Deputatlar Gülər Əhmədova üçün müraciət etdilər
Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bu müraciətin təfərrüatlarına toxundu. Onun sözlərinə görə, belə bir məktubla bağlı G.Əhmədovanın ailəsi tərəfindən ona müraciət olunub: “Şəxsən mənə müraciət olunmuşdu. Təbii ki, biz cinayət işinə, istintaqa qarışmırıq. Ona qarşı irəli sürülən ittihamla bağlı hansısa məsuliyyət varsa, bunun araşdırılmasının tərəfdarıyıq. Himayəsində uşaqlarının olmasını, səhhətindəki problemləri nəzərə alanda istintaqa və məhkəməyə humanist şəkildə müraciət etdik. İstintaq müddətində həbsinin ev dustaqlığı ilə əvəzlənməsini daha məqsədəuyğun hesab edirik. Daha öncə Nigar və Tofiq Yaqublular üçün də müraciət etmişdik. Bu məsələdə bir humanist addım atmağı düşündük. Təəssüf ki, müraciətimiz nəzərə alınmadı. Amma ailəsi tərəfindən yenidən müraciət olsa, yenə müraciət edərəm. Əgər adam təhlükə törətmirsə, qaçıb gizlənmək ehtimalı yoxsa, istintaq müddətində ailəsindən kənar qalması doğru deyil. İstintaq orqanları bunu etməməklə sərt üslub seçirlər”.
F.Mustafa “siz Gülər Əhmədovanın günahsız olduğunu düşünürsüz” sualımıza cavabında isə bildirdi ki, məqsədi istintaqın işinə müdaxilə etmək deyil: “Günahı varsa, məsuliyyət daşıdığı sübut olunarsa, bu məsələni məhkəmə müəyyən edəcək. Amma evdə 3 övladı varsa, onların bir neçə ay himayədən kənar olması yaxşı hal deyil. Bir çox cinayətlər var ki, türmədə yatmadan da ev dustağı kimi istintaqın sonunu gözləmək mümkündür. Cinayəti sübut olunmayanda bir neçə ay, bəzən illərlə insanların həbsdə qalması halları olur ki, bu, heç də ədalətli deyil”.
Qeyd edək ki, İlyas İsmayılov, Qüdrət Həsənquliyev də bu müraciətə qoşulublar.
Teqlər: