Qondarma Qarabağdan türkdilli dövlətlərə yersiz təklif

Qondarma Qarabağdan türkdilli dövlətlərə yersiz təklif
  21 Avqust 2013    Oxunub:1201
Abdulla Gülün TDƏŞ-in növbəti sammitlərindən birini Qarabağda keçirmək istəyi qondarma qurumda baş-ayaq anlaşılıb...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ötən həftə Qəbələdə keçirilən 3-cü sammitinin nəticələri hələ də ermənilər tərəfində müzakirə mövzusudur. Bu dəfə əks-səda işğal altındakı Xankəndindən gəlib. Separatçı rejimin sözçüsü David Babayan “Azadlıq” radiosunun erməni bölümünə açıqlamasında qurumun sammitlərindən birinin Dağlıq Qarabağda keçirilməsi üçün danışıqlara hazır olduğunu bildirib.

Qeyd edək ki, sammitin axırıncı günündə çıxış edən Türkiyə prezidenti Abdulla Gül gələcəkdə təşkilatın zirvə toplantılarından birinin Dağlıq Qarabağda keçiriləcəyinə ümid ifadə eləmişdi...
Babayan Abdulla Gülün fikirlərini öncə belə şərh edib: “Əgər Gül həqiqətən həmin tədbirin Dağlıq Qarabağda keçirilməsini istəyirsə, biz bunu müzakirəyə çıxarmağa hazırıq. Əgər rəsmi Ankara, rəsmi Bakı, digər türkdilli dövlətlər ”Arsax Respublikası"nı müstəqil və suveren dövlət kimi tanısalar və müvafiq olaraq rəsmi Stepanakertə belə bir tədbirin şəhərlərimizdən birində keçirilməsi üçün müraciət eləsələr, - necə ki, İsveçrənin Davos şəhərində tədbirlər keçirilir, - biz müraciəti müzakirə edə bilərik".
Separatçının iştahası, deyəsən, böyükdür. Üstəlik, özünü o, elə aparır ki, sanki Qəbələ sammitində qəbul edilən yekin sənəddən bixəbərdir. Unudubsa, o zaman onun yadına salaq ki, Qəbələdəki zirvə toplantısı Azərbaycanın işğal probleminə xüsusi həssasiyyətin nümayişi ilə yadda qalıb və qəbul edilən yekun sənəddə problem və onun həll yoluna baxış aydın, beynəlxalq normalara uyğun formada və ədalətli şəklində əksini tapıb.
Sənədin 13-cü bəndində bu xüsusda Ermənistan-Azərbaycan konflikti regional sabitliyə və əməkdaşlığa zərbə vuran ən böyük problem adlandırılır və deyilir: “Biz tərəflərin konfliktin sülh yolu ilə həllinə töhfə verəcək addımları dəstəkləyirik. Münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmasına tərəfdarıq”.

Göründüyü kimi, bəyannamədə Dağlıq Qarabağ yox, “Ermənistan-Azərbaycan konflikti” ifadəsi işlədilib. Yəni qonşu ölkə işğalçı kimi damğalanıb. Sənəddən həmçinin, qənaət hasil olur ki, türkdilli dövlətlər Azərbaycanın ərazi bütünlüyünə sadiqdilər, sadiq qalmaqda davam edəcəklər və separatçı rejimin müstəqilliyi heç vaxt müzakirə mövzusu olmayacaq, ermənilər bundan əllərini üzsünlər.
Bundan əlavə, Türkiyə prezidenti də eyni mövqe sərgiləyərək, Dağlıq Qarabağ ixtilafı türk dünyasının əsas problemidir və gələcəkdə belə bir sammitin azad edilmiş Dağlıq Qarabağın şəhərlərindən birində keçirilə biləcəyinə ümid ifadə eləmişdi.
Aydındır ki, söhbət azad edilmiş Qarabağdan gedir. Sitat: “Türk dünyasının bütün önəmli məsələlərinin başında Qarabağ problemi dayanır. Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış mövcud durum qəbuledilməzdir. Bu problem qısa zamanda həllini tapmalıdır”.

Hərgah, Babayan az sonra deyəsən özü də ayrı hava çaldığının və fantaziyaya qapıldığının fərqinə varıb. Yoxsa bədbincəsinə bu sözləri dilə gətirməzdi: “Əgər Gül öz bəyanatı ilə regionda qeyri-sabitliyi stimullaşdırmaq istəyirsə, bu, çox təhlükəlidir. O halda belə bəyanatlar təkcə ermənilərə deyil, beynəlxalq birliyə də ciddi düşünmək üçün əsas verir. Çünki Türkiyə NATO kimi bir sıra təşkilatların üzvüdür və onun prezidentinin belə açıqlaması Azərbaycanı provokasiyaya çəkir və ya onun hərbi müdaxiləsini ört-basdır edir”.(musavat.com)


Teqlər:





Xəbər lenti