Azərbaycanlı rəssamların əsərləri Sofiyada

Azərbaycanlı rəssamların əsərləri Sofiyada
  12 Sentyabr 2017    Oxunub:3098
Bolqarıstan Xarici İşlər Nazirliyinin Mədəniyyət İnstitutu və “Little Zograff” Fondunun birgə təşkilatçılığı ilə Milli İncəsənət Akademiyasında 5-ci Dünya uşaq rəsm müsabiqəsinin sərgisi təşkil olunub.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən AzVision.az-a bildirilib ki, sərgidə müsabiqədə qalib olmuş uşaqların əsərləri nümayiş edilib.

2017-ci ildə keçirilmiş Dünya uşaq rəsm müsabiqəsində Azərbaycan, Türkiyə, Bolqarıstan, Banqladeş, İran, Ukrayna, Tailand, Avstraliya, ABŞ, Moldova, Sinqapur, Litva, Hindistan, Filippin, Rumıniya, Yunanıstan, Yeni Zelandiya, Rusiya, Cənubi Koreya, İndoneziya, Polşa və digər ölkələrdən uşaqlar iştirak ediblər. Fatimə Matveyeva (15 yaş) və Fəridə Şirinova (11 yaş) ölkəmizi layiqincə təmsil edərək müvafiq olaraq gümüş medala və sertifikata layiq görülüblər.

Gənc rəssamlarımızın əsərləri sərgi iştirakçılarının böyük marağına səbəb olub və “Qaliblər kitabı”na daxil edilib.

Qeyd edək ki, gənc rəssamlarımız hər il Fondun təşkil etdiyi müsabiqədə fəal iştirak edir və yüksək nəticələr göstərirlər.

Hər il keçirilən Dünya uşaq rəsm müsabiqəsi “Little Zograff” Fondunun layihəsidir və Bolqarıstan Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir.

2012-ci ildə Bolqarıstanda təsis olunmuş Fondun məqsədi təsviri və tətbiqi incəsənət vasitəsilə uşaqların mənəvi, peşəkar və intellektual inkişafına şərait yaratmaqdır. Fond uşaqların inkişafı ilə bağlı problemlərin həlli sahəsində dövlət qurumları və QHT-lərlə fəal əməkdaşlıq edir. Fond öz məqsədlərinin həyata keçirilməsi üçün maliyyə vəsaiti toplamaq məqsədilə xeyriyyə tədbirləri keçirir. Həmçinin Fond təsviri incəsənətlə bağlı kurslar, forumlar, konfranslar, uşaqlar üçün beynəlxalq səviyyədə müsabiqələr, uşaqların təsviri incəsənət sahəsində hazırlığı ilə əlaqədar məktəblər təşkil edir.

AzVision.az


Teqlər: Sofiya   sərgi  





Xəbər lenti