Beriyanın arvadının xilas etdiyi azərbaycanlı aktyorun dəhşətli taleyi – MÜSAHİBƏ

Beriyanın arvadının xilas etdiyi azərbaycanlı aktyorun dəhşətli taleyi – MÜSAHİBƏ
  30 İyun 2017    Oxunub:26078
AzVision.az-ın müsahibi əməkdar artist, aktyor Əli Nurzadədir. İstər teatr tarixi, istərsə də ədəbiyyat baxımından zəngin, hərtərəfli biliyə sahib olan sənətçi ilə müxtəlif mövzularda çox maraqlı söhbətimiz alınıb.
- Teatr - allahlarla xalqlar arasında olan vasitədir. Esxildən, Sofokldan üzü bəri dahi dramaturqların hamısı insanların, cəmiyyətin problemini teatr vasitəsilə allahlara çatdırıb. Teatr həmişə bu fünkisyanı yerinə yetirib. Qədim hind teatrında allahların obrazı yaradılırdı, onların dili ilə xalqların problemləri həll olunurdu. Qədim yunanlarda isə teatr mütləq dağın döşündə, bazarın yanında olmalıydı. Çünki yunanlarda bazar dövlətin ən mühim ticarət, ictimai, sosial və siyasi mərkəzi idi. Tacirlər, siyasətçilər, məşhur şəxsiyyətlər bazarda görüşürdülər. Allahlar isə dağın başında yaşayırdı. Müəlliflər problemləri teatrın dili ilə allahlara çatdırırdılar.

Teatr eyni zamanda dövlətin ideologiya baxımından ən böyük dayaq yeri olub. Sizə bir faktı danışım. 1930-cu ildə Stanislavski Moskva Akademik Teatrında məşq keçirirmiş. Məşq zamanı dekorasiyaların endirilməsi göstərişini verir. Quruluş hissəsinin müdiri deyir ki, dekorasiyaların endirilməsi mümkün deyil. Stanislavski səbəbini soruşanda ona teatrda kəndirin olmadığını deyirlər. Bu zaman o, yumruğunu stola vurub qışqırır ki, belə bir şəraitdə teatrda işləmək mümkün deyil! Burada sənət yaratmaq olmaz! 3 metr kəndir nədir ki, siz onu tapmamısınız?!

Axşam saat 11-də Stalin Stanislavskinin kabinetinə zəng vurub, soruşur: “Yoldaş Stanislavski, teatrda nə problem var?” . Stanslavski cavabında ona teatrda kəndirin olmadığını deyir. Stalin isə sabah saat 11-ə qədər kəndirin gətirləcəyini bildirir. Səhərisi gün maşın 3 tonluq bərə kəndirini gətirib teatrın həyətinə qoyur. Çünki Stalin teatrın qüvvəsi, gücünü anlayırdı…

Cəfər Cabbarlı deyirdi ki, teatra məktəb demək olar, amma o, sənət məbədi kimi daha yüksəkdir.

Tarixi 1873-cü ildən də əvvələ gedib çıxan Azərbaycan teatrı nə böyük çətinliklər, əziyyətlər, qurbanlar hesabına yaranıb, formalaşıb. Misal kimi Azərbaycan mədəniyyətinin atası olan Həsən bəy Zərdabinin əziyyətlərini, Hüseyn Ərəblinskinin ölümünü göstərmək olar. Rus rejissoru Levin 1916-cı ildə onun “Otello”suna baxandan sonra deyib ki, siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı, hətta Avropanı gəzərdim.

Və ya aktyor Hacıağa Abbasovun Sibirə 25 illik sürgün edilməsini, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb kimi dahi sənətkarların güllələnməsini göstərmək olar. Təsəvvür edin, 1930-cu ildə Abbas Mirzə Şərifzadə “Hamlet”i oynayanda onu 7 dəfə səhnəyə qaytarıb, alqışlayıblar.

Aktrisamız Göyərçin xanımı İrana sürgün etdilər. Şəmsi Bədəlbəylini, Rza Təhmasibi, Mövsüm Sənanini, Barat Şəkinskayanı ev dustağı ediblər. Onlar gözləyirdilər ki, hər an sürgün ediləcəklər və ya aparıb güllələyəcəklər.



- İstərdim, Azərbaycanın ilk ali təhsilli aktyoru, rejissor, xalq artisti Hacıağa Abbasovun həyatının çox adamın bilmədiyi məqamlarından danışaq…

- Hacıağa Abbasov Azərbaycan teatr sənətini yaradan və öndə gedən şəxslərindən biri olub. Cəfər Cabbarlı yazırdı ki, Hüseyin Ərəblinski Azərbaycan teatrını həm sağ, həm də sol çiynində aparan şəxs idi. Əslində isə Hüseyin Ərəblinski tək aparmırdı. Sağ tərəfdən o aparırdısa, sol tərəfdə duran Hacıağa Abbasov idi. Onun haqqında yazırlar ki, guya 1888-ci ildə doğulub. Əslində isə o, 1882-ci ildə Bakının Maştağa kəndində anadan olub. Poluxin (Zərgər Palan) küçəsində yaşayıb. Onun atası molla olub. Oğlunu da molla görmək istəyirdi. Hacıağanın qonşuluğunda olan uşaqlar isə rusdilli idilər. O, atasının əleyhinə çıxaraq, bu uşaqlarla birlikdə kənddəki rus-tatar (rus-türk) məktəbinə gedib. Daha sonra isə Mahaçqalada 4 illik pedaqoji təhsil alıb. O dövr üçün yeganə ali təhsilli aktyor idi. Mahaçqaladan qayıdıb gələndən sonra bir müddət Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. Onun çox gözəl diksiyası, müsiqili səsi var idi.

- Siz Hacıağa Abbasovu sağlığında görmüsünüz?


- Mən onunla 1971-ci ildə, tələbə olanda görüşmüşəm. Müəllimimiz Cabir Səfərov onu İncəsənət İnstitutuna gətirmişdi. Hacıağa Abbasov o zaman bizimlə xatirələrini bölüşdü, çox gözəl söhbətlər etdi. Mən Hacıağa Abbasovun qızı, əsl adı Altunsaç olan Dilarə xanımla dostluq etmişəm, evinə gedib-gəlmişəm. Onun 80 ilik yubileyini aparmışam.
Hacıağa Abbasov müəllimliklə yanaşı, teatrda da fəaliyyət göstərirdi. Buna görə də, Ərəblinski ilə bərabər teatr tamaşalarına başlamışdı. Əsasən operetta tamaşalarına meyilli idi. Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Arşın mal alan", "Ər və arvad" operettalarında Məşədi İbad, Soltan bəy, Kəblə Qubad rollarını oynayıb. Onun Varşavada yazılan bir valı qalıb. Adam dinləyəndə tükləri biz-biz olur. Necə gözəl səsi var, ilahi! Dramatik səslə bərabər, musiqili səsə sahib idi…

Eyni zamanda, Tənqid və Təbliğ Teatrının yardıcılarından biri idi. Bu teatr üçün kiçik pyeslər yazırdı. Dövlət xadimləri, elm adamları onların tamaşalarına baxırdılar. Daimi izləyicilərinin arasında Nəriman Nərimanov da var idi. Teatrın digər yaradıcıları isə Dadaş Bünyadzadə, Səməd Mənsur, Mirzəağa Əliyev idilər. Binası indiki Dövlət Kukla Teatrının yerində yerləşirdi.



Hacıağa Abbasov

Deməli, tamaşa gedə-gedə insanlar onlara yeni quruluş haqqında sual verirdilər. Onlar isə ədəbi dillə cavab verirdilər. Təsəvvür edin, insanın təfəkkürü nə qədər inkişaf etməli, savadlı və mütaliəli olmalıdır ki, bədahətən cavablar versin?! Onlar həmçinin Səməd Mənsurun, Cəfər Cabbarlının, Əliağa Vahidin yazdığı şeirlərdən, qəzəllərdən deyib, deyişirdilər. Məsələn, Mirzəağa Səməd Mənsurun şeirindən bu parçanı götürüb, Hacıağaya xitabən deyirdi:

O kimdir ki, ölüm yağır gözündən?
O kimdir ki, məna çıxmır sözündən?
O kimdir ki, qorxur özü özündən?
Buna cavab verən aşıq sağ olsun.

Hacıağa Abbasov ona cavab verirdi:

Mirzoyandır, alov yağır gözündən,
Qəzənfərdir, məna çıxmır sözündən,
Mirbəşirdir, qorxur özü-özündən,
Buna cavab verən aşıq var olsun.

Belə dialoqlar gedirdi. Hansı ki, Qəzənfər Musabəyov da (SSRİ və Azərbaycan SSR-də yüksək vəzifələr tutmuş dövlət xadimi), Mirzoyan da (Azərbaycan KP Bakı komitəsinin katibi olub) həmin dialoq zamanı zalda idilər.

Hacıağa Abbasov orada Əliağa Vahidin bir bəndini deyir, ardınca isə özündən bədahətən iki misra əlavə edir:

Bir düşəydim, Çəmbərəkənd yolundan,
Yapışaydım Kamxozun qolundan,
Keçəydim, sağından, həm də solundan,
Bakının yoluna baxıb ağlaram.
Qocaman şərqimə baxıb ağlaram
Qabaqda Nərimana baxıb ağlaram


O vaxtlar Bakının yolları pis vəziyyətdə idi. Şeir də buna aid idi. Hacıağa Nəriman Nərimanovun zalda olmasından istifadə edib, bu improvizəni edir. Bunu deyən kimi Nəriman Nərimanovun təhlükəsizliyinin rəhbəri, mühafizə rəisi Mircəfər Bağırov tez ayağa durur ki, “yoldaş Nərimanov, icazə verin, onu həbs edək”.

Nərimanov arxaya dönüb, Mircəfərə acıqla deyir: “Otur, Petros”. Petros - erməni deməkdir. Nərimanovun ona Petros deməyinin səbəbini dəqiqliklə bilmirəm. Ola bilsin ki, Nərimaov Bağırova işarə etmək istəyirdi ki, bir vaxtlar ermənilərə qulluq etmisən... Beləliklə, Nərimanov Hacıağanın həbs olunmasına icazə vermir.

Hacıağa Abbasov 1925-ci ildə Akademik Milli Dram Teatrına direktor təyin olunub. O, həmçinin teatr texnikumunun yaradıcısı idi. İlk buraxılış 1926-cı ildə olub. Oranı Rza Əfqanlı, Fatma Qədiri və başqaları ilə birlikdə 11 nəfər bitirib. Ədil İsgəndərov Moskvada oxuyanda öz maaşını ona göndərirmiş. Çox ziyalı, xeyriyyəçi adam imiş. 1928-ci ildə əməkdar artist, 1934-cü ildə isə xalq artisti adını alıb.

- Bəs Beriya və onun xanımı ilə Hacıağa Abbasovun dostluğu necə yaranmışdı?

- Hacıağa Abbasov Tiflisdə qastrol səfərində olarkən Beriya və onun xanımı Mariya Aleksandrovna Beriya ilə tanış olub. Hətta ziyafət mərasimində Beriyanın xanımı onu rəqsə dəvət edib. Hacıağa rusdilli, xoşagəlimli, hökmlü adam olub deyə, Mariya Aleksandrovnanın diqqətini çəkib. Xanım onunla dostluq etməyə meyilli olub. Və bu dostluq Hacıağa Abbasovun gələcək həyatında mühüm rol oynayıb...

Hacıağa Rusiyanın bir çox sənət adamları ilə dostluq edirdi. O, hətta Lev Tolstoyun evində 3 gün qonaq olub. Tolstoyun “Allah haqqı bilsə də, tez bəyan etməz” əsərini tərcümə etmişdi.



