Türkdilli dövlətlər Qəbələdə əməkdaşlıq protokolu imzalayıb

 Türkdilli dövlətlər Qəbələdə əməkdaşlıq protokolu imzalayıb
  15 Avqust 2013    Oxunub:1026
Avqustun 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşü çərçivəsində Qəbələdə Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edib. Toplantıda türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyətinə dair perspektivlər müzakirə edilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov, Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Xəlil Akınçı, TürkPA-nın baş katibi Ramil Həsənov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Akademiyasının direktoru Şakir İbrayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış ediblər.

Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən dost və qardaş ölkələrin nümayəndə heyətlərini və təşkilatla əlaqəli işləyən qurumların təmsilçilərini salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Elmar Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi Xarici İşlər Nazirləri Şurası Katibliyinin fəaliyyətini dəstəkləyir və Təşkilatın Katibliyindən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişaf strategiyasının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutan yeni və əsaslı təkliflər gözləyir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəbələdə XİN Şurasının növbəti iclasının yüksək səviyyədə təşkil edildiyini bildirib, təşkilatın işinə uğurlar arzu edib. O, regional əlaqələndirmənin möhkəmləndirilməsinə yönəlib və birgə əməkdaşlığın təbliği məqsədi ilə göstərilən səyləri yüksək qiymətləndirib.

Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb. Zirvə görüşündə qəbul olunacaq qərarların açıqlanması ilə bağlı 16 avqust 2013-cü il tarixdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Xəlil Akınçı tərəfindən mətbuat konfransının keçirilməsi planlaşdırılır. Xarici işlər nazirlərinin görüşündə qəbul edilən qərarlar təsdiq üçün avqustun 16-da dövlət başçılarının görüşünə təqdim olunacaq.

Xatırladaq ki, avqustun 14-də xarici işlər nazirliklərinin yüksək vəzifəli məmurlar komitəsinin iclası keçirilib.


Teqlər:





Xəbər lenti