“Xanəndənin taleyi” operasının premyerası keçiriləcək
Tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. Operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, xalq artisti Baba Mahmudoğlu ifa edib.
Yeni quruluşda isə əsas qəhrəmanın obrazını Teatrın solisti - əməkdar artist İlkin Əhmədov yaradacaq. Premyera tamaşasında əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) da çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
İki pərdəli opera tamaşası üçün rəngarəng dekorasiya və kostyumlar hazırlanıb Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi isə əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.
AzVision.az
Teqlər: teatr