`Milli Şura gülünc vəziyyətdə qaldı`

 `Milli Şura gülünc vəziyyətdə qaldı`
  21 Avqust 2013    Oxunub:1318
Milli Şuranın avqustun 18-də keçirdiyi mitinqlə bağlı müxalifət düşərgəsində mübahisələr davam edir.
Əvvəlcədən 20, 30, hətta 60 minə qədər insanın aksiyaya çıxacağını bəyan edən bəzi Milli Şura üzvlərinin proqnozları özünü doğrultmadı. Qurum təmsilçilərinin bir qrupu süni əngəl yaradıldığını bildirsə də, digərləri bunu havanın isti keçməsi, başqa qrupu sosial bazanın olmaması və təşkilatın hazırlıqsızlığı ilə bağlayır.
Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli əsas “günah”ı mitinqin aparıcısı İbrahim İbrahimlidə görür: “Temperaturun 32 dərəcə olduğu halda, bunu da şişirdərək 40 dərəcə olduğunu deməyinin bizə hansı faydasının olduğunu deyə bilmərəm. Amma bəzən dostlarımızın aksiyada adi meqafonla yarada bildiyi coşqunu İbrahim İbrahimli mitinqin aparıcısı olaraq yüksək səsgücləndiricilərə qoşulan mikrofonla yarada bilmədi”.

“Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da Milli Şuranın mitinqinə öz münasibətini bildirib. “2013-cü ilin ən mühüm günü - (mitinqə qədər və ondan sonra...)” yazısında əsas fədakarlığı Müsavat və AXCP-nin etdiyini yazıb: “Mitinqə real olaraq 5 min nəfərin qatılması yetər ki, müxalifət iddiasını davam etdirsin, aksiyaları seriyalaşdırsın; aksentini daha da tələbkarlaşdırsın. Lakin həm də boykota hazırlansın - bu rəqəm o deməkdir ki, yaxın elektorat seçki variantına isti baxmır... 10-15 min vətəndaş qatılarsa, bu o deməkdir ki, fəal elektorat Milli Şuraya onu seçkilərin sonuna qədər siyasətdə təmsil etmək üçün mandat verməyə hazırdır. Lakin həm də bunun şifrəli anlamı var - bu rəqəmdə xalq yoxdur - ona arxayın olub, gələcəyə planlar qurmamaq lazım. Əlbəttə, əgər Milli Şuranın rəhbəri Tiflis əvəzinə Bakıya gəlsə idi; indi də Bakıda (ya da Kürdəxanıda) olsa idi, vəziyyət də, gedişat da tamamilə fərqli olacaqdı. İnsanlar hətta öz liderlərinin həbsxanaya düşməsindən də impuls alacaqdılar; şüarlar daha konkret, daha praktik, daha olumlu olacaqdı. Ancaq cənab İbrahimbəyov bütün bədbin proqnozları da kölgədə qoymağı bacardı - sübut elədi ki, o, lider deyil, siyasətçi heç deyil; sadəcə, yaxşı kino işçisidir. Rasim Balayev nə qədər Babək, Nəsimidirsə, İbrahimbəyov da bir o qədər müxalifət lideridir. Bu baxımdan, onu qabağa verən Müsavat və Cəbhə liderləri indi hər şeyi onun əvəzindən etməyə məcburdurlar”.

Baş redaktor “Facebook”da da öz fikirlərini bölüşüb: “Mənim 4-5 mənbədən aldığım rəylərə (Milli Şura rəhbərləri də var onların içində) görə, 3000 civarında mitinqçi olub. Lakin gənc liderlərdən 5000 civarında deyənlər də oldu. İstənilən halda, azdır”.

Onun “Bizə dedilər, EL hərəkatından mitinqdə 32 nəfər olub. ACP-dən də 12 nəfər. Məxsusi sayanlar olub. Təsdiq edən, ya da inkar edən var?” statusu və daha çox müsavatçıların iştirak etdiyi ilə bağlı mitinq xəritəsi sosial şəbəkədə müzakirəyə səbəb olub.

R. Arifoğlu isə bu xəritəni baş redaktoru olduğu qəzetdə yayımlamadığını, sadəcə, sosial şəbəkədən götürdüyünü qeyd edib.

“Rauf Arifoğlunun ayrı işi-gücü yoxdur ki, ACP-çiləri sayırdı?”

ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyevanın fikrincə, kütləvi toplantıda, aksiyada hansı partiyadan nə qədər adam gəldiyini demək özünə hörmətsizlikdir: “Durum deyim ki, filan partiyadan bu qədər adam gəlmişdi, bu, gülüncdür. Rauf Arifoğlu ACP-çilərin hamısını tanımır ki, mitinqə gəldikcə sayını bilsin. İkincisi, Rauf Arifoğlunun ayrı işi-gücü yoxdurmu ki, durub ancaq ACP-çiləri sayırdı? Siyasilər danışanda sözlərinə məsuliyyətlə yanaşmalıdır. Bu fikir açıq-aşkar qərəzdən başqa bir şey deyil. Şəxsən mən Ali Məclisin sədriyəm, partiyamızın iştirakçılarının sayını təxmini deyə bilmərəm. O ki, qaldı başqası dəqiq say desin. Belə şeylərə baş qoşmaq, cavab vermək istəmirəm. Əslində onu müzakirə etməliyik ki, mitinq Milli Şuranın məntiqli işinə, perspektivinə cavab verirmi? R. Arifoğlu bu suala cavab versəydi, bununla məşğul olsaydı, onu alqışlayardım”.

“Mitinq məni qane etmədi”

ACP funksioneri mitinqin onu qane etmədiyini söyləyib: “O ki qaldı hansısa partiyanın işi. Bəyəm bu mitinq seçkiyə 2 ay qalmış iddialı bir partiyanın, prezidentliyə namizədin deyil, ölkədəki demokratik qüvvələrin birliyinin işinə cavab verir? Nə olsun ki, Milli Şuradayam, düşünürəm ki, cavab vermir. Seçki öncəsi, seçkiyə qısa müddət qalmış göstəricidir. Bu, o deməkdir ki, demokratik qüvvələr getsin işi ilə məşğul olsun. Seçki-filan onların işi deyil”.

“Baza yox idisə, niyə Milli Şura gülünc vəziyyətə qaldı?”

Z. Dünyamalıyevanın sözlərinə görə, mitinq təşəbbüsünün haradan gəldiyi bəlli deyil: “Niyə düşünülməmiş qərar verildi, anlamıram. Hər bir aksiyanın, mitinqin mənası olmalıdır. Hazırlıqsız ola-ola nə cür avqustun 18-də mitinqin keçirilməsinə qərar verilməsi mənim üçün, o cümlədən Milli Şurada çox adam üçün maraqlıdır. Baza yox idisə, bazaya arxayın deyildisə, niyə mitinq qərarı verildi, Milli Şura gülünc vəziyyətdə qaldı?”

O, qərarın Tiflisdə verildiyini və mitinq qərarları çıxarılan zaman iclasda olmadığından etiraz etmədiyini bildirib.

“Proqnozlarım özünü doğrultmadı”

Milli Şuranın ictimaiyyətlə əlaqələr komissiyasının sədri Mehman Əliyev mitinqdə proqnozlarının özünü doğrultmadığını bildirib: “Mən daha çox adamın orada iştirakını, 6 minə yaxın adamın mitinqə çıxacağını gözləyirdim. Amma təxminən üç minə yaxın adam vardı. Milli Şura bu mitinqin nəticələrini müzakirə etməlidir”.

Onun sözlərinə görə, Milli Şuranın aksiyasının əsas qüvvələri Müsavat Partiyası, AXCP və “Nida” Gənclər Hərəkatının üzvləri idi: “Milli Şuradakı digər partiyalar aksiyada zəif iştirak edirdilər. Belə çıxır ki, onlar ya aksiyaya hazırlaşmayıblar, ya da sosial bazaları yoxdur”.

“Mitinqdə uzaqbaşı 500 nəfər olardı”

Müxalifət düşərgəsinin təmsilçiləri kimi hakimiyyət nümayəndələri də mitinq iştirakçılarının az olduğu qənaətindədirlər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlının fikrincə, Milli Şuranın mitinqində uzaqbaşı 500 nəfər olardı: “Biz də belə proqnozlaşdırırdıq. Bu mitinq Milli Şura adlanan qurumun iflası oldu. Bu, bütövlükdə radikalizmin iflasıdır. Müxalifətin radikal qanadının sosial dayağının olmadığının bariz nümunəsidir. Biz o mitinqi müşahidə etmişik və müşahidələrimiz göstərir ki, mitinqə toplaşanlar yalnız Milli Şurada olan və onların az sayda tərəfdarları idi”.

YAP rəsmisi bildirib ki, mitinq iştirakçıları məhdud sayda olub: “Təsəvvür edin böyük bir şəhərdə iddiası böyük olan bir qurum qanuni şəkildə mitinq keçirir və burada da 500 adam iştirak edir. Həmin 500 nəfərin içərisində də jurnalistlər, təsadüfən orada olan adamlar var, bütövlükdə çox məhdud sayda adam mitinq iştirakçısı olub”.


Teqlər:





Xəbər lenti