“Azərbaycanın rənglər dünyası” Abu-Dabidə

“Azərbaycanın rənglər dünyası” Abu-Dabidə
  19 Oktyabr 2017    Oxunub:3689
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin “Azərbaycanın rənglər dünyası Abu-Dabidə” layihəsi çərçivəsində təşkil etdiyi sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və Azərbaycanın BƏƏ-dəki səfirliyinin yaxından köməyi ilə reallaşıb.
Sərgidə gənc rəssamlar Nərminə Vəliyeva, Günay Həsənova, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Roza Muradlı və Sofiya Rəsulovanın əsərləri nümayiş edilib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva sərgi ilə bağlı fikirlərini əməkdaşımızla bölüşüb:

-Bu layihənin həyata keçirilməsi iyunun əvvəllərinə planlaşdırılırdı. Lakin səfirlikdən Azərbaycanın dövlət müstəqilliyi günü ərəfəsində belə bir tədbir keçiriləcəyi barədə məlumat verildikdən sonra biz qərara aldıq ki, sərgini həmin ərəfədə təşkil edək. Tədbirdə BƏƏ-nin yüksək rütbəli məmurları, iş adamları, incəsənət xadimləri, eləcə də bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun çoxsaylı nümayəndələri iştirak etdiyi üçün əminliklə deyə bilərik ki, biz bu insanları Azərbaycanın rənglər dünyası ilə tanış edə bildik. Təbii ki, Azərbaycan dövlətinin dəstəyi ilə. Mən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu işə xüsusi diqqətini nəzərdə tuturam. O cümlədən çalışdığım Azərbaycan Dillər Universitetinin də layihəyə böyük dəstək verdiyini xatırlatmalıyam.

Rəsmi açılışdan sonra BƏƏ-nin xarici işlər nazirinin müavini Əhməd Sari Əl Məzrui Azərbaycanın gənc qadın rəssamlarının əsərləri ilə yaxından tanış olub, ayrı-ayrı əsərlər barədə fikirlərini bildirib, bütövlükdə sərginin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhvə olduğunu söyləyib. Sərgi ilə tanışlıq zamanı Əmirliyin rəsmisi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva və istedadlı rəssam Nərminə Vəliyeva ilə rəsmlərin mövzu rəngarəngliyi barədə səmimi söhbət edib, belə tədbirlərin xalqlar arasında dialoqun güclənməsinə kömək etdiyini xüsusi vurğulayıb.
Ölkəmizin BƏƏ-dəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov Əmirliyin yüksək çinli dövlət məmurlarına ayrı-ayrı rəsmlər barədə ətraflı məlumat verib.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi bundan əvvəl oxşar mədəniyyət tədbirlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ABŞ, Avstraliya, Almaniya, İtaliya, Lüksemburq və Macarıstan kimi ölkələrdə də təşkil edib.

AzVision.az


Teqlər: sərgi   Abu-Dabi  





Xəbər lenti