Ermənistan əsirimizi qaytarmaq istəmir

Ermənistan əsirimizi qaytarmaq istəmir
  11 Oktyabr 2013    Oxunub:1141
Pələngovun məhkəmə prosesi daha 10 gün təxirə salındı.
Avqustun 17-də erməni sərhədçiləri tərəfindən əsir götürülən soydaşımız, Gürcüstan vətəndaşı Allahverdi Pələngovun məhkəməsi keçiriləcək. Məhkəmə prosesi oktyabrın 20-nə kimi baş tutacaq. Lakin Ermənistan tərəfinin bu müddəti daha da uzadacağı istisna edilmir.

Bu barədə AzVision.az-a əsirin oğlu Kənan Pələngov məlumat verib.

Bir müddət əvvəl AzVision.az-a atasının məhkəməsinin oktyabrın 10-a kimi keçiriləcəyini deyən Kənan Pələngov, onunla ikinci dəfə görüşün də mümkün olmadığını qeyd etdi.

`Atamın məhkəməsinin oktyabrın 10-a kimi baş tutacağını düşünürdük. Ancaq hələ də bir xəbər yoxdur. Lakin ümidimizi üzmürük. Güman edirik ki, proses oktyabrın 20-dək təxirə salınıb. Bir neçə ay qabaq görüşsək də, ikinci dəfə onu görə bilmədik. Atamla ancaq məhkəmə zamanı görüşəcəyik`.

Qeyd edək ki, hazırda A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və "sərhədi qanunsuz keçmək”də ittiham edilir. Ermənistan tərəfi, əsirin geri qaytarılması üçün onun ailəsindən 200- 400 min dram ( təxminən 800 manat) cərimə tələb edir. Əks halda A. Pələngovun iki il müddətinə həbs ediləcəyi ilə hədələyir.

Əsirin ailəsi isə tələb olunan cəriməni ödəməyə hazırdır.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti