Turizm şirkətlərinin nümayəndələri Musiqili Teatrda

Turizm şirkətlərinin nümayəndələri Musiqili Teatrda
  20 Fevral 2017    Oxunub:2751
Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib.
Qurumun Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib.

Səmimi şəraitdə keçən görüşdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehtizadə ilə yanaşı, bir sıra turizm şirkətlərinin rəhbərləri - Əziz Şiriyev (“BakuTravel-Tourism”), Ülvi Süleymani (“ViaCaucasus”), Nərmin Məmmədova (“Master Travel”), Sənan Şıxəliyev (“Victory Tour”), Əminə Məmmədova (“Benefit Travel”), Cavad Cavadov (“ALDE Tour”), Səbinə Nəsirova, Nizami Həsənov (“Aristokrat Travel”) və başqaları iştirak ediblər.



Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qonaqları salamlayaraq bu işgüzar görüşün mədəni turizmin inkişafına böyük təsiri ola biləcəyini söyləyib:

“Son zamanlar ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı imzaladığı bir sıra sərəncamlar, verdiyi tapşırıqlar turizmin nə qədər vacib və ölkə üçün prioritet sahə olduğunu bir daha təsdiq edir. Bu yaxınlarda teatrımız İranın məşhur komediya aktyoru, güneydə yaşayan milyonlarla soydaşımızın sevimli gülüş ustası Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə tamaşa hazırlamaq haqqında qərar qəbul etdik. “Bxətəvər” adlı bu tamaşada həm Azərbaycan Dövlət Musiqili Teatrının, həm də Təbriz Teatrının aktyorları rol alacaq. Sürprizlərlə zəngin olan bu layihənin bir çox özəllikləri var. Onlardan biri də bilet satışı ilə bağlıdır. Belə ki, tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılacaq.

Mədəni turizmin inkişafına yardımçı olmaq nöqteyi-nəzərindən bu səhnə əsərini tamaşaçılara Novruz Bayramı günlərində təqdim etməyi planlaşdırırıq. Bayram günlərində bir sıra ölkələrdən, qardaş Türkiyədən, İrandan, xüsusən İranın soydaşlarımızın sıx yaşadığı bölgələrindən, əsasən də Təbrizdən ölkəmizə çoxsaylı turistlərin gələcəyi proqnozlaşdırılır. Biz istərdik mədəni turizmin inkişafı baxımından yerli turizm şirkətləri də bu prosesdə fəal iştirak etsinlər. Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda fəaliyyət göstərən bir sıra teatr-konsert müəssisələri ilə yanaşı, Dövlət Musiqili Teatrının da binası tam yenidən qurulub. Bu möhtəşəm yenidənqurmadan sonra teatrda çox unikal şərait yaradılıb. Təklif edərdim ki, məsələn, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın binasını da əlavə edəsiniz. Və yaxud tur-paketlərin mədəni istirahət hissəsinə Musiqili Teatrın hazırladığı klassik tamaşalarımızı - dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad” kimi əsərləri də daxil etmək olar.

Repertuarımızda rus bölməsinin hazırladığı səhnə əsərləri ilə yanaşı, bir sıra tamaşalar var ki, ingilis dilinə tərcümə olunub və tərcümə sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunur. Bu və digər məsələləri reallaşdıra bilsək, əməkdaşlığımızı genişləndirsək, ən azı mədəniyyətimizin təbliği baxımından bu, çox mühüm bir addım olar”, - deyə Əliqismət Lalayev bildirib.



Əziz Şiriyev (“BakuTravel-Tourism”), Sənan Şıxəliyev (“Victory Tour”), Nizami Həsənov (“Aristokrat Travel”), Cavad Cavadov (“ALDE Tour”) və başqaları çıxış edərək yüksək səviyyəli görüşə görə Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevə təşəkkürlərini bildirərək gələcək əməkdaşlıqla bağlı bir sıra təkliflər irəli sürüblər. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın baş tutması və daha da genişlənməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin hər cür dəstək verəcəyini söyləyərək, bu qəbildən görüşlərin mütamadi keçirilməsinin zəruriliyini qeyd edib.

Sonda qonaqlar tamaşaçılarla birlikdə Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan bəstəkarı Firudin Allahverdi olan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasını izləyiblər.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti