Naxçıvan futbolu ilə cığal oyun

Naxçıvan futbolu ilə cığal oyun
  17 Oktyabr 2013    Oxunub:1644
Futbol ictimaiyyəti Azərbaycan Superkubokunun Naxçıvanda keçirilməsi qərarını birmənalı qarşılamadı. Blokada şəraitində olan Muxtar Respublika üçün belə bir vacib matça ev sahibliyi etmək mühüm hadisədir. Peşəkar Futbol Liqasının (PFL) açıqladığı bu qərardan sonra yerli mətbuatda Naxçıvanla bağlı bir çox yazılar dərc olunmağa başladı.
Mətbuatın bu oyuna böyük önəm verməsi və hadisələrin başında Naxçıvan adının hallanması, təbii ki, təqdirəlayiq haldır. Çünki son illər Muxtar Respublika idmanı üçün görülən işlər, yaradılan infrastruktur regionda idmana göstərilən qayğının bariz nümunəsidir. Cari ilin əvvəlində Naxçıvan Muxtar Respublikası rəhbərinin göstərişilə “Araz-Naxçıvan” futbol komandası yaradıldı. Uzun müddət futbolsuz qalan regionda bu sahənin inkişafı üçün ilk olaraq uşaq futboluna daha çox diqqətin ayrılması nəzərdən qaçmadı. Bunun nəticəsi kimi idman idarələrində futbolun kütləviləşdirilməsi üçün tədbirlər planı hazırlandı.

Əsas məqsəd “Araz-Naxçıvan”ın I Divizionda uğurlu çıxışını təmin etmək idi. Bunun üçün Azərbaycanın bir çox klublarında çıxış edən gənc, istedadlı futbolçular komandaya cəlb edildi. Hazırda Muxtar Respublika klubu görülən işlər sayəsində ölkə çempionatında məğlub olmayan 3 komandadan biridir.

Superkubokun Naxçıvanda keçirilməsi təşəbbüsünü irəli sürən PFL-in bu addımı Muxtar Respublikada alqışlarla qarşılandı. Çünki Naxçıvan istənilən idman növüüzrə yarışlara ev sahibliyi etməyə qadirdir. Hələ I Diviziona start verilməmişdən üç ay öncə Naxçıvan Muxtar Respublika stadionu müasir tələblər səviyyəsində təmir edildi və arenada müasir standartlara cavab verən hər bir şərait yaradıldı. Məhz bunun nəticəsidir ki, PFL rəhbərliyi “Xəzər Lənkəran” – “Neftçi” oyununun Naxçıvanda keçirilməsinə qərar verdi.

Ancaq qurumun verdiyi bu qərar bəzi mətbu orqanları tərəfindən heç də birmənalı qarşılanmadı. Həmin orqanlar atılan bu addımı hətta siyasi müstəvi zəminində belə qələmə aldılar. Qeyd etmək istərdik ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və heç bir siyasi hadisə, olay, baş verə biləcək xoşagəlməz nüans bu reallığı dəyişmir, dəyişməyəcək də. Odur ki, “Xəzər Lənkəran” – “Neftçi” oyununu “siyası oyun” kimi qiymətləndirənlər yanlış yolda olduqlarını bilməli, bu deyimi birdəfəlik unutmalırdılar.

Etiraf edək ki, futbolun siyasətə bağlılığı dünya təcrübəsində də var, ancaq bu bağlılıq ölkənin bölünməsi naminə edilmir. Sadəcə əsas məqsəd ölkədə futbolun kütləviləşdirilməsi üçün istər vəzifəli şəxslərin, istərsə də adi insanların bu idman növünə olan marağını artırmaqdır. “Xəzər Lənkəran” – “Neftçi” matçının həmişə gərgin mübarizə şəraitində keçdiyi hamıya məlumdur. İki rəqib arasında oynanılan görüşlərdən sonra bəzən xoşagəlməz hadisələr ölkə mətbuatının gündəmini zəbt edir.

Təbii ki, bu cür olaylar Azərbaycan futboluna, futbol funksionerlərinə yaraşmayan bir haldır. Naxçıvan Muxtar Respublikasında keçiriləcək oyundan öncə mətbuatda azarkeşlərin, xüsusilə “Xəzər Lənkəran” fanatlarının təzyiqə məruz qalacaqları ilə bağlı yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir. “Neftçi”nin Naxçıvan klubu olduğunu iddia edənlər bilməlidir ki, klubun rəhbərliyi naxçıvanlı iş adamları ola bilər, ancaq bu, onun Muxtar Respublika klubu olduğu anlamına gəlmir.

“Xəzər Lənkəran” klubu ölkəmizin cənub bölgəsini təmsil edir, burda futbola qoyulan sərmayə, yaradılan şərait də məlumdur. Naxçıvanlı azarkeşlər üçün “Neftçi” və ya “Xəzər Lənkəran”ın başında kimin durduğu, komandanı kimin idarə etdiyi və ya klubu kimin maliyyələşdirdiyi vacib deyil, heçəhəmiyyət də kəsb etmir. Naxçıvanlı azarkeşlərin bildiyi sadəcə Azərbaycanın bütöv, bölünməz bir dövlət olmasıdır. Muxtar respublika sakinləri üçün bu ölkənin türkü, talışı, ləzgisi, avarı və s. millətləri eynidir, heç bir ayrı-seçkilik də ola bilməz.

Əminliklə deyə bilərik ki, Superkubokda hər iki komandanın futbolçularını, klub rəhbərliyini həmçinin azarkeşlərini qəbul etməyə və onlara eyni hörməti göstərməyə Naxçıvan Muxtar Respublika rəhbəri, sakinləri və azarkeşləri hazırdır. “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra yazılanların yanlışlığının bir daha şahidi olacaqsız.

Elxan Yaqub
Naxçıvan


Teqlər:





Xəbər lenti