`Suriyaya hücum edəcəyi təqdirdə Amerikanı məğlubiyət gözləyir`
“Suriyaya hərbi zərbələr endirəcəyi təqdirdə Amerika Birləşmiş Ştatlarını uğursuzluq gözləyir”. Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində belə bir bəyanatla çıxış edib. “Böhran yaranan ilk gündən Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya Suriyaya hərbi müdaxilə etmək istəyirdilər, lakin onların istəyinin əksinə olaraq proses başqa məcraya düşüb. Suriyada Tunis və Misirdə olduğu kimi “Ərəb inqilabı” mümkün deyil, çünki Suriyada baş verənlər xalq inqilabı yox, terrorçuluqdur”.
Suriya prezidenti ölkədəki vəziyyətin bu dərəcədə gərginləşməsində əsas səbəb kimi Qərb dövlətlərini, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını göstərib, bu dövlətləri terrorçuları maliyyələşdirməkdə və təlim keçməkdə ittiham edib. Ölkə başçısı həmçinin Suriya ərazisində müharibə başlayandan bu yana kimyəvi silahdan istifadə olunmadığını açıqlayıb.