Ara qarışdı, Rüstəm itdi

Ara qarışdı, Rüstəm itdi
  17 Avqust 2013    Oxunub:1248
Rüstəm İbrahimbəyov indi də prosesdən çıxmaq üçün ssenarilər yazır
Bakı meriyası Milli Şuranın bazar günü keçirmək istədiyi mitinqə razılıq verib. İndi qalır, onu reallaşdırmaq və aksiyanın məqsədinə nail olmaq. Bu mümkün olacaqmı? 18 avqust mitinqi Milli Şuranın düşdüyü seytnotdan çıxmaq üçün nəzərdə tutulub. Qalmaqallı və nəticəsiz 12 avqust sessiyasından cəmiyyətə nəsə müsbət mesajla çıxmaq lazım idi, əks halda müxalifət üçün bu tarix Milli Şuranın sonu olardı.

Həmin toplantıda müxalifət qarşısına qoyduğu məqsədə nail olmadı. Nə Milli Şuranın ehtiyat namizədi, nə də seçkilərə necə gediləcəyi ilə bağlı suala cavab tapılmadı. Əksinə, MŞ-da qruplaşmaların varlığı üzə çıxdı, onlar mövqelərini diqtə etməyə başladılar.

12 avqustdan 2 gün əvvəl AXCP Ali Məclisi sessiyasında Milli Şuraya təkliflər verdi. Partiya ehtiyat namizədin müəyyənləşdirilməsini, AXCP sədrinin də konsensusla namizəd olmasının mümkünlüyünü açıqlamışdı. Amma cəmi bir gün sonra Rüstəm İbrahimbəyov buna tam əks olan bəyanat verdi, bildirdi ki, MŞ-dakı partiyalar öz namizədləri ilə seçkilərə gedib sonda birinin xeyrinə geri götürsünlər.

Müsavatın mövqeyi ikili oldu, İsa Qəmbər həm AXCP-nin mövqeyini, həm də İbrahimbəyovun təklif etdiyi variantı prioritet kimi qəbul edə biləcəyini açıqladı. 12 avqust toplantsınıda hər iki partiya əks mənzərə ilə qarşılaşdı. «EL» Hərəkatı, ALP, ACP və KXCP vahid mövqedən çıxış edərərk Milli Şuranın ehtiyat namizədinin müəyyənləşdirilməsinə qarşı çıxdılar. Onlar tələb edirlər ki, İbrahimbəyov sona qədər vahid namizəd kimi qalmalıdır. Saatlarla davam edən nəticəsiz müzakirədən sonra qərara alınıb ki, Milli Şuranın avqustun 19-a təyin olunan sessiyasında bu məsələyə yenidən qayıtsınlar. Amma daxili qruplaşmalar bu tarixi gözləmədən öz mövqelərini artıq müəyyənləşdiriblər. Beləliklə KXCP, «EL», ACP və ALP Rüstəm İbrahimbəyovun «məsləhəti» ilə Eldar Namazovun namizədliyini dəstəkləməyə qərarlaşdırıb, Müsavat Partiyası «EL» rəhbərini dəstəkləməkdən imtina edir və seçkilərə Milli Şuradan kənar öz namizədi ilə qatılmağa üstünlük verir. AXCP isə nə İsa Qəmbərə, nə də Eldar Namazova dəstək vermir və seçkiləri boykot etməyi üstün tutur. Bu, faktiki Milli Şuranın parçalanması deməkdir.

İbrahiməbyov Milli Şuranın dağılmasına rəvac verən bu addımı niyə atdı? Müxalifət daha bir namizəd müəyyənləşdirmək imkanı olduğu halda niyə potensialından istifadə etmək istəmədi? Əlbəttə, bu yolun uğursuz olduğu bəribaşdan məlumdur, seçkiqabağı seytnota düşən müxalifət ən yaxşı halda yeni vahid namizədlə prosesdə iştirak etməklə düşdüyü ağır durumu nisbətən pərdələyə bilərdi.

Milli Şura sədrinin dağıdıcı yolu seçməsi qurumun özündə müxtəlif cür qiymətləndirilir. R.İbrahimbəyovun hətta tezliklə prosesdən çəkilmək üçün bu addımı atdığı qənaətinə gələnlər var. MŞ rəhbəri son açıqlamalarında da həvəssiz olduğu, Rusiya prezidentinin sərəncamından başqa bir şeyə ümid etmədiyini nümayiş etdirir. Müşahidəçilərin fikrincə, yaxın günlərdə R.İbrahimbəyovun Rusiya vətəndaşlığı ləğv oluna bilər, amma artıq qatar gedib. Milli Şuranın və onun namizədinin cəmiyyətdə yaratdığı ümidlər özü boyda pessimizimlə əvəzlənib. Rusiya faktorunun həlledici amilə çevrilməsi, V.Putinin Bakıya səfəri, Qərb strukturlarının seçki prosesini nəzəratəsiz buraxması cəmiyyətdə dəyişikliklərə ümidləri öldürüb.

Milli Şuranın yaranmamış qalmaqallarla əhatə olunması, öz potensialının nədən ibarət olduğunu cəmiyyətə göstərə bilməməsi, namizədin düşyüdü arzuolunmaz vəziyyət də seçkilərə az qalmış öz sözünü deyir. İbrahimbəyov uğursuzluğu gözəl anlayır və məsuliyyətini partiyaların üzərinə atıb, kənara çəkilməyi düşünür.

Bu şəraitdə mitinq qəranının verilməsi olduqca risqli addımdır. Çünki dəyişikliklərə inamın itməsi, namizədin olmaması, qeyri müəyyənlik şəraitində bu aksiyaya cəmiyyətdən diqqətin olacağını gözləmək absurddur. Elə Milli Şura üzvlərinin mitinqə barmaqarası yanaşması da bunun bariz sübutudur. Sosial şəbəkələrdə AXCP fəallarını və bəzi ictimai xadimləri isitisna etsək mitinqlə bağlı təbliğat-təşviqat kampaniyasında digər partiyaların nümayəndələri iştirak etmir. Facebbokda aksiyaya dəvət olunan 50 mindən artıq istifadəçidən yalnız 2 minə yaxını müsbət cavab verməsi də 18 avqust mitinqinin sosial sifarişdən doğmadığını ortaya qoyur.

Bundan sonrakı proseslərdə bu aksiyanın rolu həlledici olacaq, daha doğrusu, Milli Şura son «kozurunu» oynamaqla ölüm, yoxsa qalım labrinti arasında seçim edəcək. Mitinqin izdihaimlı alınacağı yuxarıda göstərdiyimz səbəblərdən olduqca az ehtimallıdır. Bu təqdirdə Milli Şura cəmiyyətlə dürüst davranıb özünü buraxmalıdır, hər partiya öz yolu ilə getməyə, növbəti mərhələyə hazırlaşmağı seçməlidir. Mlli Şuranın ağır məsuliyyətini çiyinlərinə alıb onun uğursuzluqlarını sona qədər kürəyində daşımaq iddiasında olan partiya az keçməmiş dizləri bükülərək çökəcək.

Nəzəri cəhətdən yanaşsaq, aksiyanın izdihamlı alınması proseslərin istiqamətini bir qədər dəyişə bilər. Bu zaman Milli Şuranın vahid namizədi idiyası yenidən dirçələ bilər, amma böyük zaman itkisində müxalifətin intriqaları kənara qoyub çevik qərarlar qəbul etməsi real görünmür.(“Bizim Yol”)


Teqlər:  





Xəbər lenti