İosif Kobzon vəfat edib
İosif Kobzon 11 sentyabr 1937-ci ildə Ukraynanın Donetsk əyalətində yəhudi ailəsində anadan olub. 8-ci sinifi bitirdikdən sonra Dnepropetrovskidə Dağ-mədən texnikumuna qəbul olunub. Hələ məktəb illərindən rayon, vilayət tədbirlərində diqqəti cəlb edən ifaları ilə Kobzon öz istedadını nümayiş etdirməyi bacarıb. Məktəblilərin Ümumittifaq Musiqi festivalının qalibi olan Kobzon 1946-cı ildə Kremldə Stalinin qarşısında çıxış edib. İki il sonra 1948-ci ildə yenidən ona rəhbərin qarşısında çıxış etmək qismət olub.
Moskvada Dövlət Musiqi-pedaqoji institutuna qəbul olsa da, Kobzon qısa bir müddətdən sonra populyar müğənnilərin sırasında yer alıb. 1965-ci ildə İosif Kobzon populyar estrada müğənnisi Veronika Kruqlova ilə ailə həyatı qurub. Lakin iki il sonra iki populyar müğənni boşanıblar. Elə həmin il İosif Kobzon tanınmış aktrisa Lyudmila Qurçenko ilə evlənib. Bu nikah da Kobzona xoşbəxtlik gətirməyib. 1970-ci ildə yəhudi ailəsində tərbiyə almış Ninel Drizina ilə 3-cü dəfə ailə quran müğənninin iki övladı olur: Andrey və Natalya.
1998-2018-ci illərdə Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, mədəniyyət üzrə (2011 2018) komitəsi sədrinin birinci müavini olub. 2002-ci ildə İosif Kobzonda xərçəng xəstəliyi aşkar olunur və o müalicə olunmağa başlayıb. Bununla belə o, siyasi fəaliyyətini dayandırmayıb. Ukraynanın Donetsk və Luqansk vilayətlərində baş verən hadisələrlə bağlı siyasi çıxışlarına görə, Ukrayna vətəndaşlığından çıxarılıb və ölkəyə girişi qadağan olub.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzonu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.
AzVision.az