Azərbaycan Venesiya Biennalesində təmsil olunur - Fotolar
Azərbaycanda müxtəlif xalqlar və etnik qruplar, dini konfessiyalar əsrlərdir ki, sülh və dostluq şəraitində yaşayırlar. Burada müxtəlif dil və mədəniyyətlərin eyni səviyyədə qəbul oluması, multikultural, çoxdinli mühitdə harmoniya və bərabərlik şəraitində yaşamaq mədəniyyəti təbliğ olunur. Sülhsevər mədəni mübadilə və gözəl Şərq qonaqpərvərlik ənənələrinin qorunub saxlanılması bu ərazidə yaşayan insanların əsas prinsiplərindən biridir. Bu isə qloballaşma, etnik münaqişələr, dözümsüzlük, təcavüz və aqressiya əsrində bir möcüzədir.
Sərgidə “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və installyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olunur. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim edirlər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırır. Sərginin kuratoru Viktoria və Albert Muzeyinin keçmiş direktoru, professor Martin Rotdur. (Martin Roth)
Xatırladaq ki, Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir.
Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir. Azərbaycan bu beynəlxalq incəsənət sərgisində 2007-ci ildən iştirak edir və bu il artıq 6-cı dəfədir Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 26-dək açıq olacaq.
AzVision.az
Teqlər: Heydər-Əliyev-Fondu Azərbaycan