74 yaşlı xalq artisti: "O illər ürəyimin simini tərpədir"

74 yaşlı xalq artisti: "O illər ürəyimin simini tərpədir"
  04 Avqust 2017    Oxunub:3777
"Feysbukda mənə mesajlar yazırlar..."Bu gün xalq artisti, aktyor Ramiz Məlikin doğum günüdür. 74 yaşı tamam olan aktyor ad günü təəssüratlarını AzVision.az-la bölüşüb.
-Ramiz müəllim, doğum gününüzü necə qeyd etməyi planlaşdırırsınız?

- Oğlum, nəvəm, gəlinim, dayım oğlu, bacılarım gəlib təbrik edəcəklər. Onlarla bir yerdə olacağam.

- Kişi var ki, özünü cavan göstərmək üçün yaşını gizlədir, kişi də var, yaşı var-dövlət hesab edir.

-Mən yaşımı gizlətmirəm. İnsan yaşlandıqca müdrikləşir. Müdrikləşirsə, deməli o, təmizlənir. Həyata, insanlara başqacür münasibət bəsləyir. Xeyirli işlərlə məşğul olmağa çalışır. Ruhu təzələnir. Yaxşılığa doğru meyillənir.

-Bəs, sizin ruhunuz bu gün təzələndimi?

-Ruhum hər il, yaşımın üstünə yaş gələndə təzələnir.



-Musa Yaqubla onun doğum günündə söhbətləşəndə belə fikir bildirdi ki, hər yaşın gözəlliyi olsa da, gəncliyin yerin heç nə verməz.

-Aydın mələsədir. Gəncliyin, uşaqlığın yerini heç nə verməz. Və ya uşaqlıqla gəncliyin arasında olan müddəti və evliliyə qədər olan zamanı heç nə doldura bilməz. Evlilikdən sonra acılı-şirinli qayğılar olur. Bu, keçidlər və keçidlərin toplumundan ibarət həyatdır.

– Canlandırdığınız obrazlardan hansının sizi elə obraza məxsus tərzdə təbrik etməsini istərdiniz?

- Obrazlarımın hamısı müqəddəsdir. İstərdim hamısı gəlib məni təbrik etsinlər.



- İlləri, keçidləri saydınız. Həyatınızı vərəqləyib, nəzər saldınız. Ən çox hansı illərinizdə barmağınızı saxlayıb bir anlığa gülümsədiniz?

- Hər halda nostalji fikirlər var, hisslər var. Adam fikirləşir ki, 60-70-ci illərdə heç olmasa bir ay yaşayardım. O illər ürəyimin simini tərpədir.

-Bu gün yuxudan durdunuz, saçınıza tumar çəkmək üçün aynaya baxıb, özünüzə nə dediniz?

- Saçımı tamam qırxdırmışam.(gülür) Səhər yuxudan durub hazırlaşdım, sonra televiziyaya gedib, Məmmədrza Şeyxzamanovla bağlı təəssürtlarımı, yaradıcı iş birliyimiz haqqında danışdım. Bu gün onun da ad günüdür.

Amma aynaya baxmadım. (Gülür). Ümumiyyətlə, aynaya baxmıram. Çünki görünüş nə varsa, odur. Nəyimə baxım?! Görkəmimdə hər şey qaydasındadır. Doğrudur, yaş da öz sözünü deyir. Deyə bilmərəm ki, 30 il bundan qabaqki saçlarım olaydı... Hər halda, 74 ilə 34 arasında fərq var.



-Əvvəllər gənc xanımlar aktyorlara vurulardılar, onların doğum günlərində böyük məktublar yazardılar. Hədiyyələr göndərərdilər. 74 ilə 34-ün fərqi həm də deyəsən, bundadır.

-İndinin özündə də tamaşaçı teatrın arxa qapısına gəlib tamaşamıza münasibət bildirir, təbrik edir. İndi də “Facebook”-a mesajlar yazırlar. Bu gün 100-dən yuxarı təbrik gəlib. Mənim qardaşım Finlandiyada, dostlarım Moskvada, Amerikada yaşayırlar. Onlar da təbrik ediblər. Daha sonra Əli Nurzadə, Sənubər İsgəndərli, Rafiq Əzimov zəng ediblər. Ləyaqətli insan Akif Əlinin təbrikini almışam. Yeri gəlmişkən “Tütək səsi” filmində Tapdıq obrazını o, canlandırıb. Səsləndirməsini isə mən etmişəm. Həmişə deyərdi ki, rolu mən oynasam da, məni tamaşaçıya sevdirən sənsən.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti  





Xəbər lenti