Putin: `Biz iri oyunçularıq`

Putin: `Biz iri oyunçularıq`
  14 Avqust 2013    Oxunub:1373
Avqustun 13-də Azərbaycan-Rusiya sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev deyib ki, bu səfər bizim münasibətlərimizin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirir: “Səfər çərçivəsində biz münasibətlərimizin çox geniş gündəliyini nəzərdən keçirdik, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etdik və münasibətlərimizin gələcək inkişaf yollarını qeyd etdik”.

Prezident bildirib ki, siyasi sahədə münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq: “Biz beynəlxalq təşkilatlarda dostlar, tərəfdaşlar kimi əməkdaşlıq edirik. Bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Biz bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyirik və gələcəkdə də beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək siyasətini davam etdirəcəyik”.

Dövlət başçısının sözlərinə görə, onlar regional problemləri də, ilk növbədə, regional təhlükəsizlik məsələlərini, Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə ediblər. “Bu məsələnin tezliklə həll edilməsi regionun bütün ölkələrinin maraqlarına uyğundur. Bu məsələnin həlli tarixi ədalətə, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına və qətnamələrinə əsaslanmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin tənzimlənməsi məsələlərində mühüm rol oynayır. Bir daha qeyd etmək istəyirəm ki, münaqişənin tezliklə tənzimlənməsi regionda sabitliyə, müəyyənliyə və əməkdaşlığa gətirib çıxarar”,- deyə o vurğulayıb.

Prezidentlər energetika məsələlərini də müzakirə ediblər. “Neft-qaz əməliyyatları sahəsində mühüm sazişlər imzalanıb. Bu gün imzalanmış sazişlər Rusiyanın və Azərbaycanın dövlət strukturları arasında neft-qaz sahəsində əməkdaşlığın yeni səhifəsidir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu və səmərəli olacaq. Ölkələrimiz enerji resurslarının istehsalçıları və ixracatçılarıdır. Təbii ki, maraqlarımız üst-üstə düşür. Güman edirəm ki, regional energetika problemləri çərçivəsində çox şey bizim fəal qarşılıqlı əlaqələrimizdən, səylərimizi əlaqələndirməyimizdən asılı olacaq. Biz qəti surətdə əməkdaşlıq, iqtisadi və siyasi inkişafın bu mühüm istiqamətində Rusiya ilə qarşılıqlı əlaqələri möhkəmləndirmək əzmindəyik”,- deyə İlham Əliyev bildirib.

“Hesab edirəm ki, humanitar sahədə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər. Bir daha, mətbuatın qarşısında yanında bizim nə barədə danışdığımızı qeyd etməliyəm: Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 335 məktəb var. Bu məktəblərin 15-də tədris sırf rus dilindədir, bizim 27 universitetdə rus dilində tədris aparılır. Tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur. Bu, bizim rus dilinə, rus mədəniyyətinə, rus ədəbiyyatına münasibətimizin mühüm göstəricisidir. Azərbaycanda keçmişin bütün müsbət ənənələri qayğı ilə qorunub saxlanılır. Əlbəttə, münasibətlərimizin bugünkü dinamik inkişafı humanitar sahədə yaxşı nəticələrə şərait yaradır. Humanitar sahədə əməkdaşlıq çox güman ki, bizim münasibətlərimizin – dostluq, mehriban qonşuluq, qarşılıqlı maraqlara, hörmətə, etimada söykənən, proqnozlaşdırıla bilən və sabit münasibətlərin əsasıdır”- deyə İlham Əliyev bildirib.


