`Bu, radikalizmin iflasıdır` - MÜNASİBƏT

`Bu, radikalizmin iflasıdır` -  MÜNASİBƏT
  19 Avqust 2013    Oxunub:1186
“Milli Şuranın ötən gün keçirdiyi mitinqdə uzaqbaşı 500 nəfər olardı. Biz də belə proqnozlaşdırırdıq”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Milli Şuranın dünən 20-ci sahədə keçirdiyi mitinqi şərh edərkən bildirib.

O hesab edir ki, bu mitinq Milli Şura adlanan qurumun iflası oldu:

“Bu, bütövlükdə radikalizmin iflasıdır. Müxalifətin radikal qanadının sosial dayağının olmadığının bariz nümunəsidir. Biz o mitinqi müşahidə etmişik və müşahidələrimiz göstərir ki, o mitinqə toplaşanlar yalnız Milli Şurada olan və onların az sayda tərəfdarları idi”.

YAP rəsmisi vurğulayıb ki, mitinq iştirakçıları məhdud sayda olub: “Təsəvvür edin böyük bir şəhərdə iddiası böyük olan bir qurum qanuni şəkildə mitinq keçirir və burada da 500 adam iştirak edir. Həmin 500 nəfərin içərisində də jurnalistlər var, təsadüfən orada olan adamlar var, bütövlükdə çox məhdud sayda adam mitinq iştirakçısı olub”.

Özünün şəxsən müşahidəsinə gəlincə isə o bildirib ki, müşahidə aparan adamlar var idi və onlar vasitəsilə ötən günkü aksiya ilə bağlı məlumatlar əldə edib:

“Həmin foto, həm də video materiallarda hər şey öz əksini tapıb. Bu məlumatlara əsasən mitinq barədə fikirlərimi söyləyirəm”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti