“Xəbəri eşidəndə inanmadım, şokdayam...” - Fəxri ad alan məşhurlar

“Xəbəri eşidəndə inanmadım, şokdayam...” - Fəxri ad alan məşhurlar
  28 May 2018    Oxunub:12305
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən mədəniyyət işçiləri "Xalq artisti", "Əməkdar artist", "Əməkdar mədəniyyət işçisi” və digər fəxri adlarla təltif ediliblər.
Mükafat alan sənətçilərdən bəziləri sevinc təəssüratlarını AzVision.az-la bölüşüblər.

"Xalq artisti" adını almaq nağara ifaçısı, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinov üçün əsl sürpriz olub. O, təltif olunacağını gözləmədiyini deyib:

“Diqqət mərkəzində olmuşuq ki, illərimizin xidmətinə fikir veriblər, onu dəyərləndiriblər. Ölkə başçısına minnətdaram. "Əməkdar artist" adını 2007-ci ildə alanda Heydər Əliyev kompleksində zalda oturmuşdum. Onda idmançı Fərid erməni güləşçiyə qalib gələrək dünya çempionu olmuşdu. Mən də “Sarı gəlin”i ifa edirdim. Aşağı düşəndə dedilər ki, sənə "Əməkdar artist" adı verilib. Dünən də Bakı Kristal Zalda məşqdə idim. Açığı xəbəri eşidəndə inanmadım. Deməli, belə məsləhət gördülər. Allah canlarını sağ etsin. Xalqımız sağ olsun. Bu, Azərbaycan nağarasının uğurudur”.

"Xalq artisti" adını alan aktyor Məmmədsəfa Qasımov: “Bu, çox sevindirici xəbərdir. Gözləmirdim. Sağ olsunlar. Prezidentə və Mədəniyyət Nazirliyinə minnətdaram. Kim layiqdir, onlara da qismət olsun”.

Aktrisa Naiba Allahverdiyeva: “Mənə göstərilən diqqətə görə ölkə başçısına təşəkkür edirəm. Cümhuriyətimizin yarandığı gündə fəxri adın verilməsi məni çox duyğulandırdı. Şokdayam. Dünən teatrda “Leyli və Məcnun”u necə oynadığımı bilmədim. Mənim üçün böyük hədiyyədir. Sənətkarları dəyərləndirmək onu yaşatmaq deməkdir. Son zamanlar böyük depressiyalar keçirdirdim. Dünəndən bəri sağlamlığım yerinə qayıdıb. Mən bir daha dostlarımı tanıdım. Sevincimə şərik oldular”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Xalq-artisti  





Xəbər lenti