Jurnalistikaya qəbul üçün qabiliyyət imtahanı keçiriləcək

Jurnalistikaya qəbul üçün qabiliyyət imtahanı keçiriləcək
  03 Avqust 2018    Oxunub:17420
Dövlət İmtahan Mərkəzi (DİM) avqust ayının 6-da 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
DİM-dən AzVision.az-a verilən xəbərə görə, bu imtahanda iyul ayının 29-dan avqustun 1-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 446 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 125 nəfərini oğlanlar, 321 nəfərini qızlar təşkil edir. 402 abituriyent Azərbaycan, 44 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi"ni.

İmtahanın məzmunu haqqında məlumat:

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir.

İnşanı (esseni) yazarkən abituriyent:

mövzunu açmalı və dolğun əhatə etməli;

yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli;

ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli;

ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;

fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır.

Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi bir sıra meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul” ilə qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.

Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınır:

verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə;

abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;

çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;

yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;

yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndiriləcəkdir.

İnşa yazı (esse) 2-4 səhifə (ən azı 420 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “0” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında yerləşdirilib.

AzVision.az


Teqlər: DİM   imtahan  





Xəbər lenti