yaxşıdır. Qara və narıncı rənglər ənənəvi sayılır. Odur ki, oktyabr ayının son günündə şəhər küçələrində Drakula, Frankenşteyn, Qulyabani, Mumiya, Opera Kabusu, Banşını təcəssüm etdirən “Monster High” qəhrəmanları qarşınıza çıxsa qorxmayın. Şirniyyat dilənçiliyindən və müxtəlif kostyumlara bəzənməkdən başqa “Halloween”-nin qeyd edilməsi maraqlı oyun və əyləncələr ilə əlaqəlidir. Məhz bu bayram münasibətilə Moskvadan məşhur “Eksperiment” musiqili teatrın artistləri xüsusi olaraq bu gün üçün gözəl proqram hazırlayaraq uşaqları əyləndirdilər.
Gültəkin Ələsgər
Foto: Elvin Abdulla