Tanınmış aktyorun oğlu: “Ailəmi dolandırmaq üçün gözətçi işləyirdim” (MÜSAHİBƏ)

Tanınmış aktyorun oğlu: “Ailəmi dolandırmaq üçün gözətçi işləyirdim” (MÜSAHİBƏ)
  14 Aprel 2017    Oxunub:53536
Aktyor Eldəniz Zeynalov xalqın yaddaşında daha çox "Bir cənub şəhərində" Tofiq, "Əhməd haradadır?" da rəngsaz Əhməd, "O qızı tapın"da Səyavuş, "Mən nəğmə qoşuram"da sədr, "Bizim Cəbiş müəllim"də alverçi Qulam, "Yeddi oğul istərəm"də kəndli Kazım, "Yol əhvalatı"nda şikayətçi və digər obrazaları ilə qalıb.
Onun üçün fərqi olmayıb, əsas qəhrəmanı oynayır, yaxud epizodik hansısa obrazı canlandırır. Xarici görünüşü, danışığı, özünəməxsus jestləri ilə Eldəniz Zeynalov rollarında uğur qazanmağı bacarıb. Aktyoru insanlara sevdirən onun filmlərdə və tamaşalarda öz həyatdakı obrazını oynaması idi.

AzVision.az-ın növbəti müsahibəsi mərhum aktyor Eldəniz Zeynalova həsr olunub. Həmsöhbətimiz onun aktyor oğlu Məmməd Zeynalovdur.

Qeyd edək ki, atasının sənətini davam etdirən M.Zeynalov uzun müddətdir ki, böyrək xəstəliyindən əziyyət çəkir. O, bir müddət əvvəl xəstəxanadan evə buraxılsa da, hələ də əməliyyata girmək üçün donor tapa bilmir.

-Məmməd bəy, necəsiniz? Atanızla bağlı danışmazdan öncə istəyərdim ki, ilk olaraq səhhətiniz haqqında soruşum.

- Həftədə iki dəfə dializ qəbul edirəm. Mənə tezliklə böyrək köçürülməlidir, ancaq bu iş bir az yubanır. Kənardan olan adamların donor olmasına icazə verilmir. Bu səbəbdən hələ gözləyirəm.

-Qohumlarınız arasında donor tapa bilmirsiniz?

-Açığı qohumlar arasında belə adam yoxdur. Görək, dializ nə vaxta kimi çəkəcək.

-Bacınız, qardaşınız sizə böyrəyini verməyə razıdırmı?

- Onların özləri də bir az xəstədirlər. Qorxuram ki, birdən böyrəkləri mənə düşməz. Uşaqlıqdan ağrıyırdı, amma bu dərəcədə deyildi deyə fikir vermirdim.



-Yəqin evlisiniz?

-Bəli, ailəliyəm. Amma övladım yoxdur.

-İşlədiyiniz İrəvan teatrına gedib- gəlirsinizmi?

-Poliklinikaya gedib, işə çıxmaq üçün ərizə yazacağam. Xəstəliyimə görə neçə aydır ki, işə gedə bilmirdim. Vaxtı ilə “Azdrama”da işləmişəm. Yaşar Nuri, Telman Adıgözəlovla eyni tamaşalarda oynamışam. 3 ildir ki, İrəvan teatrında çalışıram.

-İrəvan teatrı aprel ayında “Min möhtəşəm günəş”i səhnələşdirəcək. Həmin tamaşada rol alacaqsınız, yoxsa təklif olmayıb?

-Xəstəliyimlə əlaqədar heç bir tamaşada oynamırdım. İndi özümü yaxşı hiss edirəm. Teatra qayıdıb, işimə davam etmək istəyirəm. KVN teatrında da kiçik rolları ifa edirəm. 2001-cu ildən əməkdaşlıq edirəm. Aprel ayında konsertimiz olacaq. Sözün açığı, bu il mənə elə də güclü rol verməyiblər. Kiçik tekstlərdən ibarət çıxışlarım olacaq. Bilirlər ki, xəstəyəm.



-Hansı janrda olan rollar- komik, yoxsa, dramatik obrazlar ruhunuza yaxındır?

-Hər iki janr ruhuma yaxındır.

-Atanızın oynadığı komik rollardan hansını oynamaq istərdiniz?

-“Yol əhvalatı”ndakı obrazını onun kimi olmasa da, ona yaxın oynayaram. Onunla mənim xarakterim başqadır. Ona görə də eyni oynaya bilmərik.



-Qardaşınız Elburus atanıza çox bənzədiyinizi demişdi?

