İlham Əliyev yeni avtovağzalın açılışında iştirak edib

İlham Əliyev yeni avtovağzalın açılışında iştirak edib
  14 Avqust 2013    Oxunub:1287
Avqustun 14-də İsmayıllı şəhərində yeni avtovağzal istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtovağzalın açılışında iştirak edib.

Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.

Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi əhəmiyyəti vardır. Avtovağzalların yaradılması həm də bölgələrin inkişafına töhfə verir. Müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunmuşdur. İsmayıllı şəhərində tikilən yeni avtovağzal da ən müasir tələblər səviyyəsindədir.

Məlumat verildi ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanıb. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilib. Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılıb. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılıb. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilib.

Bildirildi ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcəkdir. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunub.

Dövlətimizin başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxdı.

Prezident İlham Əliyev avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirdi.


Teqlər:  





Xəbər lenti