Futbolçular niyə bölgələrdən qaçır? - ARAŞDIRMA

Futbolçular niyə bölgələrdən qaçır? - ARAŞDIRMA
  07 Oktyabr 2013    Oxunub:1700
Ötən mövsümün sonlarına doğru məşhur uelsli mütəxəssis Con Benjamin Toşakın “Xəzər Lənkəran”ın, cari mövsüm öncəsi isə rusiyalı tanınmış məşqçi Yuri Syominin “Qəbələ”nin baş məşqçi postuna təyinat alması sözügedən bölgə təmsilçilərinə tezliklə ulduz futbolçuların axın edəcəyini düşünməyə əsas verirdi. Amma gözlənilən olmadı.

Nə Toşakın, nə də Syominin nüfuzu komandalarına ünlü futbolçuların cəlb olunmasına zəmin yaratmadı. Məlum məsələdir ki, nə “Xəzər Lənkəran”, nə də “Qəbələ” maddi baxımdan sıxıntı çəkmir. Hər halda, sözügedən klubların maliyyə imkanlarını götür-qoy etmək mənasızdır. Elə təkcə “Xəzər Lənkəran”ın himayəsində olduğu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov istənilən futbolçunun maddi təlabatını ödəməyə hazır olduqlarını deməsindən hər şey aydın olur.

İndiki halda Qəbələnin eyniadlı komandasının rəhbərliyinin də fərqli düşüncədə olduğuna inanmaq çətindir. Ən əsası da ona görə ki, həm vaxtı ilə Türkiyə millisinin və “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”un hücumçusu Oqtay Dərəlioğlunu, “Beşiktaş”dan tanıdığımız Əhməd Dursunu və “Porto”nun sabiq üzvü Fatih Sonkayanı heyətinə qatan “Xəzər Lənkəran”, həm də 2010-cu ildə klubun “sükanı arxasına” ingiltərəli futbol əfsanəsi Toni Adamsı gətirən “Qəbələ” iddiasını çoxdan ortaya qoyub.

Amma etiraf edək ki, indiki halda büdcəsi tanınmış simaları sıralarına qatmağa uyğun olan “Xəzər Lənkəran” və “Qəbələ”nin bölgə təmsilçisi olması onların əleyhinə işləyir. Söz yox ki, məşhur əcnəbi futbolçular forma geyəcəyi klubun yerləşdiyi bölgədə yaşayış səviyyəsini önə çəkir. Təbii ki, bizim üçün ulduz sayılan əcnəbi futbolçular həm də elitar təbəqənin nümayəndəsi sayılır. Deməli, səviyyəli dəri top ustasının ilk növbədə paytaxtdan uzaq rayon və şəhərlərdəki sosial problemləri nəzərə alması başadüşüləndir. Bu üzdən də klublarımızın hər hansı biri avropa ölkələrində çıxış etməyə meyilli olan futbolçulara cəlbedici təklif göndərsə belə, həmin oyunçular bundan imtina edər. Böyük şəhərə, müasir şəraitə uyğunlaşmış futbolçular çətin ki, Azərbaycanın hər hansı bölgəsində özünü rahat hiss edə.

Elə mövzu ilə əlaqədar müraciət etdiyimiz Cüneyt Biçər, Fatih Kavlak və Naci Şensoy kimi vaxtilə bölgə təmsilçilərində çalışmış mütəxəssislər də yuxarıda sadaladığımız çatışmazlıqlara diqqət çəkdilər. Onların mövzu ilə fikirləri aşağıdakı kimi oldu:

Cüneyt Biçər (“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi):

- Mənim Lənkərana dəvət etdiyim oyunçulardan Radamir Todorovla Stefan Bates əvvəlki illərdə Azərbaycanda çıxış etdiyindən, Sadio Tounkara və Salif Ballo isə Malidə daha çətin şərtlər daxilində çıxış etdiyindən onları komandaya cəlb etmək çətin olmadı. Mənim baş məşqçi olduğum dövrdə yalnız Rendall Brenes və Roberto Alvisin daha yaxşı şərtlərdən imtina edərək Lənkərana gəlmişdi. Amma o da həqiqətdir ki, səviyyəli futbolçuları bölgə klublarına cəlb etmək doğurdan da çətindir, çünki karyerası uğurlarla zəngin olan futbolçular karyerasını davam etdirdiyi regionda həm də rəngarəng həyat tərzinin olmasında maraqlıdırlar ki, bu baxımdan da paytaxtın bölgələri üstələdiyi heç kimə sirr deyil.

Fatih Kavlak (“Qəbələ”nin keçmiş çalışdırıcısı):

- Düzdür, ölkənin digər bölgələrindən olan klublara olduğu kimi, “Qəbələ”yə də futbolçuları gətirmək asan deyildi. İlk baxışdan futbolçular üçün Qəbələyə gəlmək məntiqli seçim kimi görünmürdü. Amma komandanın hədəfləri, gələcək planlarını və digər bu kimi məsələlərlə tanış olan oyunçularla anlaşmaqda problem yaşanmırdı.

Naci Şensoy (“Turan”ın sabiq baş məşqçisi):

- Mən Bakıdan xeyli uzaqda – Tovuzda müxtəlif vaxtlarda üç dəfə çalışmışam və həmin illərdə bölgə klublarında uğur qazanmağın bütün çətinliyini görmüşəm. Futbolçular futbolla yanaşı əyləncəyə də önəm verdiyindən daha çox böyük şəhərlərdə yaşamağa üstünlük verirlər. Bu hal təkcə Azərbaycanda yox, Türkiyədə də müşahidə olunmaqdadır. Əgər hər hansı futbolçu Türkiyəyə gəlməyi qəbul edirsə, ilk növbədə İstanbulda yaşamaq haqqında düşünür.

***

Maraqlıdır ki, indi heç yerli futbolçularımız da bölgələrdə çııxış etməyə asan razılaşmır. Belə vəziyyət təbii ki, paytaxt təmsilçilərinin işinə yaramaqdadır. Bu gün ölkə miqyasında ulduz sayılan milli üzvlərinin böyük əksəriyyətinin paytaxda məskunlaşan elita təmsilçilərində çıxış etməsi dediklərimizin təsdiqi sayıla bilər.

Bəlkə də kimlərsə yayda “Xəzər Lənkəran”a üz tutan Rasim Ramaldanovla hazırda “Qəbələ”də çıxış edən Vlodimir Levinlə Elnur Allahverdiyevin bölgə klublarında forma geyməsini əks arqument kimi önə çəkə bilər. Amma “İnter”i “Qəbələ”yə dəyişən Levinin asan qazanc dalınca şimala yollandığı bəlli olduğu kimi, Ramaldanov və Allahverdiyevin də öncəki klubu ilə problem yaşadığından komandadan ayrılması məlumdur.

Düzdür, millliləşdirilmiş arxa xətt oyunçusundan fərqli olaraq digər iki müdafiəçinin öncəki klubunun da əyalət təmsilçisi olması da vurğulanmalıdır, amma xüsusən Allahverdiyevin paytaxtda məskunlaşan komandalarda duruş gətirə bilmədiyindən bölgəyə üz tutduğu aydın məsələdir. Milli üzvlərindən yalnız Rahid Əmirquliyevin iddialı paytaxt klublarından birinə keçmək ehtimalının böyük olmasına baxmayaraq Lənkəranda qalması qeyd olunmalıdır. Yuxarıda adı sadalanan yığma üzvlərindən başqa milli komandanın özəyini təşkil edən bütün futbolçular paytaxtda oynamağa üstünlük verir. Hər halda, vaxtilə bölgə klublarında top qovmuş Mahir Şükürov, Rəşad Abdullayev, Branimir Subaşiç və s. futbolçuların bölgənin yaşayış üçün qeyri-uyğunluğu ucbatından Bakıya üz tutmasını inkar etmək olmaz.

Hətta gənc futbolçular belə, eyni vaxtda bölgə və Bakı klublarından dəvət alanda əsasən paytaxtda çıxış etməyə üstünlük verirlər. Amma bununla belə, ölkəmizin təbii gözəlliklərinin xüsusən əcnəbilərin marağına səbəb olmayacağını düşünmək sadəlöhvlük olardı. Deməli, bu üstünlüklərdən istifadə edib, gərəkli infrastruktur qurulmalıdır. Məhz bundan sonra ünlü futbolçular ölkəmizə gəlməkdə daha az tərəddüd edə bilər.

Tural Məmmədov


Teqlər:





Xəbər lenti