Heydər Əliyev Mərkəzində Müslüm Maqomayevin yubileyi qeyd edilib
Yubiley tədbirindən əvvəl mədəniyyət və incəsənət xadimləri böyük sənətkarın musiqi sənətinə töhfələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər. Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Eldar Quliyev bu yubileyin həm də Azərbaycan xalqı üçün böyük bir bayram olduğunu vurğulayıblar. Çünki Müslüm Maqomayev Azərbaycanda doğulub, burada boya-başa çatıb.
Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirak etdikləri yubiley gecəsi Müslüm Maqomayevin ifasının yer aldığı videokadrların nümayişi ilə başlayıb.
Tədbirdə qeyd edilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bu möhtəşəm yubiley tədbiri də həmin Sərəncama əsasən təşkil edilib.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1962-ci ildə maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konserti anşlaqla keçmişdi. 1960-70-ci illərdə isə Müslüm Maqomayevin şöhrəti bütün dünyaya yayılmışdı. Onun konsertləri hətta stadionlarda təşkil olunurdu. Daim qastrol səfərlərində olan müğənninin mahnıları yazılmış vallar böyük tirajla buraxılırdı. Müslüm Maqomayevi sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq Artisti adına layiq görülmüşdü. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir.
Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Yubiley gecəsi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Cüzeppe Verdinin "Taleyin gücü" operasından uvertüranın səsləndirilməsi ilə başlanıb. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir.
Tədbirdə Müslüm Maqomayev adına beynəlxalq müsabiqələr laureatları, tanınmış müğənnilər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.
Tanınmış bəstəkar və müğənni Emin Ağalarovun (EMİN) çıxışı gecəyə xüsusi rəng qatıb. Müslüm Maqomayevi hələ 3 yaşından tanıdığını bildirən EMİN deyib ki, onu heç zaman unutmayacaq. İfaçılıq estafetini məhz bu dahi müğənnidən aldığı üçün xoşbəxtdir. Onu musiqiçi olmağa Müslüm Maqomayev ruhlandırıb.
Müslüm Maqomayevin 75 illik yubileyinin Moskvada da qeyd olunduğunu diqqətə çatdıran EMİN bildirib ki, əbədilik qazanmaq hər müğənniyə nəsib olmur. Müslüm Maqomayev məhz əbədiyaşar sənətkarlardandır.
Mərasim Müslüm Maqomayevin ifasında mahnıların yer aldığı kadrlarla müşayiət olunub. Habelə ulu öndər Heydər Əliyevin Müslüm Maqomayevin yaradıcılığı haqqında dediyi fikirləri əks etdirən kadrlar göstərilib.
Gecədə sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya da iştirak edib.
AzVision.az
Teqlər: