Saakaşvili: Putin Qarabağın həllini istəmir - VIDEO

Saakaşvili: Putin Qarabağın həllini istəmir - VIDEO
  26 Sentyabr 2013    Oxunub:1196
Saakaşvili: "Elə fikirləşirsiniz ki, Moskva Bakının İrəvan üzərində üstünlüyünü istəyir?!"

Gürcüstan prezidenti Mixeil Saakaşvili Saakaşvili BMT-nin Baş Assambleyasında Vladimir Putin başda olmaqla Rusiya hökumətini kəskin tənqid atəşinə tutub. Gürcüstan prezidentinin sərt çıxışı Rusiya nümayəndə heyətinin narazılığına səbəb olub. Rusiya təmsilçiləri etiraz əlaməti olaraq zalı tərk ediblər. Bu barədə AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir.

“Bir neçə ildən sonra Vladimir Putin Kremli tərk edəcək və Rusiya siyasətindən itəcək. Rusiya vətəndaşları onu qədim dövrlərin, korrupsiya və zorakılığın tüğyan etdiyi çağların kabusu kimi xatırlayacaqlar. Hələ heç kim bilmir onun gedişi necə olacaq, zorlamı gedəcək, yoxsa onun ardınca millətçi və ya liberallar gələcək, mühüm olan budur ki, Putin gedəndən sonra Rusiya artıq imperiya olmayacaq, adi normal bir dövlətə çevriləcək” deyən Gürcüstan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında Rusiyanı günahlandırıb.

“Ermənistan küncə sıxışdırılıb, Moldova mühasirəyə salınıb, Ukrayna hücuma məruz qalıb, Azərbaycana güclü təzyiqlər edilir, Gürcüstan isə işğal edilib. Nə üçün? Çünki, keçmiş İmperiya öz sərhədlərini bərpa etmək məqsədi güdür. Ancaq burada sərhəd sözü yerinə düşmür, sərhəd əvəzinə “ətraf” demək daha yaxşı olar. Rusiya İmperiyasının, başqa sözlə desək, Sovet İttifaqının və ya Rusiya Federasiyasının, yaxud da Avrasiya İttifaqının sərhədləri olmayıb. Yalnız ətrafı olub. Bu gün mən həmin ətraf ölkələr adına danışacağam. Əksər ölkələrdən fərqli olaraq Rusiya ona qonşu olan dövlətlərdə vəziyyətin stabilliyində maraqlı deyil. Kremlin istədiyi bu ölkələrdə gərginliyi qoruyub saxlamaqdır. Kreml Gürcüstanın, Ukraynanın, Moldovanın, hətta onunla dostluq şəraitində yaşamaq istəyən ölkələrin ( Azərbaycan və Ermənistanı nəzərdə tutur-red.)güclənməyini istəmir.

“Putin yaxşı başa düşür ki, bu müstəqil dövlətlər güclənsələr, Avropa ilə yaxınlaşmağa başlayacaqlar.

Götürək elə Azərbaycanla Ermənistanı. Siz elə bilirsiniz ki, Putin Ermənistanın Azərbaycandan üstün olmasını istəyir? Yox. Belə olan halda Ermənistanı daha da güclü və potensial olaraq daha da müstəqil bir dövlətə çevrilə bilər.

Yoxsa, elə fikirləşirsiniz ki, əksinə Moskva istəyir ki, Bakı İrəvan üzərində üstünlük qazansın? Əsla yox. Müasir Azərbaycanın gündən-günə inkişafı Rusiya liderləri üçün gecə kabusundan başqa bir şey deyil. Onlar kiminsə qələbə qaznamasını ümumiyyətlə istəmir. Məhz Qarabağ münaqişəsi onların məqsədlərinə çatması üçün bir vasitədir. Rusiya liderləri isə bu münaqişədən istifadə edərək hər iki ölkəni asılı vəziyyətdə saxlayır və onların Avropa məkanına inteqrasiya yolunu bağlayır", - deyə Saakaşvili bildirib.

Gürcüstan prezidenti, həmçinin Rusiyanı Abxaziya və Cənubi Osetiyanı işğal etməkdə günahlandırıb. O qeyd edib ki, Rusiya gürcü torpaqlarını işğal altında saxlamaqğa davam edir ki, bununla da Gürcüstanı zəiflədir. Saakaşvili, BMT görüşü ərəfəsində Ukrayna prezidenti Viktor Yanukoviçlə söhbət etdiyini və Ukrayna prezidentinin “Rusiyanın ona təzyiq etməsindən şikayətləndiyini” bildirib.

“ Yanukoviçin rəhbərlik etdiyi hökumət mütəmadi olaraq hücuma məruz qalır, Ukraynaya qarşı kommersiya müharibəsi aparılır. Bütün bunlar danılmaz faktlardır”-sitatın sonu.

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti