Zahid Oruc prezidentliyə namizədliyindən danışdı

Zahid Oruc prezidentliyə namizədliyindən danışdı
  14 Avqust 2013    Oxunub:1804
Millət vəkili, prezidentliyə namizəd Zahid Oruc AzVision.az-a səs-küyə səbəb olan namizədliyindən danışıb.
Deputatın sözlərinə görə, siyasəti yalnız ağ və qara rənglərlə təsvir etmək yalnış bir addımdır :

“Hesab edirəm ki, siyasi spektr çoxlu rənglərdən ibarətdir. Vətəndaş Heydər Əliyev kimi nəhəng qurucunun sistemini tanıyır. Onun ölkə qarşısındakı xidmətlərinə hörmətlə yanaşır. Bununla yanaşı, öz sosial həyatını fərqli qaydada qurulmağının ehtiyacındadır. O, düşünür ki, qanunlarla yaşasa ölkəsi güclü olar, hüquqa dayandığı təqdirdə, cəmiyyətdəki münasibətlər sistemi daha da əlamətdar olar. O, arzulayır ki, məmur vətəndaş yanaşması çox fərqli olsun. Öz ölkəsinə güvənclə yanaşsın, kreditə əli çatsın, hüquqları hər hansı bir səviyyədə pozulmasın, maliyyə şəffaflığı, məmur hesabatlığı bərqərar olsun. Hansısa bir inqilabi ssenariləri burada təcrübədən keçirməsinlər. Mən bir parlament üzvü kimi bunları seçkilərdə ifadə etməyə çalışacam. Önəmli olan budur. Burada kiməsə rəqib olmaq, kiminsə yanında durmaq önəmli deyil. Bu, öz-özlüyündə fiziki mübarizə olardı. İntellektual savaş olmalıdır”.

Z.Oruc sonrakı mərhələdə, təbliğat və təşviqat mərhələsində də iştirak edəcəyini deyib : “Seçki qərargahını formalaşdırıb, imzatoplama və digər tələbləri gerçəkləşdirməyə ümidvarıq. Ondan sonrakı mərhələdə də təbliğat və təşviqat kampaniyasında iştirak edəcəyəm”.

Deputat qeyd edib ki, seçki bir sorğudur :

“Hamının qiymətlənməyə ehtiyacı var. Hər kəs cəmiyyətin ona münasibətini yoxlamaq istəyir, seçki bir sorğudur, sadəcə mili miqyasda qiymətləndirilməlidir. Burada münsif olub demək ki, kim namizədliyə layiqdir, bu, yalnış qərar olardı. Əgər Azərbaycanın lideri dünən Rusiya kimi nəhəng bir dövlətin prezidentini bu regiona gətirdirsə və böyük müqavilələr imzalanırsa, bunu necə tanımamaq olar. Əgər, sən yalnız müxalif baxışlıyam deyib, bir kursu tanımırsansa, bu özlüyündə cəmiyyət üçün böyük təhlükə vəd edir. Tutaq ki, İsa Qəmbər mərhum Heydər Əliyevin Fəxri Xiyabandakı heykəlinin qarşısında baş əysə bu onu müxalif kursundan, bir partiya başçılığının daşıdığı dəyərlərdən çıxaracaq? Xeyir. Əslində, çıxarmamalıdır. Çünki Atatürkün qarşısında, Cümhüriyyət Xalq Partiyasın rəhbəri, Milli Hərəkatın lideri də baş əyirlər. Bu, onların dövlət sistemi tanınır.

Azərbaycanda baxışlar sistemini elə qurmuşuq ki, iqtidarı müdafiə edən insanın sanki hansısa problemi deməsi, avtomatik bu kursa xəyanət kimi dəyərləndirilə bilər. Yaxud əks düşərgənin təmsilçisi bir uğuru tanıyarsa, az qala deyilir ki, həmin kursdan uzaqlaşdırılsın. Bu da siyasi həyatımızı çox dar bir çərçivəyə salır”.

Nihadə EYYUBOVA


Teqlər:  





Xəbər lenti