Təhsil Nazirliyi yalançı KİV-ləri ifşa etdi

Təhsil Nazirliyi yalançı KİV-ləri ifşa etdi
  14 Avqust 2013    Oxunub:1217
Təhsil Nazirliyi nazirliyə istinad edib yalnış məlumatlar yayan mətbu orqanları ifşa etdi.
Son günlər bəzi kütləvi informasiya vasitələrində Təhsil Nazirliyinə “istinad edilərək” həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Belə ki, bir sıra KİV-də Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilməsi ilə bağlı yanlış informasiyalar yer almışdır.

Təhsil Nazirliyi heç bir əsası olmayan belə məlumatları təkzib edir və reallıqdan uzaq informasiyaların yayılmasının yolverilməz olduğunu nəzərə çatdırır.
Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir.

Qeyd edək ki, Təhsil Nazirliyi KİV-lə əməkdaşlığın şəffaflıq və qarşılıqlı hörmət əsasında təşəkkül tapmasına çalışır. Təəssüflə bildiririk ki, bəzən KİV-də sensasiya naminə mənbəyi məlum olmayan məlumatlara da təsadüf edilir. Təhsil Nazirliyi belə arzuolunmaz hallara yol verən kütləvi informasiya vasitələrini məsuliyyətli olmağa və mövcud əlaqələri daha da inkişaf etdirməyə çağırır.

Təhsil Nazirliyi səlahiyyətlərinə aid olan bütün məsələlərlə bağlı çevik və açıq informasiya siyasətinə sadiqdir. Nazirliyə mütəmadi olaraq kütləvi informasiya vasitələrindən yazılı şəkildə daxil olan sorğular operativ cavablandırılır və cavablar rəsmi internet səhifəsində yerləşdirilir.

Bir daha qeyd edək ki, Təhsil Nazirliyi bundan sonra da fəaliyyətinə dair bütün sualları cavablandırmağa və kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığa hazır olduğunu bildirir.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti