İbrahimbəyov sənədlərindən danışdı

İbrahimbəyov sənədlərindən danışdı
  20 Avqust 2013    Oxunub:1198
“Mən ərizə yazmışam və mənə qəbz verilib”
Bu gün Milli Şuranın sədri Rüstəm İbrahimbəyov barəsində facebook sosial şəbəkəsində sensasiyalı xəbər yayılıb. Xəbərdə bildirilir ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün heç ərizə yazmayıb:

“Rusiyanın paytaxtı Moskvada, müxtəlif ünvanlarda Rüstəm İbrahimbəyova məxsus mənzillər olduğu üçün onun Rusiya vətəndaşlığından imtina etməsi həmin mənzillər üzərindəki hüquqlarını sual altına qoyduğundan Rüstəm bəy ağıllı tərpənib və vətəndaşlıqla bağlı heç hara ərizə-zad yazmayıb. Sadəcə Milli Şura daxilində biabır olmamaq üçün vaxtı uzadıb və zaman keçdikcə avtomatik başqa namizəd üzərində dayanılması üçün gözləyib. Nəticədə istədiyinə də nail olub - Milli Şura artıq alternativ namizəd barədə qərar verib. Rüstəm bəy də tam deyə bilər ki, mən çalışdım, amma vaxtımız az idi deyə alınmadı.

Əgər bu deyilənlər doğru olmasaydı, Rüstəm İbrahimbəyov çoxdan ərizə yazıb, onun bir surətini də internetdə paylaşmışdı. Kimlərinsə Vladimiz Putinə ünvanladığı müraciətlər isə hüquqi əsas sayıla bilməz, çünki vətəndaş özü öz imzası ilə müraciət etməlidir, Rüstəm İbrahimbəyov isə belə bir müraciət etməyib, ona görə də onun Rusiya vətəndaşlığından çıxarılması mümkün deyil”.

Yayılan xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün Rüstəm İbrahimbəyovla əlaqə saxladıq. Rüstəm İbrahimbəyov “Yeni Müsavat”a bildirdi ki, onun Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı ərizə yazmadığı barədə yayılan xəbər şayiədir: “Mənin prezidentliyə namizədliyimi Milli Şura iyulun 6-da irəli sürüb. Bir gün sonra mən Rusiya vətəndaşlığından çıxarılmağım üçün müvafiq hökumət komissiyasına rəsmi ərizə yazmışam. Amma ərizə ilə bərabər bir neçə sənəd də təqdim etmək lazım idi. O sənədləri əldə etmək üçün də vaxt gərək idi. Həmin sənədləri topladıqdan sonra həm həmin ərizənin, həm də digər lazımi sənədləri təqdim etmişəm. Sənədləri məndən qəbul etdikləri barədə mənə qəbz də verilib. Mən də həmin qəbizin surətini və digər lazımi sənədləri də əgər Mərkəzi Seçki Komissiyası tələb edəcəksə, oraya təqdim edilməsi üçün artıq Bakıya göndərmişəm. Ya bu gün, ya da sabah sənədlər Bakıda olacaq”. (Yeni Müsavat)




Teqlər:  





Xəbər lenti