Rusiyanın tanınmış müğənniləri Bakıda - FOTOLAR

Rusiyanın tanınmış müğənniləri Bakıda - FOTOLAR
  02 İyun 2018    Oxunub:5572
İyunun 1-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun konserti olub.
Tanınmış ifaçıları Əməkdar Artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim ediblər.



Konsertin proqramında Mixail Qlinkanın “Ruslan və Lyudmila” operasından uvertüra, Şarl Qunonun “Faust” operasından Mefistofelin kupletləri, Volfqanq Amadey Motsartın “Don Juan” operasından Don Juan və Tserlinanın dueti, Jorj Bizenin “Karmen” operasından Xabaneranın ariyası, “Segidilya”, Sergey Raxmaninovun “Aleko” operasından Alekonun kavatinası ifa olunub.



Müğənnilər, həmçinin Vinçentso di Kyaranın “İspan bolerosu”, Aqustin Laranın “Qranada”, Aleksandra Paxmutovanın “Tı moya melodiya”, “Bremen musiqiçiləri” filmindən Gennadi Qladkovun “Luç solntsa zolotoqo” mahnılarını təqdim ediblər.



Konsertdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin “Sənsiz” romansı, Tofiq Quliyevin “Dobroye utro, moy Azerbaydjan” və “Gecə serenadası” mahnıları da ifa olunub.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən konsert proqramında Yana Melikayeva və Askar Abdrazakov səhnəni Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq Xor Kapellası ilə bölüşüblər. Onlar “Elektronikanın macəraları” filmindən mahnı təqdim ediblər.



Nadir səs və bənzərsiz ifanın harmoniya təşkil etdiyi konsert proqramı Xalq Artisti Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başa çatıb.

AzVision.az


Teqlər: Konsert   Rusiya  





Xəbər lenti