Bakı bölgədə yeni geosiyasi reallıq yaradır – TƏHLİL

Bakı bölgədə yeni geosiyasi reallıq yaradır – TƏHLİL
  09 Avqust 2016    Oxunub:5646
Dünən Azərbaycan, Rusiya və İran Prezidentləri arasında Bakıda böyük bir görüş baş tutdu. İlk sammit kimi də xarakterizə edilən bu üçlü görüş Bakı, Tehran və Moskava arasındakı çox ciddi iqtisadi, siyasi və strateji mətləblərdən xəbər verir.

Şübhəsiz ki, bu sammiti Qərb və ABŞ-ın təşkilatçılığı olmadan, region ölkələrinin birbaşa öz səyləri nəticəsinə reallaşan ən əlamətdar toplantı saymaq olar.

Bakı, Moskva və Tehran arasındakı əməkdaşlığın bünövrəsi 2016-cı ilin aprel ayında, hər üç ölkənin xarici işlər nazirlərinin Bakı görüşü ilə qoyuldu. O vaxt Prezident İlham Əliyev bu görüş formatını yüksək dəyərləndirmişdi. O zamankı görüşün ana mövzusunu Dağlıq Qarabağ münaqişəsinin həllli təşkil edirdisə, müzakirə edilən məsələlər arasında Xəzər ətrafında əməkdaşlıq da ön sırada idi.

Prezidentlərin Bakı görüşün gündəliyində duran regional və beynəlxalq məsələlərdən onun hüdudları öncədən aydın olurdu. Məsələn, Əfqanıstan, Yaxın Şərqdəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regional əhəmiyyət kəsb edən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (Rəşt-Astara) dəmiryolu magistralının inşası müzakirə olunan məsələlərin sırasına daxildir.

Azərbaycanın yüksələn diplomatik imici

Bakı görüşündə bir çox ciddi məqamlar gün işığına çıxdı. Azərbaycanın günbəgün artan regional və qlobal nüfuzu ona imkan verir ki, beynəlxalq münasibələrdə cərəyan edən daha böyük məsələlərə əlaqədar aşkar münasibət sərgiləyə bilsin. Prezident İlham Əliyev həmkarları Həsən Ruhani və Vladimir Putinlə görüşü zamanı çox açıq şəkildə İran və Rusiyaya qarşı tədbiq olunan sanskiayalarla bağlı lazımi ölkələrə mesaj verdi.

Cənab Prezident fikirlərini bu şəkildə ifadə etdi: "Bu təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir. Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olub və öz mövqeyini açıq şəkildə dəfələrlə bildirib. Azərbaycan müstəqil siyasət aparır, bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir".

Əlbəttə, Prezident İlham Əliyevin bu çıxışında konkret ünvanlanmış ciddi mesajlar vardı. Digər tərəfdən, bu nüans artıq Azərbaycan-Rusiya-İran ittifaqının yaranacağından xəbər verirdi. Bakı bəyannaməsinin mahiyyətinə diqqət etmək yetərlidir, Bakı-Tehran-Moskva xəttini görmək mümkün olsun. Təbii ki, belə bir birliyin olması həm regional, həm də subregional məsələlərdə Azərbaycanın milli maraqlarına tam cavab verir.

İran Prezidenti Həsən Ruhaninin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı "Biz Azərbaycan Prezidenti İlham Əliyevə bu görüşü təşkil etdiyi üçün minnətdar olmalıyıq" cümləsini işlətməsi də bir daha Azərbaycanın uğurlu diplomatiyasından xəbər verir.

Bakı Bəyannaməsi və strateji çizgilər

Sammitin sonunda imzalanmış Bakı bəyannaməsində olduqca vacib kriteriyalar əksini tapıb. Birincisi, "İŞİD" (DAEŞ) kimi beynəlxalq terror təşkilatının vaxtaşırı Azərbaycanı hədələdiyini və bir xeyli müddətdir ki, İran və Rusiyanın Suriyada "İŞİD"-ə qarşı hərbi mübarizə apardığını da diqqətə alasaq, o zaman bu işdə təcrübəsi olan İran, Rusiya, Türkiyəni bir-birinə yaxınlaşdıran "İŞİD" amili fonunda Azərbaycanın da bu ölkərin terrorizmə qarşı ittifaqında müəyyən mənada yer alması istisna olunmur.

İkincisi, narkotrafik, narkotik ticarətilə bağlı hər üç ölkənin bu yöndə ciddi razılaşmaya nail olmalarıdır ki, bu əməkdaşlıq da regionda, ələlxüsus Qarabağda narkotik bitkilərin becərilməsilə məşğul olan Ermənistan rejiminin önünü kəsə və İran üzərindən fəaliyyəti bloklana bilər.

Üçüncüsü, turizm və sadələşdirilmiş viza rejiminin tədbiqi qərarı ilə bağlıdır ki, bu da hər üç ölkənin bu istiqamətda ciddi işbirliyinə səy göstərməsini ortaya qoyur.

Dördüncüsü, kibertəhlükəsizliklə bağlı məsələlərdir ki, bu da hazırda Azərbayan üçün böyük əhəmiyyət daşıyır. Çünki həm İranın, həm də Rusiyanın dünya çapında tanınan kiberorduları var və üstəgəl bu, sahədə ciddi təhlükəsizlik konsepsiyasına sahib ölkələrdirlər. Əlbəttə, bu sferada da onlarla əməkdaşlıq Azərbaycana çox şey qazandırmış olacaq.

Ümumilikdə sadalanan bəndlər arasında ekstremizm, silah alveri, insan alverinə qarşı birgə mübarizə də öz əksini tapıb.

İranın yeni səfirinin Azərbaycana böyük rəğbəti

İran Azərbaycana önəmli bir diplomatı səfir təyin edib. Əlbəttə ki, belə bir qərarı təsadüf saymaq olmaz. Rəsmi Tehranın məhz bu məqamda Azərbaycanla hər sahədə əməkdaşlığın daha da gücləndirilməsi fikirlərilə çıxış edən Cavad Cahangirzadəni Azərbaycana elçi göndərməsi İran-Azərbaycan münasibətlərinin möhkəmləndiyini və daha da möhkəmlənəcəyini sübut edir.

Cavad Cahangirzadə 1966-ci ildə Urmiyada doğlub və oradan da deputat seçilib. O, İran İslam Respblikasının İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komsiyyasının üzvü olub.

Bəzi məqamları xatırlatmaq tam yerinə düşər. 2014-cü ildə Cavad Cahangirzadə Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrinin daha da yüksəldilməsi ilə bağlı çağırışlar etmişdi. İki tərəfli ticarət əlaqələrinin maksimum həddə çatdırılması tərəfdarı olan Cavadzadə, bunun üçün hər cür potensialın olduğunu bildirir. O, hər zaman Azərbaycanı İranın qonşuları arasında xüsusi bir yerə sahib olduğunu çıxışlarında qeyd edib.

O, hələ, 2014-cü ildə verdiyi müsahibələrin birində Azərbaycan və İranın ortaq tarixi, mədəni, dini köklərə bağlı olduğu fikrini səsləndirərək, bizi qardaş və dost ölkələr adlandırmışdı.

İranın Azərbaycana yenicə təyin olunmuş səfiri açıqlamalarının birində vurğulamışdı ki, Azərbaycan ilə İran arasında neft, qaz, enerji əməkdaşlığını mütləq genişləndirmək lazımdır.

İranın yeni səfirinin Azərbaycana olan rəğbəti iki ölkə arasında münasibətləri pik həddə çatdıracaq, ehtimal ki, İranın "TANAP"-a qoşulmasını tezləşdirəcək və ciddiləşdirəcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti