“Keçmişimi dana bilmərəm” - Zülfiyyə Xanbabayevanın 50 ili

“Keçmişimi dana bilmərəm” - Zülfiyyə Xanbabayevanın 50 ili
  17 Oktyabr 2017    Oxunub:20635
"Dənizin dünyaya gəlməsi mənim üçün ən böyük hədiyyədir"

Xalq artisti Zülfiyyə Xanbabayeva ötən gün doğum gününü qeyd edib. 50 yaşı tamamlayan müğənni ad günü ilə bağlı təəsürratını AzVision.az-la bölüşüb.
-Zülfiyyə xanım doğum gününüzü təbrik edirik. Soruşmaq istərdim ki, bu gözəliyi necə qoruyub saxlamısınız?

-Mən çox təvazükar insanam. Bu barədə çox danışa bilmərəm. Yəqin, bu gözəllik Allah tərəfindən mənə verilən bir lütfdür.

- Adətən “yaş kişinin var-dövlətidir” deyirlər. Bunu qadınlara da şamil etmək olarmı?

-Yaş mənim özüm, tarixim, yaxşısıyla, pisiylə illərim deməkdir. Bu, mənim illərimdir. Keçmişimi heç vaxt dana bilmərəm. Nə geridə qalanı, nə də gələcəkdə yaşayacağımı. Hər yaşın öz gözəlliyi var. Yaşımın üstünə yaş gəlməyi məni qorxutmur, əksinə sevinirəm. Yaşım artmalıdır ki, övladımın ən gözəl illərini görə bilim.

-Doğum gününüzdə kimlərdən hədiyyə aldınız?

-Hədiyyə məsələsini sirr saxlayaq. Dərinliyə getməyək.

-Bəs, övladınız Dəniz anasını necə təbrik etdi?

-Dənizin dünyaya gəlməsi mənim üçün ən böyük hədiyyədir. Əlbəttə, təbriklər, zənglər oldu. Sizin vasitənizlə təbrik edən hər kəsə təşəkkürümü bildirirəm.

-Keçmiş illərinizi vərəqləyəndə ən çox hansı anlarda barmaqlarınızı saxlayırsınız, düşünürsünüz?

-Valideynlərimlə olan illərin həsrətini çəkirəm.

- O zamanlar doğum gününüzü necə qeyd edirdiniz ki?

-Ad günümü doğmalarım və dostlarımla qeyd etməyi sevirəm. Ancaq mənim üçün ən yadda qalanı sevənlərin mənsiz ad günümü keçirmələridir.

-Bu özəl gününüzü hansı mahnı ilə təbrik edərdiniz?

-Düzü öz mahnımla təbrik etmək ağlıma gəlmədi. Özümə də maraqlıdır hansı mahnı ilə… Siz məni hansı mahnı ilə təbrik edərdiniz? İşin o tərəfini sizə buraxıram.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-Artisti   Zülfiyyə-Xanbabayeva  





Xəbər lenti