Əsir həmyerlimiz barəsində cinayət işi qaldırıldı

Əsir həmyerlimiz barəsində cinayət işi qaldırıldı
  20 Avqust 2013    Oxunub:1198
Ermənistan sərhədçiləri tərəfindən girov götürülən azərbaycanlı barəsində sərhədi sənədsiz və icazəsiz keçmək ittihamı ilə cinayət işi başlanıb.
Ermənistan Milli Təhlükəsizlik Nazirliyi avqustun 18-də Lori vilayətinin Çoçkan kəndi yaxınlığında erməni sərhədçiləri tərəfindən saxlanılmış mənşəcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Allahverdi Pələngovla bağlı xüsusi bəyanat verib. Bu barədə AzVision.az Ermənistanın Panorama.am saytına istinadən xəbər verir.

Bəyanatda qeyd olunur ki, Allahverdi Pələngova qarşı “Cinayət Məcəlləsinin 329-cu maddəsinin 1-ci hissəsi(sərhədi sənədsiz və ya qeyri-qanuni keçmək ittihamı) ilə cinayət işi qaldırılıb”.

Bu maddə minimum əməkhaqqından 100-200 dəfə artıq cərimə və ya maksimum 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, bir müddət əvvəl Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov da onun “məsələsinin Ermənistan məhkəməsi baxacaq” deyə məlumat vermişdi. Onu da qeyd edək ki, Gürcüstanın Lori kəndində neytral zonada mal-qara otaran daha bir azərbaycanlı erməni sərhədçiləri tərəfindən qarət olunub və döyülüb. Gürcüstan tərəfinin işə qarışmasından sonra onun mal-qarası özünə qaytarılıb.

S. Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti