Hərbi kəşfiyyat satqınlarla oynamır – QRU-nin gizli tarixi (DOSYE)
(Yazının əvvəlini BURADAN oxuyun)
“Polyakovun işi”
Baş Kəşfiyyat İdarəsinin polkovniki Dimitri Polyakov (“Тоphet”, “Rаum”, “Burbon” “Bip”) 1961-ci ildə Nyu-Yorkda SSRİ-nin BMT Hərbi-Qərargah Komitəsində nümayəndəsi örtüyü altında, əslində isə rezidentin qeyri-leqal kəşfiyyat üzrə müavini kimi fəaliyyət göstərdiyi zaman ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən konfidensial əməkdaşlığa cəlb edilmişdi. 1962-ci ildə Nyu-Yorkda xidməti ezamiyyətdən qayıtdıqdan sonra Polyakov BKİ-nin mərkəzi aparatında, daha sonra isə SSRİ-nin Birma və Hindistandakı rezidenturalarında fəaliyyətini davam etdirmişdi.
1974-cü ildə Sovet hərbi kəşfiyyatının Hindistandakı rezidenti olduğu dövrdə ona general-mayor ali hərbi rütbəsi verilmişdi. Moskvaya geri döndükdən sonra o, BKİ-nin məxfi kitabxanasına rəhbərlik etmiş və Hərbi-Diplomatik Akademiyada fakültə rəisi olmuşdu.
1974-cü ildə Polyakov Sovet Hərbi kəşfiyyatının Qərb ölkələrindən əldə etdiyi məxfi texnologiyaların siyahısına çıxış imkanı qazanmışdı. Ronald Reyqanın prezidentliyi dövründə ABŞ müdafiə nazirinin köməkçisi olmuş R.Perl etiraf edib ki, Polyakov vasitəsilə amerikalılar SSRİ-nin öz hərbi potensialını artırmaq üçün beş min ədəd proqramın siyahısını aşkarlamağa nail olmuşdular. Məhz onun fəaliyyəti nəticəsində əldə edilən məlumatlar ABŞ prezidentini Qərbin SSRİ-yə hərbi texnologiyaların satışı üzərində nəzarəti sərtləşdirmək barədə göstəriş verməsinə səbəb olmuşdu.
Amerika kəşfiyyatı ilə iyirmi il müddətindəki əməkdaşlığı dövründə Polyakov onlara on doqquz sovet qeyri-leqal kəşfiyyatçısını, yüz əlli əcnəbi agenti, eləcə də BKİ və DTK-nın min beş yüz əməkdaşını aşkarlamaqda kömək etmişdi. Bütün bunların səbəbini o, sadəcə riskə getməyi sevməsilə izah etmişdi.
O, ov silahlarına böyük maraq göstərmiş və amerikalı dostlarından Moskvaya aparmaq üçün ona iki ədəd bahalı ov tüfəngi gətirilməsini xahiş etmişdi. Sonralar müntəzəm olaraq onunla görüşən MKİ əməkdaşı Polyakovu bu fikirdən daşındırmağa, bunun Moskvada şübhə doğuracağını izah etməyə çalışsa da, agentin israrlarını nəzərə alaraq, onun xahişini yerinə yetirmişdilər.
Casusluq etdiyi dövrdə Polyakov amerikalılara yeddi nəfər Sovet agentinin adını açıqlamış və on səkkiz il müddətində konfidensial əməkdaşlıq etmişdi. Onun ABŞ MKİ-nin casusu olduğunu bəzi mənbələrə görə, Sovet kəşfiyyatına 1979-cu ildə Federeal Təhqiqatlar Bürosunun əməkdaşı Robert Hanssen, bəzilərinə görə isə 1985-ci ildə Oldric Eyms açıqlamışdı.
Polyakov 1987-ci ildə ən ağır cəzaya məhkum olunmuş, onun SSRİ Ali Soveti Rəyasət Heyətinə əfv barədə xahişi rədd edilmişdi. M.Qorbaçovla görüşdə R.Reyqan onun bağışlanmasını xahiş etsə də, SSRİ prezidenti həmin şəxsin artıq həyatda olmadığını bildirmişdi. Polyakov barəsində çıxarılmış müstəsna cəza – güllələnmə hökmü 1988-ci il mart ayının 15-də icra edilmişdi.
Amerikalılar Oleq Penkovskini deyil, Dimitri Polyakovu özlərinin ən uğurlu casusu hesab edirlər.
“Çebotarevin işi”
1971-ci ilin oktyabr ayında hərbi kəşfiyyatın Belçikadakı leqal rezidenturasının əməkdaşı mayor Anatoli Çebotarev Qərb xüsusi xidmət orqanlarının tərəfinə keçmişdi. Bundan əvvəl o, Belçika təhlükəsizlik xidməti “Syürte” tərəfindən konfidensial əməkdaşlığa cəlb edilmişdi. Lakin bir neçə ay sonra Vaşinqtondakı Sovet səfirliyinə gələrək, vətənə geri qayıtması üçün köməklik göstərilməsini xahiş etmişdi.
Moskvada BKİ-nin rəisi P.İvatuşinlə birinci söhbətində A.Çebotarev özünün hansı şəraitdə konfidensial əməkdaşlığa cəlb olunması və ABŞ-a qaçması barədə təfərrüatı ilə məlumat vermiş və istintaqa yaxından kömək etmək arzusunun olduğunu bildirmişdi.
DTK sədri Yuri Andropovun təsdiq etdiyi SSRİ Ali Sovetinə ünvanlanmış məktubda A.Çebotarev üzərində məhkəmə prosesinin başa çatdırılması nəzərdə tutulurdu. Həmin məktubda habelə, DTK və BKİ əməkdaşlarının nəzərinə çatdırılırdı ki, xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı səhvə yol vermiş, hətta cinayət törətmiş şəxslər öz təqsirlərini etiraf edəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmaqdan azad olunurlar.
“Fedosovun işi”
1970-ci illərin ortalarında Sovet agentlərindən biri BKİ-nin İsveçdəki rezidenti və Sovet hərbi attaşesi Q. Fedosovun Qərbə qaçmaq niyyəti barədə Moskvanı əvvəlcədən xəbərdar etmişdi. İsveç Əks-kəşfiyyatı SEPO-nun o zamankı rəhbəri K.Person sonralar bildirmişdi ki, Q.Fedosov hərbi attaşe olduğundan çox mühüm məlumatlara çıxış imkanı olan şəxs olmuşdu və bu, İsveç xüsusi xidmət orqanlarının tarixində əhəmiyyətli hadisə olmalı idi. Lakin bu planı Sovet kəşfiyyatının agenti, SEPO-da işləyən və İsveç Özünümüdafiə Qüvvələri qərargahı ilə əks-kəşfiyyat arasında əlaqəçi zabit olan S.Berqlinq pozmuşdu.
Q.Fedosovun qaçmaq niyyətləri barədə məlumat alan S.Berqlinq Sovet hərbi attaşesinin İsveç tərəfinə keçəcəyi təqdirdə özünün SSRİ-nin xeyrinə casusluq etməsinin üstünün açılacağından ehtiyatlanaraq, Moskvanı Q.Fedosovun planları barədə əvvəlcədən xəbərdar etmişdi. Q.Fedosov dərhal Moskvaya çağırılsa da, onun qaçmaq planlarını sübut edən heç bir fakt əldə edilməmişdi. Nəticədə o, mühakimə edilməsə də, Moskvada yaşamağa davam edərək bir daha xarici ezamiyyətlərə göndərilməmişdi.
S.Berlinqin özünü isə DTK-nın Böyük Britaniyaya qaçmış yüksək rütbəli əməkdaşı Oleq Qordiyevski (1974-cü ildə ingilislər və ya danimarkalılar tərəfindən konfidensial əməkdaşlığa cəlb olunmuşdu) ifşa etmişdi. Berqlinq 1979-cu ilin mart ayında ömürlük həbs cəzasına məhkum edilmişdi.
“Filatovun işi”
1977-ci ildə BKİ-nin mayoru Anatoli Filatov (“Etyen”, “Aleks”, “Blip” (“Qığılcım”) ifşa edilmişdi. O, 1974-cü ilin fevral ayında Əlcəzairdə hərbi attaşenin köməkçisi vəzifəsində xidməti ezamiyyətdə olarkən MKİ tərəfindən şantaj əsasında konfidensial əməkdaşlığa cəlb olunubmuş. Belə ki, BKİ zabitinin məhkəmədə etdiyi etirafa əsasən, o, 1974-cü ilin yanvar ayının sonu - fevral ayının əvvəllərində Əlcəzair şəhərində olanda kitab mağazalarında həmin ölkənin etnoqrafiya məsələləri, yerli əhalinin məişəti və adətləri barədə ədəbiyyat axtarıdmış. Qayıdanda şəhər küçələrindən birində avtomobili xarab olduğundan, o, piyada hərəkət etmək məcburiyyətində qalmış və bu zaman yaxınlığında dayanmış avtomobildən düşən gənc qadın onu yaşadığı yerədək öz maşınında aparmağı təklif etmişdi. Qadın yolda Filatova evində onu maraqlandıran məsələ ilə bağlı çoxlu kitabların olduğunu bildirərək, onu öz evinə dəvət edibmiş. BKİ zabiti bu dəvəti qəbul edib.
Üç gün sonra ərzaq dalınca mağazaya gedən “Aleks” yenə də orada həmin qadınla qarşılaşır. Qadın yenə də onu öz evinə dəvət edir və bu dəfə onların söhbəti daha məhrəm şəkildə alınır. Nadi adlı iyirmi iki - iyirmi üç yaşlı, fransız dilində bir qədər ləhcə ilə danışan həmin qadınla Filatovun fotoşəkilləri çəkilir və bir neçə gün sonra özünü MKİ əməkdaşı, İsveçrənin Əlcəzairdəki səfirliyi yanında ABŞ-ın Maraqlarının Müdafiəsi Xidmətinin Xüsusi Amerika Missiyasının birinci katibi Edvard Keyn kimi təqdim edən şəxs tərəfindən ona təqdim olunue. Filatovun sözlərinə görə, xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağrılmaqdan ehtiyatlandığı üçün o, Keynlə görüşməyə razılıq verir.
ABŞ kəşfiyyatının onu qadın vasitəsilə şantaj edib, əməkdaşlığa cəlb etmək üsulu seçməsi uğurlu taktika olmuşdu, çünki agent hələ Laosda olarkən qadınlarla münasibət qurmağa meylli şəxs kimi səciyyələndirilmişdi.
1976-cı ilin avqust ayında Filatov Moskvaya geri dönərək BKİ-nin mərkəzi aparatında xidmətini davam etdirir. Həmin vaxtdan həbs edilməsinədək olan dövrdə o, Frankfurt-Mayndan on səkkiz radioməlumat qəbul edib. Onlardan bir neçəsinin məzmunu belədir:
“Əziz “E”! Biz sizin məlumatlarınızdan çox razıyıq və onlara görə sizə öz dərin təşəkkürümüzü bildiririk. Çox təəssüf ki, siz hələlik məxfi sənədlərə çıxış imkanı əldə edə bilməmisiniz. Lakin bizi təkcə “məxfi” qrifli məlumatlar maraqlandırmır. Bizə hazırkı iş yeriniz barədə təfəürratlı məlumat verin. Kim tərəfindən, nə zaman, nə məqsədlə yaradılıb? Şöbələr, bölmələr? Tabeçilik xüsusiyyətləri? Çox təəssüf ki, siz alışqandan istifadə etməyə fürsət tapmamısınız. Ondan yaxanızı qurtarın. Ən yaxşısı, heç kimin sizi görmədiyi vaxt onu çayın dərin yerinə tullayın. Yenisini saxlanc vasitəsilə əldə edəcəksiniz”.
“Yalnız xidməti imkanlarınız çərçivəsində sərəncamınızda olan məlumatlar barədə məlumatlarla məhdudlaşmayın. Yaxın tanışlarınızın və dostlarınızın etibarını qazanın. Onların iş yerlərinə baş çəkin. Evinizə, restorana dəvət edin və orada məqsədyönlü suallar vasitəsilə özünüzün çıxış imkanınız olmayan məxfi məlumatlar barəsində onlardan məlumat almağa çalışın”.
“Əziz “E”! Bizim adamımızın arxasınca məxfi müşahidə aparıldığı üçün o, təyin olunmuş vaxtda görüş yerinə gələ bilməyib.
... Bizim radioqəbuledicilərin keyfiyyətli eşidilməsini yaxşılaşdırmaq üçün çox xahiş edirik ki, bu bağlamada olan üç yüz rubl pulu “Рига-103-2» radiosunun alınmasına sərf edəsiniz.
Bu bağlamaya biz habelə kiçik, plastmas kütlədən olan cədvəl qoymuşuq. Onun köməyi ilə siz bizim radoverilişlərin şifrini çözə, eyni zamanda öz məxfi yazılarınızı şifrləyə bilərsiniz. Xahiş edirik, onunla ehtiyatlı davranasınız və qoruyasınız.
Səmimi salamlar. C”.
1977-ci ilin əvvəllərində “Etyen” Sovet hərbi çekistlərinin nəzər-diqqətinə düşmüş, həmin ilin yayında isə həbs edilmişdi.
Gecə gec saatlarda lazımi dalğaya qoşulan Filatov öz iti ilə birlikdə gəzintiyə çıxan zaman iki nəfər yaxınlaşaraq, ondan futbol matçının gedişi ilə maraqlanmağa başlayır. “Təsadüfi şəxslər” DTK-nın xidməti vəsiqəsini göstərərək, Filatova onlarlarla birlikdə mənzilə qayıtmağı təklif edirlər. Müqavimətin mənasız olduğunu görən “obyekt” tabe olmaqdan başqa çarəsinin qalmadığını anlayır.
Versiyalardan birinə görə, ABŞ agentinin ifşa edilməsində onun dəbdəbəli həyat tərzinə meylliliyi əsas rol oynamışdı. Qısa bir zaman ərzində o, “Volqa” avtomobili almış, restoranlara və qadınlara qırx min rubldan artıq pul xərcləmişdi.
Əks-kəşfiyyatçılar Filatovun Moskvadakı amerikalı əlaqəçilərinin də axtarışına başlayırlar. 1977-ci il sentyabr ayının 2-də saxlanc əməliyyatının həyata keçirilməsi zamanı MKİ-nin zabiti – Müdafiə Məsələləri üzrə mülki köməkçi (ABŞ səfirliyində onun vəzifəsi belə idi) Vinsent Krokett həbs edilir. “Ford” markalı avtomobildə saxlanc yerinə gələn ABŞ kəşfiyyatçısı məxfi müşahidə briqadasının mümkün danışıqlarını tutmaq üçün öz bədəninə miniatür radioqəbuledici yerləşdirilmiş konteyner və qulaqçıq bərkitmişdi. ABŞ kəşfiyyatçısının arvadı da həmin vaxt köməkçi qismində ərini müşayiət edirdi. V.Krokket və onun arvadı Betti Krokket DTK-nın komendantlığına aparılırlar.
Filatov üzərində məhkəmə 1978-ci il iyul ayının 10-da başlayır. SSRİ Ali məhkəməsinin Hərbi kollegiyası Amerika casusunu ən ağır cəzaya – güllələnməyə məhkum edir. Lakin, hökm icra olunmur. Cinayətkarın əfv haqda xahişinə əsasən, onun cəzası on beş il müddətinə azadlıqdan məhrumetmə ilə əvəz edilir.
1989-cu ilin iyul ayında həbs düşərgəsinə baş çəkən fransız jurnalistlərinə keçmiş BKİ zabiti bu sözləri demişdi: “Mən həyatda böyük ümidlər bəsləyərək, nələrəsə istinad etmişəm və uduzmuşam. İndi isə onun əvəzini ödəyirəm. Bu, tamamilə təbiidir”.
Azadlığa çıxdıqdan sonra o, ABŞ-ın Rusiyadakı səfirliyinə müraciət edərək, maddi təzminat tələb etmişdi. Lakin ABŞ tərəfi əvvəlcə uzun müddət cavabdan yayınmış, sonra isə “Etyen”ə bildirmişdi ki, kompensasiya hüququ yalnız ABŞ vətəndaşlarına aiddir.
“İvanovun işi”
1981-ci ildə Sovet Hərbi əks-kəşfiyyat orqanları tərəfindən BKİ-nin baş leytenantı, ABŞ MKİ-nin agenti Aleksandr İvanov (agent “Kain”) ifşa olunmuşdu. O, 1981-ci ilin yayında öz xidmətlərini MKİ-yə təklif etmişdi. Əks-kəşfiyyatçıların diqqətini onun dəbdəbəli həyat tərzi cəlb etmişdi (məsələn, “obyekt” işə taksi ilə gəlir, restoranlarda qonaqlıqlar təşkil edirdi və s.).
Bundan başqa, o, Bolqarıstandakı son xidməti ezamiyyətdən Moskvaya barəsində toplanmış nüfuzdansalıcı məlumatlarla qayıtmışdı (spirtli içkilərdən həddən artıq istifadə, yüngül əxlaqlı qadınlarla əlaqələr və s.). 1981-ci ilin noyabr ayında o, həbs edilmişdi. Bundan sonra bir il müddətində DTK “Kain”in adından MKİ-ni dezinformasiya etmişdi.
“Smetaninlərin işi”
Soyuq müharibə illərində ailəvi casusluq nadir hadisə idi. Çünki, ailə başçısı anlayırdı ki, casusluq fəaliyyəti olduqca təhlükəli addımdır. Buna görə də təkbaşına fəaliyyət göstərməyə üstünlük verirdi. Lakin istisna hadisələr də baş verirdi ki, onlardan biri 1985-ci ildə SSRİ-də ifşa edilmiş MKİ-nin agentləri – ər və arvad Smetaninlər (“Mister Milyon”) cütlüyü idi.
Polkovnik Gennadi Aleksandroviç Smetanin SSRİ Müdafiə Nazirliyi Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin Portuqaliyanın paytaxtı Lissabondakı rezidenturasında hərbi attaşe aparatının əməkdaşı örtüyü altında, onun arvadı Svetlana isə SSRİ-nin Portuqaliyadakı səfirliyində katibə-makinaçı vəzifəsində işləmiş və hər iki şəxs məxfi sənədlərə çıxış imkanlarına malik olmuşlar.
1983-cü ilin sonlarında G.Smetanin özü ABŞ hərbi attaşesi polkovnik Con Nortona ABŞ-ın xeyrinə casusluq etmək təklifi ilə müraciət etmiş, bu xidmətlərinin qarşılığında qarşı tərəfdən bir milyon dollar istəmişdi. Tələb edilən məbləğdən heyrətlənən amerikalılar onun bu təklifindən qətiyyətlə imtina etmiş, belə olduqda G.Smetanin məbləği üç yüz altmış min dollaradək azaltmışdı.
O, rezidenturanın xəzinəsindən əməliyyat xərcləri üçün nəzərdə tutulmuş üç yüz altmış min dollar vəsaiti Lissabon kazinolarında uduzduğu üçün amerikalılarla konfidensial əməkdaşlıq edərək, həmin məbləği yenidən əldə etməl istəyirdi. ABŞ tərəfi iltizamnamə almaqla deyilən vəsaiti ona ödəmişdi.
1984-cü ilin yanvar ayından 1985-ci ilin avqust ayınadək olan dövrdə “Mister Milyon” MKİ əməkdaşları ilə otuz dəfə görüş keçirmiş, onlara kəşfiyyat məlumatları və əldə etdiyi məxfi sənədlərin kserosurətlərini ötürmüşdü. 1984-cü il mart ayının 04-də onun vasitəsilə arvadı Svetlananı konfidensial əməkdaşlığa cəlb edən amerikalılar ona səfirliyə katibə-makinaçı vəzifəsinə işə düzəlmək tapşırığı verərək, məxfi sənədlərə çıxış imkanı əldə etməsini təmin etmişdilər.
Casus cütlük 1985-ci ilin yazında Sovet əks-kəşfiyyat orqanlarının nəzər-diqqətinə düşmüşlər. Belə ki, səfirlikdə təşkil edilmiş rəsmi qəbul zamanı Svetlananın bahalı paltar geyinməsi və qiymətli daş-qaşlar taxması diqqəti cəlb etmişdi. Attaşe aparatının sıravi əməkdaşının qeyri-qanuni gəlir mənbəyi barədə Lubyankada məlumat olsa da, şübhə doğurmamaq üçün onlara qarşı fəal tədbir görülməyərək, cütlüyün avqust ayında Moskvaya gəlişi gözlənilmişdi. Həmin ilin yayında isə DTK-nın MKİ-dəki agenti O.Eyms casus “Mister Milyon”un mövcudluğu barədə SSRİ tərəfini məlumatlandırmışdı.
İstintaqın gedişində vətənə xəyanətdə ittiham edilən Smetaninlərin günahı tam sübuta yetirilmiş, Gennadi Smetanin casusluq formasında vətənə xəyanət maddəsinin tələblərinə müvafiq olaraq əmlakı müsadirə olunmaqla güllələnmə, Svetlana Smetanina isə beş il müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmişlər.
“Vasilyevin işi”
BKİ-nin polkovniki Vladimir Vasilyev (“Akkord”) Macarıstanda xidməti ezamiyyətdə olarkən özü ABŞ Hərbi Kəşfiyyatına - hərbi attaşe polkovnik Riçard Baknerə konfidensial əməkdaşlıq etmək təklifi ilə müraciət etmişdi. 1985-ci ilin sentyabr ayında “Akkord” SSRİ-yə geri qayıtmış və BKİ-nin Qeyri-leqal kəşfiyyat şöbəsində vəzifə tutmuşdu.
Əvvəlcədən işlənilib-hazırlanmış plana əsasən, o, amerikalılarla əlaqəyə yalnız 1986-cı ilin yay aylarının sonlarında çıxmalı idi, lakin agent tələsərək, 1985-ci ilin oktyabr ayında siqnal ötürərək, məxfi məlumatları qarşı tərəfə verməyə hazır olduğunu bildirmişdi. Bəzi səbəblərdən amerikalılar ondan ilk məlumatlar toplusunu yalnız 1985-ci ilin dekabr ayında ala bilmişdilər. Həmin vaxtda isə “Akkord” artıq Hərbi-əks kəşfiyyat orqanlarının nəzarətində idi.
Vladimir Vasilyev 1986-cı ilin may ayında növbəti casus məlumatlarını saxlanca qoymaq istərkən yaxalanmış və ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdi.
* * *
Hazırda Baş Kəşfiyyat İdarəsi (BKİ) yalnız Baş Qərargah rəisinə və müdafiə nazirinə tabedir və ölkənin siyasi rəhbərliyi ilə birbaşa əlaqə saxlamır. Rusiya prezidentinə hər həftənin bazar ertəsi birbaşa məruzə edən Xarici Kəşfiyyat Xidmətinin direktorundan fərqli olaraq, BKİ rəisinin belə bir qrafiki yoxdur və bu, siyasi rəhbərliyi birbaşa BKİ-yə çıxışdan məhrum edir.
Son illərdə Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) və Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi arasında uzun illərdir davam edən ənənəvi rəqabət mühitinin və açıq mübarizənin bir qədər mülayimləşməsi müşahidə edilir. Buna əsas səbəblərdən biri hər iki strukturun DİN və Federal Təhlükəsizlik Xidmətinin ölkənin ali siyasi rəhbərliyinə təsirini azaltmaq üçün birgə səy göstərmək istəməsidir.
BKİ-nin agentura kəşfiyyatı sahəsində əsas rəqibi XKX, elektron kəşfiyyatı sahəsində isə FAPSİ təşkilatıdır. Lakin BKİ-nin əsas üstünlüyü onun RF-də Yerin süni peyklərinin orbital qruplaşmaları vasitəsilə kosmik kəşfiyyat aparan yeganə xüsusi xidmət orqanı olmasıdır. BKİ-nin daha bir üstünlüyü Rusiyanın digər təhlükəsizlik və xüsusi xidmət orqanlarından fərqli olaraq, SSRİ dövründən indiyədək struktur dəyişikliklərinə məruz qalmamasıdır.
Ədəbiyyat:
Суворов В., «Аквариум». М., «Демократическая Россия», 1991.
Колпакиди А., Прохоров Д. М. Империя ГРУ: Очерки истории российской военной разведки. Кн.2. - М., «Олма-пресс», 1999.
Колпакиди А., Север А. ГРУ. Уникальная энциклопедия. М., 2009.
Колпакиди А., Север А. КГБ. М., 2010.
В пламени холодной войны. Судьба агента. М., 2000.
Ричелсон Джеффри Т. История шпионажа ХХ века. М., 2000.
Прохоров Д. П. Лемехов О.И. Перебежчики. Заочно расстреляны. М., 2001.
Nəzakət Məmmədova
AzVision.az üçün
Teqlər: QRU Hərbi-kəşfiyyat