Ramil Usubov gənc polislərlə görüşüb
DİN mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, tədbirdə çıxış edən nazir hazırda respublikanın daxili işlər orqanlarında xidmət edən şəxsi heyətin 40 faizini, o cümlədən sıravi kiçik rəis heyətinin 51 faizini gənclərin təşkil etdiyini deyib. Nazir qedy edib ki. sıravi və kiçik rəis heyəti vəzifələrində çalışan əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğının göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir.
”Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, təkcə bu ilin ötən dövrü ərzində 1084 gənc, polis sıralarına qəbul edilərək işlə təmin edilib. Bu gün isə daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan 487 gənc, polis kimi şərəfli və məsuliyyətli bir dövlət qulluğunda fəaliyyətə məhz peşə hazırlığı kursu keçdikdən sonra başlayacaqdır”.
"Gənc əməkdaşlara çətin və şərəfli olan polis peşəsinin sirlərinin öyrədilməsi, peşəkar və bacarıqlı polis əməkdaşı formalaşdırmaq kimi bu təhsil ocağının üzərinə də böyük məsuliyyət düşür", - deyən nazir qeyd edib ki, məktəbin maddi-texniki bazası daha da yaxşılaşdırılmış, gənc əməkdaşlar üçün beynəlxalq standartlara uyğun lazımi şəraitin yaradılması təmin edilib.
Çıxışının sonunda polis sıralarına yeni qəbul edilmiş əməkdaşlara öz tələb və tövsiyələrini çatdıran nazir Ramil Usubov həmçinin onlara Vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi və Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarının qarşısında qoyduğu yüksək tələblərə uyğun fəaliyyət göstərmələrini, vətəndaşlarımızın həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə və ictimai təhlükəsizliyin nümunəvi təmin olunması kimi çətin və şərəfli vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Daxili işlər orqanlarında xidmətə yeni qəbul olunan gənc əməkdaşlar adından çıxış edən polis kiçik serjantı Səid Əliyev onlara göstərilən böyük etimada görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
AzVision.az