Prezident rəsmi ziyafətdə

Prezident rəsmi ziyafətdə
  13 Avqust 2013    Oxunub:1190
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilib.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə çıxış edib:

"Bir daha sizi Azərbaycanda salamlayıram. Səfəriniz doğrudan da tarixidir. O, bizim münasibətlərimizin tarixinə İtaliya Baş nazirinin ilk səfəri kimi düşəcəkdir. Bu, çox vacib və mühümdür, əməkdaşlığın və dostluğun yaxşı əlamətidir. Eyni zamanda, bu gün apardığımız müzakirələr nöqteyi-nəzərindən səfəriniz çox əhəmiyyətlidir. Biz ikitərəfli əlaqələrin, regional əməkdaşlığın bir çox sahələrinə toxunduq. Müzakirələrimizi indi nahar zamanı da davam etdirəcəyik".

Dövlət başçımız daha sonra deyib: "Ölkələrimiz arasında dostcasına, çox sabit, gözlənilən, qarşılıqlı dəstəyə, anlaşmaya və hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə etmək istərdim. Bu gün müzakirə etdiyimiz kimi, bu münasibətlər Avropa İttifaqı-Azərbaycan əlaqələri üçün də mühümdür. Avropa İttifaqı-Azərbaycan münasibətlərinə verdiyi dəstəyə görə ölkənizə minnətdarıq və ümid edirəm ki, qarşıdakı aylarda və illərdə bizi çoxlu yeniliklər gözləyir. Əminəm ki, səfərdən sonra biz iqtisadi sahədə daha fəal əməkdaşlığın şahidi olacağıq, çünki enerji layihələri bizim ölkələri daha da əlaqələndirəcək və əlaqələrimiz davamlı inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir".

İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta çıxış edərək dedi: "Məndə belə bir hiss vardır ki, bu gün İtaliya ilə Azərbaycan arasında münasibətlər dəyişir. Mən bunu məmnuniyyətlə qeyd edirəm. Bu gün biz münasibətlərimizin əsasını qoyuruq və bu da əlaqələrimizin gələcəyi üçün çox əhəmiyyətlidir. Bu, bizim üçün çox əhəmiyyətlidir. Bizim gördüyümüz işlərə marağımız böyükdür və bu, gələcəkdə də belə olacaqdır. Gələcək əməkdaşlığımız enerji sahəsindən başlayacaq və əminəm ki, əlaqələrimiz enerji ilə yanaşı, müxtəlif nikbin və konkret sahələri də əhatə edəcəkdir. Düşünürəm ki, bizim indi ikitərəfli gündəliyimiz vardır və biz gündəliyimizə əsasən müəyyən etdik ki, ölkələrimiz ilk növbədə enerji və əlbəttə, iqtisadi, eləcə də siyasi və mədəniyyət sahələrində birlikdə çalışmağa hazırdır. Sizin 2015-ci ildə tərəfimizdən keçiriləcək sərgidə iştirakla bağlı verdiyiniz qərar güclü iradə və dostluğun çox əhəmiyyətli göstəricisidir. Əlbəttə, mən çox şadam ki, gələcəkdə italiyalılar Azərbaycanı daha yaxşı tanıyacaqlar. Mənim bu gün buraya səfərim italyanlara Azərbaycanın necə bir ölkə olduğunu, eyni zamanda, bizim tərəfdaşlığımızın necə bir strateji tərəfdaşlıq daşıdığını anlamağa kömək edəcəkdir. Bilirəm ki, ölkələr arasındakı strateji əlaqələr hökumətlər və təşkilatların işləməsini tələb edir. Eyni zamanda, onu da bilirəm ki, şəxsi münasibətlər də buna öz töhfəsini verəcəkdir. Əminəm ki, bu gün müzakirə etdiyimiz məsələlər və onların həlli yolları, eləcə də hərbi, NATO, Əfqanıstan və digər mühüm sahələrdə əməkdaşlıqla bağlı fikirlərimiz mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının bir hissəsi olaraq biz Azərbaycanın dostuyuq. Biz məsələlərin müsbət həllini tapmağa çalışacağıq. Biz yenidən Vilnüsdə görüşəcəyik və ümid edirəm ki, Vilnüs toplantısı yeni nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir".

AzVision.az


Teqlər:  





Xəbər lenti