Azərbaycan və Avropa İttifaqı arasında viza tamamilə ləğv oluna bilər

 Azərbaycan və Avropa İttifaqı arasında viza tamamilə ləğv oluna bilər
  13 Avqust 2013    Oxunub:1841
Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında viza rejimininin sadələşdirilməsindən sonra növbəti addım onun tamamilə ləğvi ola bilər.
Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında viza rejimininin sadələşdirilməsindən sonra növbəti addım onun tamamilə ləğvi ola bilər. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Tərəflər Litvanın paytaxtı Vilnüsdə 2013-cü ilin noyabrın 28-29-da keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin üçüncü sammitinin gedişi zamanı viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasına hazırlaşırlar.

Məmmədquliyevin sözlərinə görə, sadələşdirilmiş rejim sazişin imzalanmasından və qüvvəyə minməsindən dərhal sonra tətbiq edilməyə başlanılacaq.

Məmmədquliyev bildirib: "İmzalanmadan sonra Azərbaycan Milli Məclisi (Parlamenti) və Avropa Parlamentində daxil olmaqla ratifikasiya prosedurları başlayacaq. Bundan əlavə Şengen zonasına daxil olan, lakin Aİ-yə üzv olmayan ölkələrlə (Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn) də ikitərəfli sazişlər imzalanmalıdır. Eyni zamanda Aİ-yə üzv ölkələrlə ayrı-ayrılıqda sazişlərin imzalanmasına ehtiyac yoxdur".
Nazir müavinin sözlərinə görə, Azərbaycan və Aİ artıq bu sazişin şamil ediləcəyi şəxslərin kateqoriyasını razılaşdırıblar.

Məmmədquliyev bildirib: "Saziş şəxslərin kifayət qədər geniş siyahısını əhatə edəcək: ilk növbədə təhsil və biznes xətti ilə ölkəni tərk edən vətəndaşları. Prinsip etibarı ilə saziş vətəndaşların yetərincə geniş dairəsinə şamil ediləcək. Azərbaycan və Aİ arasında sazişin reallaşdırılması normal getsə, onda bunun ardınca bizim viza münasibətlərimizdə tamamilə liberallaşdırılma gedəcək, yəni ikinci mərhələ viza rejiminin ləğvi olacaq".(Trend)


Teqlər:  





Xəbər lenti