Prezident Heydər Əliyev Mərkəzinin açılışında
Dövlətimizin başçısı əvvəlcə Qəbələ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon sakinləri adından çıxış edən Arifə Babayevə Qəbələnin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, 1200 yerlik Heydər Əliyev Konqres Mərkəzi Qəbələ şəhərində, Qaraçay çayının sahilində yerləşir və ərazisinin ümumi sahəsi 8,5 hektardır.
Mərkəzin layihələndirmə və tikinti işlərinə 2012-ci ilin mayından başlanılmış və bu ilin iyulunda başa çatdırılıb. Bina üç mərtəbədən və 4,2 metr dərinliyində zirzəmidən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Mərkəzdə 6 qüllə və zalın üzərində diametri 20 metr, hündürlüyü isə zalın döşəmə səviyyəsindən 13 metr olan günbəz düzəldilmişdir. İsveçrə istehsalı olan və səstənzimləmə xassələrinə malik materialdan istifadə olunaraq hazırlanan bu günbəz zalda akustikanın tənzimlənməsinə xidmət edir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir.
Prezident İlham Əliyev konfrans zalı ilə tanış oldu.
Bundan başqa, burada 92 kvadratmetrlik səhnə, VİP və mühafizə otaqları, incəsənət ustaları və media işçiləri üçün otaqlar, geniş foye yerləşir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas və s. üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Kreslolar İspaniyanın Barselona şəhərindəki "Fiquleras" şirkəti tərəfindən hazırlanıb. Zalın səhnə hissəsi qalxıb-enən platforma üzərində quraşdırılıb. Burada sinxron tərcümə üçün xüsusi avadanlıqla təchiz olunan 6 tərcüməçi kabinəsi, habelə müşahidə və zalın avtomatik idarəetmə məntəqəsi vardır. Konfrans zalında mükəmməl səsləndirmə sistemi quraşdırılmışdır ki, bu da tədbirin təyinatından asılı olaraq səsləndirməni həm konfranslar, həm də konsert-əyləncə tədbirləri üçün tənzimləməyə imkan verir. Mərkəzin üçüncü mərtəbəsində isə antressol hissə yerləşir. Binanın zirzəmisində ATS, yanğınsöndürmə otağı, anbar, avtomobillər üçün dayanacaq, media işçiləri üçün otaq və foye yerləşir. Binada 18 metrlik eskalator və liftlər quraşdırılıb. Konqres Mərkəzinin ərazisində 140 yerlik yeraltı qaraj tikilib. Qarajın üstündə bayraq meydanı və dekorativ yaşıllıq salınıb. Qaraj iki hissədən ibarətdir. Birinci hissədə minik avtomobilləri, ikinci hissədə isə avtobuslar yerləşdiriləcək. Binanın dam örtüyü və qüllələr Almaniyada istehsal edilmiş mis təbəqə ilə örtülüb. Həmçinin 9 ballıq seysmik normanın tələblərinə uyğun olaraq antiseysmik və deformasiya tikişləri və digər konstruktiv tədbirlər nəzərdə tutulub. Ərazidə istirahət üçün yerlər, terraslar və s. yaradılmışdır. Avtomobillərin maneəsiz hərəkətini təmin etmək üçün binaya üç istiqamətdən giriş yolları çəkilmişdir. Binanın önündə, çay üzərində eni 24 metr, uzunluğu 42 metr, yükgötürmə qabiliyyəti 100 tona qədər olan körpü tikilib. Qaraçay çayının obyektin ərazisindən axan hissəsinə sahil boyunca çay daşları düzülüb. Bina və binaətrafı ərazi tam elektron video nəzarətinə alınıb. Yanğına qarşı və yaşıllığın suvarılması üçün nəzərdə tutulan iki yeraltı su hovuzu tikilib. Qaraj və konfrans zalı yanğına qarşı xüsusi sprinklerlərlə təchiz edilib. Eyni zamanda, bina müasir daxili və xarici mühafizə siqnalizasiya və yanğınsöndürmə sistemləri ilə təchiz edilib.
Qeyd olundu ki, ikinci mərhələ üçün nəzərdə tutulmuş göl və gölətrafı sahə yenidən qurulacaq. Bu sahə 3 hektar ərazini əhatə edir. Gölətrafı sahədə abadlaşdırma işləri, gölün suyunun bərpası, yaşıllaşdırma işləri yerinə yetiriləcəkdir. İri və xırda dekorativ ağaclar əkiləcək, fontanlar quraşdırılacaq.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.
AzVision.az