-Hə, xarici görünüşcə oxşayırıq, xaraktercə yox. Atam danışan, gülən, zarafatcıl, hay-küylü adam idi. Bu evdə yaşayanda qonşular onun səsindən köçürdü. Mən onun kimi deyiləm. Anama oxşamışam. Atama oxşasaydım, rejissor məni də çəkərdi. Mən bir dəfə deyirəm, ikinci dəfə müraciət etməyə utanıram. Amma atam haqqını tələb edə, sözünü deyə bilirdi.

“Azdrama”da sizi niyə işə götürmədilər?

-“Azdrama”ya Maqbet müəllim rəhbərlik etdiyi vaxt bir ilə yaxın ştatdan kənar çalışmışam. “İmzanın hökmü”, “Körpüdən mənzərə” tamaşalarında oynamışam.

Maqbet müəllim, deyirdi, darıxma, bir az gözlə ştata götürəcəyik. Bir ilə yaxın bu vədləri eşidə-eşidə işlədim. Ancaq yaşamaq üçün pul lazım idi. Buna görə də bezdim və məcburən teatrdan uzaqlaşıb tikintidə gözətçi işlədim. Ailəmi dolandırmaq üçün məcbur idim. Sonra zəng etdilər ki, tamaşa var, gəl oyna. Dedim, gəlmirəm, qoy, dubluyor oynasın. Ondan sonra nə çağırdılar, nə də mən getdim. Artıq üç ildir ki, öz sənətimə qayıtmışam.



-İsrafil İsrafilovun, Azərpaşa Nemətovun zamanında iş üçün müraciət etmədiniz?

-Getmişəm. Heç kim “yox” demir, amma reallıqda işə götürən yoxdur. “Darıxma, götürərik”, “yer yoxdur” tipli sözlərlə yola salınmışam.

-Fikrinizcə, sizə qarşı belə soyuq münasibət nədən qaynaqlanırdı? Rəhbərliyi istedadınız, yoxsa işə yanaşmanız qane etmirdi?

-Bilmirəm. Xarici görünüşüm yerindədir. Əksinə mən ssenarini hamıdan tez oxuyub bitirirəm. Məşqlərə vaxtında gedirəm.



-Qardaşınız Elburus, bacınız Gülbəniz xanım nə işlə məşğuldur?

-Qardaşım AzTV-də işləyir, rejissordur. Bacım isə İqtisad Universitetində çalışır. Mənim müalicə xərclərimə, dolanmağıma bacım çox kömək edir. Mehribanıq, bir- birimizə gedib gəlirik, tez –tez görüşürük.

-Atanızın birinci həyat yoldaşından olan övladı Aybəniz xanımla əlaqə saxlayırsınımı?

-O, Londonda yaşayır. Tez-tez bizə yazır. İldə bir dəfə Azərbaycana gəlir. Ailəlidir.

-Sizi öz yanına dəvət edibmi?

-Dəvət edib. Getməyə pul lazımdır. Ölkədən getmək, orada yerləşmək asan məsələ deyil. Aybənizə həmişə bacı kimi baxmışıq, özümüzdən fərqləndirməmişik.



-Deyirlər, atanızın adını Səməd Vurğun qoyub. Onun şeirlərini oxumağı, sətirlərindən sitat gətirməyi sevirdimi?

-Şeirlərindən bilirdi. Həmişə fəxrlə deyirdi ki, mənim adımı Səməd Vurğun qoyub. Atamın dayısı aktyor Həsənağa Salayev Səməd Vurğunla dost olub. Atam dünyaya gələndə, demişdi ki, adını Eldəniz qoyaq.

-Atanız Həsənağa Salayevlə bağlı sizə nələri danışırdı?

-Yadımda qalmayıb .Mən daha çox onun dostlarını xatırlayıram. Atam aktyor Mikayıl Mirzə və Telman Adıgözəlovla möhkəm dost olublar.

Birdəfə Novruz bayramında Telman Adıgözəlov bizə papaq atmışdı. Atam papaq atanın Telman Adıgözəlov olduğunu bilmədi, amma papağı çox bəyəndi, başına qoyub baxdı. Dedi, başqa bir köhnə papağımıza şəkərbura qoyub verin.

Evdə dedilər, yaxşı deyil, uşaqların papağını qaytar. Dedi ,əşşi qoy bura. Bir sellofana şəkərbura yığıb qapının ağzına qoydum. Üstündən bir neçə dəqiqə keçdi, gördük Telman Adıgözəlov qapını sındırır ki, “Ay Eldəniz, iki şəkərbura verdiyin bəs deyil, hələ papağımı da oğurlamısan?”. Atam dedi, zarafat edirəm, mən nə bilim sənin papağındır. Onların belə xoş münasibətləri vardı.



-Mikayıl Mirzənin yaxşı şeir deməyi vardı. Evinizdə birlikdə şeir məclisi təşkil edirdilərmi?

- Yox, adətən şeir məclisləri olmurdu. Yeyib- içib, deyib -gülürdülər. Yadıma bir əhvalat düşdü. Mikayıl Mirzə ilə haradasa oturub yeyib- içirmişlər, birdən yadlarına düşüb ki, kiminsə yasıdır, getmək lazımdır. Sonra qərara alıblar ki, həmin adamın qırx mərasiminə getsinlər, indi içkilidilər. İş elə gətirib ki, qırx günü yenə yeyib-içiblər. Mikayıl deyib ki, bu gün mütləq getməlidirlər. Yas məclisində molla daxil olmaqla hamı ilə öpüşüb görüşüblər. Molla hiss edib ki, ikisi də içkilidir. Deyib ki, camaat, məclisə şərab içib gəlmək çox böyük günahdır. Molla başalayıb bununla bağlı cürbəcür moizələr danışmağa.

Atam başa düşüb ki, molla onlara söz vurur. Ayağa durub, deyib: “Molla əmi, mollasan, mollalığını elə də. Şeir demək lazım olsa, xalq arstistimiz Mikayıl Mirzə burdadır”. Yasa gələn hamı bu sözdən sonra gülüşüb.


-Atalarınız dostluq edirdi, bəs onların uşaqları necə?

-Telman Adıgözəlovun oğlu ilə çəkilişlərdə qarşılaşırıq. Sosial şəbəkələrdə dostluğumdadır. Mikayıl Mirzənin oğlu Mətin Mirzə ilə əlaqəm yoxdur.

-Atanızla bağlı yazırlar ki, tələbə olarkən “Bir cənub şəhərində” filminə çəkilib. Halbuki, həmin filmdə çəkilərkən kifayət qədər yaşı olub.

-Tələbə olarkən ilk çəkildiyi film “Əhməd haradadır” olub, adını çəkdiyiniz filmə çəkiləndə atamın 26 yaşı olub.



-Deyirlər, atanız tez küsən, tez inciyən adam olub.

- Atam bəzən əsəbi olurdu, tez inciyirdi. Evdə çayı gec gələndə əsəbiləşib qışqırardı. Amma sonradan zaraftla da olsa könlümüzü alırdı. Balaca vaxtı uşaqlar arasında ən dəcəli mən idim. Buna görə də atam ən çox məni cəzalandırırdı. Hirsləndirəndə məni bloka çıxardardı.

Dostlarla bir yerdə yığışıb otururdular. Mən də gəlib deyirdim ki, pul ver. Qolumdan tutub deyirdi, çıx bayıra. Dostları deyirdi, uşaqla işin olmasın, nə istəyir ver. Atam da cavabında zaraftla deyirdi ki, pul istəyir, çıxart uşağa pul ver. Dostu da əlimə bir onluğu uzadırdı. Otaqdan çıxmaq istəyəndə pulu əlimdən alıb, yastığının altına basırdı ki, onluq sənə çoxdur. Əvəzində 3 manat verirdi.

-Məktəbdə valideyn iclaslarına atanız gəlirdimi?

-Adətən elə işlərlə anam maraqlanırdı. Bir-iki dəfə məni məktəbdə uşaqlar döyəndə atam Telmanla gəlib ki, mənim oğlumu vurmusan sən. İki dəfə atamı çağırmışam.



-Aktyorlar çox vaxt maaşın azlığından şikayətlənir. O zaman vəziyyət necə idi? Atanız ailəni normal saxlaya bilirdimi?

-Atam teatrın maaşı ilə ailə saxlamırdı. Qastrollara gedirdilər, orada qazandıqları pulla ailəni saxlayırdı. Rayona gedəndə bir- iki maşının pulu ilə qayıdırdı. Gənc aktyorları da özü ilə aparırdı. Mərdimazar adam deyildi.

-Maddi baxımdan problemi olmayıb deməli...

-Son illər olurdu. Toylara tamada kimi getmirdi, qatsrol da yox idi. Biz çox gənc idik, yaxşı işimiz yox idi. Həmdə son illər çox incik idi. Xalq artisti adını çox gec almışdı, bu da ona çox pis təsir etmişdi.



Bir dəfə qastrol səfərinə gedərkən yolda yıxılıb ayağını sındırmışdı. Həkimlərin səriştəsizliyindən uzun müddət ayağı sağalmırdı. Xəstəxanada yatırdı. Yaşar Nuri yanına gəlib ona ad verildiyini bildirmiş, xəbərin dərc olunduğu qəzeti vermişdi. Atam qəzeti büküb atdı ki, bundan sonra mənə ad lazım deyil.

Axrıncı əmliyyatdan sonra ayağa qalxa bilmədi, səhhəti günü-gündən geri düşdü. Heç aldığı adın sevincini yaşaya bilmədi.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: Teatr   Aktyor   EldənizZeynalov  





Xəbər lenti