Obama: `İrana şans verməyə hazırıq`

Obama: `İrana şans verməyə hazırıq`
  25 Sentyabr 2013    Oxunub:1285
İran hakimiyyəti nüvə proqramıyla bağlı müzakirələrə dərhal qoşulmağa hazırdır.
İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 68-ci qurultayında çıxışı zamanı iştirakçı dövlətləri əmin edib ki, onun ölkəsi nüvə silahı yaratmaq niyyətində deyil. Lakin dinc məqsədlərlə özünün nüvə proqramını inkişaf etdirməyə hazırdır. Ruhani deyir ki, Amerika Birləşmiş Ştatlarıyla gərginlik arzulamır və prezident Barak Obamanın sağlam düşüncəsinə ümid edir: "Biz nüvə problemiylə bağlı danışıqlara yubanmadan qoşulmağa hazırıq. Amma bunun üçün qarşılıqlı inam və şəffaf şərait olmalıdır. Bu danışıqların dəqiq tarixi olmalı və konkret nəticələrə yönəlməlidir". İran liderindən əvvəl tribunaya çıxan Amerika prezidenti Barak Obama isə bildirb ki, "Ağ ev" İran hakimiyyətinə daha bir şans verməyə hazırdır:

"Biz İran prezidenti Ruhaninin anlaşma niyyətində olmasıyla bağlı bəyanatlarını nəzərə alaraq, xalqının ona verdiyi mandat çərçivəsində mütərəqqi siyasi kursla addımlamağı arzulayırıq. Mən Con Kerriyə təlimat verəcəyəm ki, bu istiqamətdə İran hakimiyyətiylə birgə hərəkət etsin. Əngəllər böyük ola bilər, amma mən həqiqətən də əminəm ki, diplomatık addımlar atmaq lazımdır". Lakin Obamanın Baş Assambleyada ilk günü elə də uğurlu alınmayıb. Onun iranlı həmkarıyla qeyri-rəsmi görüşü baş tutmayıb. Ruhani hətta BMT-nin dəhlizlərində Obama ilə təsadüfən rastlaşmaqdan da imtina edib.

Bu azmış kimi "Ağ ev" rəhbəri Braziliya prezidenti Dilma Roussefin ittihamlarıyla da üzləşib. Xanım prezident Assambleyada çıxışını demək olar ki, bütünlüklə Amerikanın xüsusi xidmət orqanlarının onun danışıqları və elektron məktublarını izləməsiylə bağlı yaranmış qalmaqala həsr edib. O, Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarını bu sözlərlə tənqid edib: "Bir suveren dövlət digər bir suveren dövlətin hesabına özünü təsdiq edə bilməz. Bir ölkənin vətəndaşlarının təhlükəsizlik hüququ digər bir ölkənin vətəndaşlarının əsas hüquqlarının pozulması hesabına təmin oluma bilməz".

AzVision.az


Teqlər:  





Xəbər lenti