İbrahimbəyovu Cəmil Həsənli əvəz edəcək?

İbrahimbəyovu Cəmil Həsənli əvəz edəcək?
  21 Avqust 2013    Oxunub:1230
4 təsisçi təşkilat bu günə təklif olunan sessiyaya və yeni vahid namizəd qərarına konsensus vermədi; İbrahimbəyov isə yeni namizədlə bağlı məsələni razılaşdırdığını deyir.

Milli Şura prezidentliyə vahid ehtiyat namizəd probleminin üzərində çalışmaları davam etdirir. Şura liderləri bir-biri ilə telefonla davamlı danışaraq və bilavasitə görüşərək, yaranmış böhranı qismən də olsa, həll etmək üçün məsləhətləşmələr aparırlar. Bu barədə qurumun rəhbərliyinə daxil olan şəxslər məlumat verib.

Xəbərdə bildirilir ki, bu gün Milli Şuranın növbəti sessiyasının keçirilməsi barədə quruma üzv olan partiyaların rəhbərləri ilə razılıq əldə olunub. Hələlik sessiyanın hansı məkanda keçiriləcəyi məlum deyil. Ancaq ola bilər ki, sessiya Müsavat Partiyasında toplansın. Məlum olan odur ki, növbəti sessiyanın gündəliyinə ehtiyat vahid namizəd məsələsi təkrarən çıxacaq. Məlumatda iddia olunur ki, Müsavat Partiyasının aylardan bəri israr etdiyi ehtiyat namizəd variantı barədə prinsipial razılıq əldə edilməsindən sonra namizədin kimliyi də böyük ölçüdə razılaşdırılıb. Bu, görkəmli ziyalı, professor Cəmil Həsənlidir.
Xatırladaq ki, Cəmil Həsənli mətbuata verdiyi açıqlamada prezidentliyə vahid namizəd olmaq istəmədiyini bildirmişdi. Ancaq iddialara görə, onunla söhbət edən Milli Şuranın bəzi yetkililəri professoru inandıra biliblər ki, demokratik düşərgə çıxılmaza düşüb və onun mövqeyi durumu xilas edə bilər.
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun verdiyi açıqlama da Cəmil Həsənlinin yeni vahid namizəd olacağı barədə xəbəri xeyli dərəcədə təsdiqləyir.

“Milli Şuranın namizədi kim ola bilər? Qurumun sədri kimi dəstəklədiyiniz namizəd varmı? Kimin namizədliyini irəli sürürsünüz?” suallarına İbrahimbəyov belə cavab verib: “Təbii ki, namizədim var. Yaxın adamlarım namizədimin kim olduğunu bilirlər. Lakin əvvəldən ad çəkmək istəmirəm. Çünki sədrin ad çəkməyi Milli Şura üzvlərinə təzyiq kimi qiymətləndirilə, qəbul oluna bilər. Yavaş-yavaş bütün məsələlər öz axarına düşür, problemlər aradan qalxır. Bu həftə namizədlə bağlı yekun qərar veriləcək, namizədin kimliyi elan olunacaq. Namizədimiz seçkidə iştirak edəcək. Mənim problemim həll olunsa, namizədliyini geri götürəcək. Əgər problemim həll olunmasa, prezident seçkisində həmin namizədlə iştirak edəcəyik”.
R.İbrahimbəyov həmin namizədlə söhbətinin olduğunu və razılaşdığını da bəyan edib: “Söhbətimiz olub, namizəd olmağa razıdır. Burada problem yoxdur. Mən əvvəldən hansı namizədi seçmişəmsə, indi də onun üzərində dayanıram. İnanıram ki, o, Milli Şuranın namizədi olacaq”.
“Daha çox professor Cəmil Həsənlinin adı çəkilir. Nəzərdə tutduğunuz namizəd Cəmil Həsənlidir” sualına cavabında isə İbrahimbəyov bunu təkzib etməyib: “Kimi nəzərdə tutduğumu hələlik demək istəmirəm. Bunu nə təsdiq, nə də təkzib edirəm. Dəqiq olan odur ki, namizəd ziyalılardan biri olacaq. Qərar avqustun 19-da verilib, tələsməyin. Cəmil Həsənlinin namizəd olacağına gəlincə, ona böyük hörmətim var. Əgər Milli Şuranın namizədi Cəmil Həsənli olsa, çox sevinərəm”.(müsavat.com)


Teqlər:  





Xəbər lenti