Yadıma qızının danışdığı daha bir xatirə düşdü. Dilarə xanım danışırdı ki, bir dəfə Səməd Mənsur onlara qonaq gəlibmiş. Anası yaxşı plov bişirib. Qonaqlıqdan sonra Səməd soruşub : “Hacıağa, sənin neçə uşağın var?”. Deyib: “Mənim bir qızım, iki oğlum var”. O dövrün adət-ənənəsinə görə, evdə qonaq olanda uşaqlar heç vaxt qonaq otağına getməzdilər. Anaları aparıb, onları Səməd Mənsurla tanış edib. Səməd Mənsur onları öpüb, başlarını sığallayandan sonra adlarını soruşub. Böyük oğlan adının Altunbay, kiçik oğlan Sabutay, qız isə Altunsaç olduğunu deyib. Bunları eşidən Səməd Mənsur Hacıağaya tərəf baxaraq: “Hacıağa, Allah sənin evini yıxsın, bunların adını Hüseyin Cavid qoyub? Səni bu adalara görə tutacaqlar. Təcili bu adları dəyiş”,-deyib. Hacıağa isə Hüseyin Cavidin qoyduğu adları dəyişmək istəmirmiş. Dilarə xanım nəql edirdi ki, bu sözü eşidəndən sonra anası bərk qorxub və onların adlarını dəyişib Elxan, Akif, Dilarə etdirib.

- Bildiyimə görə, Cəfər Cabbarlının qardaşı Heydər Cabbarovla yaxşı münasibətləri var imiş. Hətta onların işlədiyi teatrı hamiliyə götürüb…

- Cəfər Cabarlının böyük qardaşı ilə onun çox yaxşı dostluğu olub. Məhəllədə onu qoçu hesab edirmişlər. Bir dəfə Hüseyn Ərəblinski ilə gedib, Cəfərin qardaşı ilə görüşüblər. O, soruşub: “Hacıağa, məndən nə istəyirsən?” Deyib: “Tamaşalarımızda kişi aktyorlarımız qadın rollarını oynayırlar. Buna görə də, tamaşadan sonra qoçular gəlib həmin aktyorları döyür, təhqir edirlər. Sən bizi hamiliyə götür, gəl, tamaşaya bax, tamaşadan sonra da çıx arxada qapıda dur, qoçular görsün ki, sən oradasan, bizə yaxın gəlməsinlər”.

Cəfərin qardaşı isə cavabında Hacıağanın xətrinə gələcəyini bildirib. Eyni zamanda, Ərəblinskini göstərərək, soruşub ki, bu bığsız kişi kimdir? Hacıağa ona Ərəblinskinin səhnəmizin qəhrəmanı olduğunu bildirəndə, Cəfərin qardaşı “Bığsız kişidən də qəhrəman olar?!” deyib. Hacıağa da izah edib ki, bığı teatrın tələbilə saxlamır. Deyib: “Bundan xoşum gəlmədi, bığı yoxdur. Amma səni çox istəyirəm. Buna görə də teatrı hamiliyə götürəcəyəm”.

Söhbət zamanı deyib ki, teatr yaxşı şeydir, amma gəliri yoxdur, insan gərək pul qazansın. “Qardaşım Cəfərə (Cəfər Cabbarlıya) deyirəm, məktəbdən sonra get siqaret, su, çörək sat, pul qazan, oturub bütün günü əsər yazır, deyir, yazıçı olacaq. Hacıağa, bunun axırı nə olacaq, bilmirəm”. Cəfər də bardaş qurub, oturaraq, təbəssümlə bunlara baxırmış.




- Dilarə xanım atasının sürgün həyatını xatırlayırdımı?

- Əlbəttə, o, həmin gün haqqında mənə xatirələrini danışıb. Sentyabrın 15-I uşaqlar dərsə gedəcəkmiş. Bu münasibətlə 14-ü anaları plov dəmləyib. Axşamüstü elə süfrəyə oturmağa hazırlaşırmışlar ki, qapı döyülüb. Üç nəfər qara, dəri paltar geyinmiş adam içəri girib. Hacıağanın onlarla getməli olduğunu bildiriblər. Həyat yoldaşı ağlayıb, qapının ağzına keçərək, getməyə qoymayıb. Həmin adamlar isə xanıma narahat olmamasını, Hacıağanı yarım saatlığına söhbət etməyə apardıqlarını deyiblər.

Hacıağa Abbasov həmin günlər haqqında bunları deyib: “Müstəntiqlərim əsasən ruslar və ermənilərdən ibarət idilər. Mənə əzab verirdilər. KQB-nin zirzəmisində dırnaqlarımı kəlbətinlə çıxarırdılar, möhkəm döyüb, qabırğalarımı sındırırdılar. Onlar istəyirdilər, boynuma qoysunlar ki, guya mən ingilis kəşfiyyatının nümayəndəsiyəm. Xalq düşməni olduğumu boynuma almalıyam”.

Bu cür fizioloji və psixoloji təzyiq zamanı Hacıağa Abbasov birdən addım səsi eşidir. Müstəntiqlər tez hərbi vəziyyət alırlar. Hacıağa isə qanın içində, rezin kəndirlərlə stola bağlanmış vəziyətdə olur. Başını qaldırıb baxanda qarşısında qara, dəri plaş geyinmiş Mircəfər Bağırovu görür. Sol əli cibində, gözündə eynək ona yaxınlaşaraq, müstəntiqlərdən soruşur ki, boynuna almır? Müstəntiqlər deyib ki, yoldaş Bağırov, hələlik boynuna almır. Hacıağanın kəndirinin açılması əmrini verir. Sonra da qarşısında durub, rus dilində çox pis söyüş söyür. Ardınca ona güclü bir şillə vurub soruşur: “Petros sənsən, yoxsa mən?” .
Bu yolla 18 il qabaq Nərimanovun Tənqid və Təbliğ Teatrında ona dediyi sözün qisasını alır. Sonradan onu yaralı vəziyyətdə, 25 illiyinə Sibirə sürgün ediblər. Onda hardasa 55 yaşı olardı.



Mircəfər Bağırov

Hacıağa Sibirdə çox əziyyətli günlər yaşasa da, sənətini unutmur. Orada müxtəlif peşələrin insanlarını bir yerə toplayıb “Любовь Яровая” əsərini tamaşaya hazırlayır. Tamaşa çox bəyənilir və bildirilir ki, bunu bütün Sibir həbsxanalarında göstərmək lazımdır. Hətta Mixail Kalinin bu münasibətlə ona təşəkkürnamə göndərir. Deyir, yoldaş Stalinə məlumat verəcəyəm və çalışacağam ki, onu həbsxanadan buraxdırım. Ancaq Kalinindən bir xəbər çıxmır. Həmin vaxt siyasi vəzifədə çalışmış bir gürcü Stalinin göstərişi ilə həbsxanadan buraxılır. Bunu biləndə Hacıağa ağ mələfədə Beriyanın xanımına məktub yazıb, həbsxanada olduğunu bildirir, ondan kömək istəyir. Xanım isə Hacıağanın pərəstişkarı idi. Aralarında möhkəm əlaqə var idi. Gürcü həmin mələfəni sırıqlısının içinə tikir. Məktubu gətirib Mariya Aliksandrovnaya verir. Xanım oxuyan kimi ərinə deyir ki, bizim ailə dostumuz Hacıağa Abbasov sürgünədir, onu xilas etməliyik. Beriya iki nəfər KQB işçisini göndərir, onlar Hacıağanı götürüb Moskvaya aparırlar. Hacıağa onda çox pis vəziyyətdə olub. Bədənini yara basmışdı, xəstələnmişdi. Sağalmağına ümid yox idi. Altı ay Kreml xəstəxanasında Mariya Aliksandrovanın nəzarəti altında müalicə alır. Sağaldıqdan sonra Beriya ona pul verib, qatara mindirib, Bakıya yola salır. Bakıya çatanda Hacıağa düşmür, qorxur ki, Bağırov onu geri qaytaracaq. Buna görə də, qatarda tanış olduğu, həbsdən qayıdan imişlili bir müəllimə qoşulub, İmişliyə gedir.

