Suriya danışıqları baş tutmadı

Suriya danışıqları baş tutmadı
  29 Avqust 2013    Oxunub:1243
Suriyaya zərbə endirməklə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili müşavirəsi nəticəsiz bitib. ABŞ dövlət departamenti bildirib ki, danışıqlar Rusiyanın inadcıllığına görə baş tutmayıb.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Suriya böhranına həsr edilmiş BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün görüşü nəticəsiz başa çatıb. Belə ki, dövlətlər Suriya ordusuna qarşı raket zərbəsi endirməklə bağlı Böyük Britaniya tərəfindən təklif edilmiş qətnamənin qəbulu haqqında razılaşa bilməyiblər. KİV-in məlumatına görə, Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya və Çin nümayəndələri BMT TŞ-nin iclasını tərk ediblər. Blokun digər daimi üzvləri olan Fransa, Böyük Britaniya və ABŞ müzakirəni davam etdiriblər. Lakin danışıqların təfərrüatları açıqlanmayıb.

Suriyanın BMT-də daimi təmsilçisi Bəşər Cəfəri bildirib ki, BMT TŞ-nin üç daimi üzvünün müşavirəsi qanunsuzdur. Görüşdə keçən həftə Dəməşqdə kimyəvi silah hücumundan sonra Suriyadakı vəziyyətə həsr edilmiş Böyük Britaniyanın irəli sürdüyü qətnamə layihəsi müzakirə edilib. Britaniyanın qətnamə layihəsi BMT Nizamnaməsinə uyğun olaraq dinc əhalinin müdafiəsi üçün Suriyaya zərbə endirməyə icazə verir.

Qeyd edək ki, keçən həftə Dəməşq ətrafında kimyəvi silah hücumu nəticəsində yüzlərlə insan həlak olub. Suriya müxalifəti, həmçinin onu dəstəkləyən Böyük Britaniya, Türkiyə və Fransa buna görə hökumət qüvvələrini ittiham edib. Rəsmi Dəməşq və Rusiya Xarici İşlər Nazirliyi isə kimyəvi qazdan kütləvi zəhərlənməni Suriya prezidenti Bəşər Əsədin rəqiblərinin törətdiyini bildirib.

Keçən həftədən başlayaraq ABŞ və Böyük Britaniya Suriya ərazisinə hərbi müdaxiləyə hazırlaşır. ABŞ dövlət departamentindən bildirilib ki, prezident Barak Obama hələ əməliyyatın başlanması barədə qərar qəbul etməyib. Əgər Obama hərbi müdaxiləyə qərar versə, onda hücum avqustun 30-da gecə baş tutacaq.

Suriya hökuməti bildirib ki, ölkə müharibə vəziyyətindədir və hadisələrin növbəti inkişafına hazırlaşır. Bəzi məlumatlara görə, Dəməşqdə hərbi obyektlərin evakuasiyasına başlayıb. Suriya Xarici İşlər Nazirliyi həmçinin BMT-dən təcili kimyəvi silah tətbiqi ilə bağlı yeni hadisələri araşdırmağı tələb edib. Dəməşqin məlumatına görə, kimyəvi hücuma görə üsyançılar məsuliyyət daşıyır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Vilyam Heyqlə telefonla danışıb. Danışıq zamanı nazir söyləyib ki, Suriyada işləyən BMT ekspertlərinin kimyəvi silah araşdırmasının nəticələrini gözləmək lazımdır. Ekspertlər avqustun 30-u və ya sentyabrın 1-də Suriya ərazisini tərk edəcək. ABŞ xüsusi xidmət orqanları bu həftənin sonunda Suriyada kimyəvi hücumla bağlı hesabatını təqdim edəcək. Hesabatın ictimai və məxfi hissələrdən ibarət olacağı bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti