`Qocalıq pullarını bayramlardan sonra verməyin..` - Qəşəm Nəcəfzadə

`Qocalıq pullarını bayramlardan sonra verməyin..` - Qəşəm Nəcəfzadə
  01 Aprel 2016    Oxunub:2886
Bu gün şair-publisist Qəşəm Nəcəfzadənin ad günüdür. AzVision.az olaraq şairə təbriklərimizi çatdırır və bir neçə şeirini oxuculara təqdim edirik.


Qocalıq pulu


Maliyə naziri, xahiş eləyirəm, nə olar,
Qocalıq pullarını bayramlardan sonra verməyin.
Məsələn,
Fevral ayının pulunu 8 martdan sonraya saxlamayin.
Dekabrı yanvarın 20-nə qədər yubatmayın...
Onlar da sevə bilirlər,
Yeni ili hələ unutmayıblar,
8 martda gül almaq istəyirlər, gül haqqı,
Hələ ki həyat yaşayır onların vərdişlərində,
Heç olmasa həyata hörmətiniz olsun.
Cənab nazir, sən görsən ki,
Bankomat kartlarının əlində qocalar necə əsirlər,
Bankomat karlarının əllərindən necə düşürlər qocalar?
Və görsən ki, onlar sənin beş-on manatlqı kartlarını
Əvvəl əl dəsmalına,
Sonra qəzetlərə,
Sonra salafanlara
Qımışmış əllərinə,
Sonra göz yaşlarına necə bükürlər?...
Həyatda
Ağlamaq adlı bir şeyin olduğunu xatırlarsan.


Səməninin belinə qırmızı lent bağla dedim

Səməninin belinə qırmızı lent bağla dedim
Gedib kənddə bir dəniz taxıl əkərəm dedim
Zəmini ayaqyalın sularam dedim
Sünbüllərə təzə şeirimi söylərəm dedim

Sünbülün kölgəsində yataram dedim,
Yağış yağsa, sünbülün altına girərəm dedim
Səni necə sevdiyimi bir sünbülə deyərəm dedim
Sünbül də sünbüllərə söyləyər dedim
Səni görmək üçün yanına gəlmək istərlər dedim

Kənddə bur dəyirman, bir təndir tikərəm dedim
Taxılı dəyirmanda üyüdərəm dedim
Təndirdə sənə çörək bişirərəm dedim
Sənə bir təndir çörəyi gətirərəm dedim
O çörəyi necə şirin yeyərsən dedim
O sünbül çörəyin içindədir dedim

Səməninin belinə qırmızı lent bağla dedim


“Düşmən” sözünü
düşünmək kimi anlayın...



Bayraqları şeirlərdən çıxardın
Türkçülüyü şeirlərə doldurmayın...
Vətənimizi şeirlərdə basdırmayın

Qoyun ürəyimiz bir azca nəfəs alsın...
Vətəni vətən şeirlərindən xilas eləyin
Şairsizsə, qələminizi sındırın.
Ölmüş körpələr haqqında mızıldamayın,
Hər axşam əllərinizi soyuducuda dondurun...
Ayağınızla yox,
Gözlərinizilə yeriyin...
Uşaqlara “düşmən” sözünü yazdırmayın,
“Düşmən” sözünü
düşünmək kimi anladın.


Teqlər:  





Xəbər lenti