Bağırovun elə zəhmi insanlara kifayət edirdi. Onun bir zəngi ilə neçə nazir vanna otağında dünyasını dəyişib, neçə-neçə hamilə qadın Bağırovun zəngi ilə qorxudan uşaqlarını itiriblər…

Bir ay İmişlidə yaşadıqdan sonra həyat yoldaşı qohumları ilə birgə gəlib, onu Bakıya gətirib. Ancaq Bağırov ona yenə də rahatlıq verməyib. Deyib, 24 saat vaxt verirəm, Respublikanı tərk etsin. Yoldaşı və qohumları ağlaşa-ağlaşa onu Türkmənistana gedən Bərəyə mindiriblər. Səmərqənd şəhərinə gedib, orada klub müdiri, həm də müəllim işləyib. Sonradan ona bəraət verdilər və Bakıya qayıtdı.
Qayıdıb gələndə Hacıağa Abbasovun ayaqları artıq onun sözünə baxmırdı. Əsaya söykənə-söykənə gəzirdi...

- Hazırda ailəsindən kiminlə əlaqəniz var?

- Sumqayıt Dövlət Dram Teatrının direktoru olanda Dilarə xanımın oğlu İlham Xanbudaqovu teatrımıza dəvət etmişdim. O, bizdə A.V.Sofranovun əsərini səhnələşdirdi. İndi isə Moskvada hansısa çox da məşhur olmayan teatrda rejissor kimi çalışır. Bir neçə dəfə telefonla danışdıq. Hacıağanın oğlanları sonradan Bakıda yaxşı vəzifələrdə işlədilər. Uşaqlarının hamısı indi dünyasını dəyişib.



Bir faktı da sizə danışmaq istəyirəm. Hacıağa Abasov, Baba Əliyev (Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri), Dadaş Bünyadzadə (1930-1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSRİ Xalq Maarif Komissarı. “Azdrama” 8 il onun adını daşıyıb) və böyük şair, böyük yazıçı Səməd Mənsur möhkəm dost olublar. Gənclik illərində hətta sol əllərinin damarlarını kəsib, qanlarını bir-birinə sürtüblər ki, biz qiyamətə qədər bir-birmizə dayaq və arxa durmalıyıq... Səməd Mənsura “müsavatçı” damğası vurulandan sonar vəziyyəti çox pis olur, hətta yaşadığı evi belə, əlindən alınır. Baba Əliyevin yanına gedib deyir ki, Baba, biz qardaş, dost olmuşuq, mənə kömək et. Baba deyir ki, sən Şura hökumətinin əleyhinə yazırsan. Bolşevikləri təbliğ et, biz də sənə kömək edək. Dadaş Bünyadzadənin yanına gedəndə də eyni cavabı eşidir. Ona deyirlər ki, Lenini təriflə, Stalinə şeirlər həsr et. Səməd isə o hökuməti sevmirdi. Onların əleyhinə çoxlu şeirlər yazmışdı. Nəriman Nərimanov istisna olmaqla, bolşevikləri şeirlərilə biabır edirdi… Bundan pis olan Səməd Mənsur Hacıağaya xitabən bir mənzum məktub yazır:

Hacıağa, böylə də bir aləm olar?
Bir ürəkdə bu qədər də qəm olar?
Hər kəsə yar dedim, mar oldum,
Bakı, Salyan, hamı biyar oldu.
Mən deyirdim, Baba bir kişidir,
Kişinin köhnəsidir, bişmişidir,
Yoxladım çıxmadı bir şey Babadan,
Babanın da evi olsun abadan.
İşini qurdaladım, yaş çıxdı,
Baba da Dadaş kimi oğraş çıxdı.
Dəhru məhrubədə bəs yoxmu kişi?
Bu cahanın qalıb Allaha işi…
Həci, yazdığımı məzur tut
Nə ki, sarsaqlamışam, yeksər unut.
Son zamanlar pozulub əxlaqım
Elə bil yolda bitən bıtrağam
Yetənin şalvarına bənd oluram
Hamıya maili rişxənd oluram.
Hara baxsam oranı yaş görürüəm,
Kimi görsəm, onu oğraş görürüəm.

Səməd Mənsur 1927-ci ildə vəfat edib. Mircəfər Bağırov Baba Əliyevi çağırıb ki: “Hanı Səməd Mənsur? Onu güllələmək lazımdır”. Deyiblər ki, Səməd ölüb.

- Sizin Mircəfər Bağırovun qardaşı oğlu Ramiz Bağırovla əlaqəniz olub, tez-tez görüşüb söhbət etmisiniz. Əmisi haqqında nə deyirdi?

- 90-a yaxın yaşı olardı. Onu evindən götürüb, sənət adamları ilə görüşdürürdüm. Həsənağa Turabov, Kamal Xudaverdiyev, Əliabbas Qədirov, Yaşar Nuriyev və Ramiz çayxanada oturub, söhbət edirdik. Kinonu, teatrı çox sevirdi. O, mənə Bağırov haqqında çox şey danışıb.

Bağırova güllələnmə əmri veriləndən sonra ondan son arzusunun nə olduğunu soruşurlar. Oğlu Cahangirin məzarına gedib, vidalaşmaq istədiyini deyir. Bir saat 20 dəqiqə oğlu ilə vidalaşır. Oğlunun qəbirinin qarşısında durur və göz yaşları içərisində deyir: “Cahangir, mənim bir arzum var idi ki, öləndə sənin yanında dəfn edilim. Amma bu, qismət olmayacaq”.

Ramiz deyirdi, əmisi tutulandan sonra Bağrıovun ikinci həyat yoldaşı Yevgeniya Mixaylovna ilə birgə iki böyük ərzaq yığılmış çantanı da götürüb Moskvaya, həbsxanaya Mircəfərin görüşünə gediblər. Görüşdən öncə əmisi onlara yazıb ki, siz mənə kəfən gətirin, amma kəfənimi iki qat edin. Danışırdı ki, əmisi həbsxanada çox arıqlamışdı, üzünü qırışlar basmışdı. Tamam əldən düşmüşdü. Yenə eynəyi gözündə idi. Saçı da tamam ağarmışdı. Həyat yoldaşı və Ramiz şüşənin arxasında ağlayanda Bağırov yoldaşının üstünə acıqlanıb ki, ağlamasın. Deyib: “Biz ideologiyanın qurbanlarıyıq. Bizi yetişdirdilər, indi də qurban gedirik. Bu, cəmiyyətin qanunudur. Sizin ağlamağınız əbəsdir”.

O, ərzaqların heç birini qəbul etməyib. Ancaq kəfəni götürüb, axırıncı dəfə diqqətlə yoldaşının gözlərinə baxıb və dönərək arxaya baxmadan gedib. Elə həmin an həyat yoldaşının ürəyi gedib. Axırıncı dəfə Mircəfəri orada görüblər, sonra səs-soraq olmayıb.

Aktyor Rza Əfqanlı Mircəfər Bağırova həsr edilmiş “Kəndlilər” filmində onun obrazını yaratmışdı. Buna görə də Bağırovun ondan xoşu gəlirmiş. Şəxsən öz əlilə onun yaxasına orden taxmışdı. Rza Əfqanlı da hündürboy, pəhləvan kimi, cəsarətli kişi idi. Bir il onunla Sumqayıt Teatrında işləmişəm. Dostluq edirdik. Danışırdı ki, bir dəfə piyada indiki “Azad qadın” küçəsi ilə yuxarı gedirmiş. Bağırov isə qara maşınla aşağıya doğru gəlirmiş. Onu görcək Bağırov sürücüsünə nəsə deyib. Sürücü maşının sürətin azaldıb. Bağırov şəhadət barmağını eynəyinin arasına sıxıb və diqqətlə Əfqanlıya baxıb. Rza Əfqanlı donub yerində qalıb. Çünki o, bilirdi ki, bu, parol idi. Bağırov kimi həbs edəcəkdisə, barmağını o cür edib həmin adama diqqətlə, ilan kimi baxırdı. Maşın aralanana qədər Bağırov ona baxıb. Rza Əfqanlı çox pis vəziyyətə düşüb. Günlərlə teatrda, evdə səksəkəli gəzib ki, indi gəlib onu aparacaqlar. Ancaq bəxti üzünə gülüb, ona heç nə etməyiblər.




Şahanə Rəhimli
Elvin Abdulla



Teqlər:





Xəbər lenti