Azərbaycanlı aktrisa Türkiyədə vəzifə aldı

Azərbaycanlı aktrisa Türkiyədə vəzifə aldı
  04 Mart 2016    Oxunub:2765
Azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə APA-ya Məlahət Abbasova özü məlumat verib. Şəhər teatrlarının fəaliyyətinin gücləndirilməsi planları çərçivəsində bu vəzifəyə gətirilən Məlahət Abbasova verdiyi açıqlamada ona göstərilən etimaddan çox məmnun olduğunu vurğulayıb.

Təyinata görə İstanbul bələdiyyə bakanlığına, bələdiyyənin mədəniyyət idarəsinin rəisi Əbdürrəhman Şənə, İstanbul şəhər teatrlarının müdiri Saleh Əflioğluna və Şəhər teatrlarının bədii rəhbəri Süha Uyğura təşəkkürünü bildirən azərbaycanlı sənətkar deyib: “Avropa və Asiya qitələrinin ən böyük sənət ocaqlarından biri olan İstanbul bələdiyyəsi Şəhər teatrlarının 7 salonu, 1000-dən artıq əməkdaşı var. Bu cür mötəbər bir sənət ocağında bədii rəhbəri kimi məsul vəzifəyə təyin edilməyimi 25 ildən bəri bu qurumda çəkdiyim zəhmətə verilən mükafat kimi qiymətləndirirəm. Qurumda fəaliyyət göstərən yeganə azərbaycanlının məsul vəzifəyə təyin edilməsi də önəmli hadisə sayılmalıdır. Şəhər teatrlarının əməkdaşları ilə daima hərarətli münasibətlərimiz olub, məni burada hamı sevib, mən də öz işimə daima məsuliyyətlə yanaşmışam. İstanbul bələdiyyəsi Şəhər teatrlarının fəaliyyətini daha da gücləndirməyimiz üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

Şəhər teatrlarındakı stajı nəzərə alınaraq ən yüksək məmur statusu qazandığını da sözlərinə əlavə edən Məlahət Abbasova indiyə qədər olduğu kimi bundan sonrakı fəaliyyətində də Azərbaycan dramaturgiyasının önəmli əsərlərinin Şəhər teatrlarında tamaşaya qoyulmasında fəal iştirak edəcəyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti