Gəmiçilərimiz haqqında film çəkilib - VİDEO
Qeyd edək ki, donanmamızın xarici sulardakı fəaliyyətinə ara verildiyi vaxtlar da olub. Dənizçilərimiz düz beş il müstəqil Azərbaycanın üçrəngli bayrağının uzaq sahillərdə yenidən dalğalanacağının intizarını çəkiblər. Onların intizarına “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yarandıqdan sonra bidəfəlik son qoyulub. Belə ki, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Gəmiçilik “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə Xəzərdən kənarda fəaliyyətini bərpa edib. Artıq üç rəngli bayrağımızın qürurla dalğalandığı gəmilər Aralıq, Qara dənizlərdə yerləşən onlarla limana yan alır. Vacib beynəlxalq su nəqliyyat arteriyaları ilə yüklər daşıyır. Sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində və ümumilikdə gəmiçiliyin inkişafında bu amil mühüm əhəmiyyət kəsb edir.
Gəmilərimizin xarici sularda daha səmərəli istismarını “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədə təsis etdiyi “Caspdry” və “Casptankers” adlı iki yeni şirkət həyata keçirir. “Caspdry” quru, “Casptankers” isə maye yüklər daşıyan gəmilərin istismarı ilə məşğul olur. Hər iki şirkət dünyanın tanınmış təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABS) İSM-in tələblərinə uyğunluğu təsdiqləyən sertifikatına malikdir.
Donanmasının yenilənməsinə xüsusi diqqət yetirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda üzən gəmilərin sayını, onların üzmə coğrafiyasını artırmaqda davam edir. Buna bariz nümunə isə Qara dəniz, Azov dənizi, Aralıq dənizi hövzələrində yükdaşıma əməliyyatları zamanı istismar olunacaq “Professor Əziz Əliyev” tankerinin alınmasıdır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdən kənarda daha da möhkəmlənmək məqsədini gerçəkləşdirdikcə, milli donanmamızın səfər coğrafiyası da genişlənəcək. Həm yad sularda bayrağımızı qürurla dalğalandıran gəmilərimizin, həm də gəmilərin yan aldıqları limanların sayı artacaq. Ən əsası, harda üzməsindən asılı olmayaraq dor ağacında dalğalanan üçrəngli bayrağımız olan gəmilərimiz bundan sonra da yurdumuzun bir parçası sayılacaq.
Teqlər: