Rusiya Milli Antiterror Komitəsi (MAK) xəbər verir ki, Volqoqradda oktyabrın 21 saat 14:05-də, "Lesobaza” dayanacağında durduğu vaxt reys avtobusunun salonunda intiharçı-terrorçu qadının üzərində olan partladıcı qurğunun işə düşməsi nəticəsində insan tələfatı ilə müşayiət olunan terror aktı baş verib.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın baş vermədiyindən 40-a yaxın insanı avtobusdan çıxarmaq mümkün olub. Terror aktı nəticəsində 7 nəfər, həmçinin, terrorçu qadın da həlak olub. 36 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onlardan 28 nəfəri evə buraxılıb, 8-i isə reanimasiya şöbəsindədir. Zərərçəkənlər şəhərin müxtəlif tibb müəssisələrinə aparılıb. Onlara tibbi və psixoloji yardım göstərilir. Rusiya prezidenti Vladimir Putin terror aktının qurbanlarının yaxınlarına başsağlığı verib. Qeyd edək ki, terror aktı zamanı həlak olmuşların ailələrinə regional büdcədən 1 milyon rubl veriləcək. Ağır yaralılara 400 min, bütün yaralılara isə 100 min rubl veriləcək.
Bu arada terror aktını törətməkdə şübhəli bilinən qadınla bağlı yeni məlumatlar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, Mahaçqala sakini Naida Asiyalovanın adı heç bir cinayət işində hallanmayıb və axtarışda olmayıb. Lakin onun gizli silahlı dəstələrlə əlaqələrinin olduğu barədə hökumət qurumlarında məlumat var idi.