Vladimir Putin deyib ki, Azərbaycan Rusiyanın çoxdankı, ənənəvi və etibarlı tərəfdaşıdır: “Biz Qafqaz regionunda, Xəzər regionunda, MDB çərçivəsində, aparıcı beynəlxalq strukturlarda sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu əməkdaşlığın əsası ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında möhkəm dostluq, qarşılıqlı hörmət ənənələridir. Biz Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlığının mühüm istiqamətlərini ətraflı müzakirə etdik, onun gələcək inkişafına, ilk növbədə, əlbəttə, ticari-iqtisadi sahədə inkişafa dair planlar cızdıq. Bununla əlaqədar qeyd edə bilərəm ki, dünya iqtisadiyyatında məlum tənəzzülə baxmayaraq, bizim ticari münasibətlərimiz inkişaf edir, özü də uğurla inkişaf edir. Keçən il bu sahədə artım, müxtəlif hesablamalara görə 37 faizdən 47 faizə qədər olmuşdur. Bu, indiki dövrdə ölkələrimiz arasında münasibətlərdə aşkar görünən rekordlardan biridir”.

Rusiya prezidenti deyib ki, ölkəsi ənənəvi olaraq Azərbaycan ilə ticarət dövriyyəsində aparıcı yerlərdən birini tutur: “Biz ikinci yerdəyik. Birinci yeri İtaliya tutur. Lakin biz yaxşı bilirik ki, bu, əsasən İtaliya və Avropa bazarına karbohidrogen xammalı satışı hesabına yaranmışdır, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi isə qat-qat artıq dərəcədə tarazlaşmış, mütəxəssislərin təbirincə desək, nəcib xarakter daşıyır. Burada maşınlar, avadanlıq, ərzaq, bir sözlə, həm Azərbaycan iqtisadiyyatı üçün, həm də Rusiya Federasiyasının iqtisadiyyatı üçün həyati əhəmiyyətli məhsullardan söhbət gedir. Bu cür yüksək göstəricilər əldə edilməsinə regionlararası və sərhədyanı intensiv əlaqələr çox kömək edir. Bunu demək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır.
Qeyd etməliyəm ki, Azərbaycanda 500-dən çox Rusiya şirkəti işləyir, onların fəaliyyəti sosial-iqtisadi inkişaf üçün ən mühüm sahələrin geniş spektrini əhatə edir – yanacaq-energetika kompleksi, avtomobil sənayesi, maliyyə, sığorta fəaliyyəti, səhiyyə. Yaxşı məlumdur ki, bunlar faktiki məişət səviyyəsidir, lakin əslində böyük iqtisadi əhəmiyyət kəsb edir. Hamı yaxşı bilir ki, Rusiyada kifayət qədər çoxlu Azərbaycan vətəndaşı işləyir, onların sayı bir milyondan artıqdır, Rusiya vətəndaşlığı olan azərbaycanlıları da nəzərə alsaq bu, iki milyondan çoxdur”.

Putin bildirib ki, Rusiya və Azərbaycan energetika sahəsində iri beynəlxalq oyunçulardır: “Bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlıq da həyata keçiririk. İndi hamısını təkrarlamayacağam, bu sahədə işlərin həcmi çox böyükdür və getdikcə genişlənir. Siz indicə Rusiyanın “Rosneft” dövlət şirkəti ilə Azərbaycanın müvafiq tərəfdaşları arasında sazişlərin imzalanmasında iştirak etdiniz. Yanacaq-energetika kompleksi sahəsində kooperasiyanın yeni istiqamətləri və formatları mənimsənilir. Bildiyiniz kimi, mən bunu artıq demişdim, bu gün sazişlər imzalanıb, lakin onların 15 il, bəlkə də 20 il üçün perspektivi var. Yəni, qarşıdakı uzun illər üçün əməkdaşlığa yaxşı baza hazırlanır”.

Humanitar əlaqələrə toxunan Putin qeyd edib ki, səfər çərçivəsində 2015-ci ilə qədər olan dövrdə bu sahədə dövlətlərarası əməkdaşlıq proqramı təsdiq edilib. Biz oktyabrın 31-dən noyabrın 1–dək Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərini müzakirə etdik. Əminliklə demək olar ki, 2011-ci ildən bəri nisbətən qısa dövr ərzində bu forum ictimai həyatda çox böyük hadisəyə çevrilib”.

Qarabağ problemilə bağlı Putin deyib ki, bu münaqişə yalnız siyasi vasitələrlə tənzimlənə bilər və Rusiya münaqişənin tezliklə tənzimlənməsinə fəal kömək edir.


Teqlər:





Xəbər lenti