`Müxalifət getsin bələdiyyə seçkisinə hazırlaşsın`

`Müxalifət getsin bələdiyyə seçkisinə hazırlaşsın`
  22 Avqust 2013    Oxunub:1080
Siyavuş Novruzovun açıqlaması
“Milli Şura üzvləri bir yaxşı molla tapsınlar və molla bir fatihə duası oxusun. Milli Şura tabutda olan ölüdür. Ölünü yerdən götürmək üçün yalnız molla lazımdır. Molla yaxşı bir fatihə duası oxusun. Bununla da onların işi yekunlaşır”. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov bu fikirdədir.

Siyavuş Novruzov deyib ki, müxalifət prezident seçkisində iştirak etmək şansını itirib: “Artıq zaman gedib. Müxalifət getsin bələdiyyə seçkisinə hazırlaşsın”.

YAP icra katibinin müavini hesab edir ki, Milli Şura rəhbərliyinin hazırda seçkidə iştirakla bağlı apardığı müzakirələrin heç bir nəticəsi olmayacaq: “Elə-belə söhbət edirlər. Onların nə danışmalarının, nə etmələrinin hakimiyyət üçün heç bir fərqi yoxdur. Namizədlərinin Milli Şuradan, yoxsa kənardan olmasının, hansısa partiyanın lideri olmasının bizim üçün heç bir əhəmiyyəti yoxdur. İstər bir namizəd müəyyənləşdirsinlər, istər hamısı namizəd olsun. Bizim üçün bu, əhəmiyyət kəsb etmir. Çünki YAP-ın namizədinin alternativi yoxdur. Biz artıq öz namizədimiz üçün imza toplanmasını başa çatdırmışıq, imzaları Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Hazırladığımız proqrama uyğun olaraq fəaliyyətimizi davam etdiririk. YAP-ın kifayət qədər potensialı var. Seçki də azad, demokratik formada keçiriləcək. Kim cənab İlham Əliyevə alternativ olmaq istəyirsə, buyursun”.

Siyavuş Novruzov qeyd edib ki, Milli Şuranın əvvəldən heç bir perspektivi olmayıb: “Ona görə də nəticəsi belə oldu. Əvvəlcə Rüstəm İbrahimbəyovun namizəd olması haqda qərar verirlər, sonra da hərəsi bir fikrə düşür, xəyallara dalır. Saf niyyətlə yaradılmayan təşkilatlın heç bir perspektivi ola bilməz”.(mediaforum)


Teqlər:





Xəbər lenti