Prezidentlər konsertdə olublar
Konsertdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Abdullah Gülə və Qırğızıstan Prezidenti Almazbek Atambayevə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə xatirə hədiyyələri təqdim olunub.
Sonra Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri qısa söhbət edbilər.
Salona toplaşanlar dövlət başçıları İlham Əliyevi, Abdullah Gülü və Almazbek Atambayevi hərarətlə qarşılayıblar.
Konsertdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında türkdilli xalqların musiqiləri səslənib.
Hazırda türkdilli ölkələr arasında mədəniyyət məsələlərinə böyük diqqət göstərilir. Bu sahədə əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilmişdir. Təsadüfi deyildir ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri mütəmadi olaraq vurğulanır. Bu prosesə türkdilli dövlətlərin ortaq təşkilatı olan TÜRKSOY da öz töhfəsini verir. Təşkilatın xətti ilə hər il türkdilli ölkələrin müxtəlif şəhərlərində reallaşan tədbirlər xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da türkdilli ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə layiqli töhfələr verir.(Trend)