Lotunun oynadığı loto
İndi müxalifət qəzetləri özləri də yazır ki, bəs 1 həftədir, bu Rüstəm nə görünmür, nə də telefonlara cavab verir. Heç Milli Şurada olan xanımlar və cənablardan belə, onu “gördüm” deyəni yoxdur. Bu arada məlum olub ki, sən demə, Rüstəm müəllim Milli Şuradan küsübmüş ki, onlar yaxşı işləmirlər və onu da yaxşı təbliğ etmirlərmiş. Şura daxilində isə ara qatışıb, məzhəb itib. Hərə oz sədrini, öz şefini, öz patronunu namizəd kimi irəli sürür.
Bəs görəsən zəruri olan bir vaxtda nəinki xalq içərisində olmayan, milli ruhla maraqlanmayan, heç suallari telefonda cavablandırmağa da “vaxt” tapa bilməyən namizəd dövləti idarə etməyə vaxt tapacaqmı? Siyasi fəaliyyətdən kənar, siyasi leksikona malik olmayan İbrahimbəyov bəlkə də siyasi fikir mübadiləsi aparmaq qabiliyyətinə malik olmadığı üçün bu suallardan qaçır. Bəs bu qaçış nə vaxta kimi davam edəcək?.. Əgər bu məsuliyyəti daşıya bilmirdisə, nə üçün namizəd kimi irəli sürülən zaman bu təklifi rədd etmədi?
Bu dəfə İbrahimbəyovun filmi bir qədər qarışıq, fantastik olacaq deyəsən. Maraqlısı da odur ki, bu filmdə İbrahimbəyov özü də aktyor qismində çıxış edir, rejissor isə milli birliyə xələl gətirməyə çalışan, ölkədaxili ictimai-siyasi sabitliyi pozmağa cəhd edən bir qrup antimilli, antidemokratik və düşmən qüvvələrdir… Və bu gedişlə Milli Şura “qeyri-adi fəaliyyət planları” ilə nəinki lazım olan dəstəyi ala bilməyəcək, həmçinin seçkilərə qədər mövcudluğunu belə sual altına salacaq.
“Vahid namizəd”dən, “demokratik birlik”dən danışan Şura heç müxalif blokun birliyinə də nail ola bilmədi. Seçkilərə az bir vaxt qalmış “vahid namizəd”in seçilməsi məsələsində mövcud boşluq özünü doğrultdu. Namizəd isə hələ Rusiyadadır… Hadisələrlə bağlı nə bir mövqe sərgiləyir, nə də vətənə gəlir. Yəqin kino çəkilişlərilə məşğuldur. “Yəqin” deyəndə ki ,sən demə, Rüstəm müəllim həqiqətən də bu müddət ərzində bir film çəkib və indi də onun montajıyla məşğul imiş. "Müsahibə verməyə vaxtım yoxdur. Montajla məşğulam. Sonra zəng edin" - bu sözləri də "Yeni Müsavat"ın müxbirinə müxalifətin vahid namizədi olan Rüstəm İbrahimbəyov deyib. Seçkiyə ay yarım vaxt qalıb, amma adam film montaj eləyir. Buradakılar da gözlərini döyə-döyə durub onun yolunu gözləyirlər.
Bu vurhavur, vur-çatlasındasa İbrahimbəyov mitinq təyin eləyib və tərəfdarlarını da mitinqə çağırıb. Yox canım, özü gəlməyəcək. O, film montaj eləmək kimi daha vacib işlərlə məşğuldur. İndi camaat da qalıb məəttəl ki, mitinqə getsin, ya “yox”. Digər tərəfdən də, getsə niyə getsin, nə desin, nə qışqırsın? Axı vahid namizəd yoxdur. Yalnız namizədliyə namizədlər var ki, onların da sayı bilinmir.
Bir sözlə desək, xaricdə oturub camaata "qorxmayın, mitinqə gedin” deyənlərin biri də artdı. Necə deyərlər, "qorxaq namizəd az idi, biri də gəmiylə Həştərxandan gəldi".
Teqlər: