Ən bahalı filmlərimizdən biri - “Babək” burada çəkilib (FOTOLAR)

Ən bahalı filmlərimizdən biri - “Babək” burada çəkilib (FOTOLAR)
  13 Sentyabr 2018    Oxunub:30718
Bu il 120 illiyini qeyd edən Azərbaycan kinosunun şah əsərlərindən biri də xalq qəhrəmanı, Xürrəmilər hərəkatının rəhbəri Babəkin azadlıq uğrunda apardığı mübarizədən bəhs edən “Babək” filmidir. Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə çəkilən filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, quruluşçu rejissoru Eldar Quliyev, bəstəkarı Polad Bülbüloğludur.
Rollarda Azərbaycan kinosunun korifeyləri - Rasim Balayev, Şahmar Ələkbərov, Həsənağa Turabov, Amalya Pənahova, Hamlet Xanızadə, Ənvər Həsənov, Hacımurad Yegizarov, Səməndər Rzayev, Muxtar Manıyev, Mikayıl Mirzə və başqaları çəkiliblər.

Bu filmin bir çox epizodları Naxçıvan Muxtar Respublikasında çəkilib. AzərTAc-ın Naxçıvan bürosunun əməkdaşı bu günlərdə filmin lentə alındığı həmin məkanlara baş çəkib, çəkilişlərin şahidi olan yerli sakinlərin xatirələrini qələmə alıb.



Azərbaycan kino tarixinin ən bahalı filmlərindən biri

“Babək” filmini təkcə Azərbaycanın deyil, sovet kinosu tarixinin ən bahalı filmləri sırasına daxil edirlər. Belə ki, filmin büdcəsi 1 milyon 650 min rubl təşkil edib. Bu, həmin dövr üçün çox böyük bir rəqəm idi. Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Özbəkistanda 16 fabrik film üçün 1500 dəstdən çox geyim hazırlayıb. 60-a yaxın ölkə tərəfindən prokata götürülən film yalnız bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənib.



Filmin çəkilişləri, əsasən qədim Naxçıvanda, Ramana qalasında, “Azərbaycanfilm” kinostudiyasının pavilyonunda, Suraxanıdakı “Atəşgah” məbədində aparılıb. Qanlı döyüş səhnələrinin bir çoxu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın və Ərəzin kəndlərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağ sahələrində lentə alınıb. Burada Bəzz qalasının maketi qurulub.



“Hər gün lazım olan 4-5 min insanı yığmaq problemə çevrilmişdi”

Culfa-Naxçıvan magistral yolunun ətrafındakı ərazilər, dağların sıldırım yamacları, enişli-yoxuşlu yollar, qoşunların düzülüşü üçün əlverişli düzənliyin qarşısındakı təpələr ilk baxışdan diqqəti cəlb edir.

Həmsöhbət olduğumuz Culfa Rayon Mədəniyyət Evinin direktoru Qurban Nəcəfov yaxınlıqdakı təpəni göstərərək deyir ki, gecə vaxtı “Xəlifə ordularını qorxuya salan hadisələr”in kadrları burada çəkilib: “Çəkiliş meydançasındakı atların və əsgərlərin bir hissəsi Moskvadakı “Kavaler polku”ndan gətirilmişdi. Bununla yanaşı, Naxçıvandakı sərhəd qoşunlarının hərbçiləri və yerli sakinlər də çəkilişlərə cəlb edilmişdi. Ətraf kəndlərdən bura çox sayda sakin toplaşsa da, hər gün lazım olan 4-5 min insanı yığmaq problemə çevrilmişdi. Çəkilişlər kənd təsərrüfatı işlərinin qızğın dövrünə təsadüf edirdi və bu səbəbdən gecikirdi. Bundan xəbər tutan ümummilli lider Heydər Əliyev məsələyə müdaxilə edir və deyir ki, heç bir məsələ “Babək” filminin çəkilişi qədər əhəmiyyətli ola bilməz. Tapşırıq verir ki, çəkiliş üçün lazım olan bütün şərait yaradılmalıdır. Yalnız bundan sonra qarşıya çıxan çətinliklər qısa vaxtda həll olundu, filmin çəkilişi uğurla reallaşdı”.



Çəkilişlər zamanı bədbəxt hadisələr də az olmayıb. Həmsöhbətimiz deyir ki, bir dəfə “süvarilərdən” biri atla birlikdə dərəyə yuvarlandı və onun hər iki ayağı sındı. Bəzən aktyorlar qılıncı səhv vurduğu üçün çiyni, qolu, əl-ayağı yaralananlar da çox olurdu: “Bir dəfə filmin qəhrəmanı Rasim Balayev az qala atdan yıxılacaqdı. At, necə deyərlər, dinc dayanmırdı. Məcbur qalıb, aktyorun hər iki ayağını ata bağladılar ki, çəkiliş alınsın. Bundan başqa, Rasim Balayevin əynindəki geyimlər qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi. Bu geyimlə 50 dərəcə istidə, qızmar günəş altında mis dəbilqə ilə hərəkət etmək iradə, cəsarət, fədakarlıq tələb edirdi”.



Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, “Babək” filmində epizodik rolda çəkilmiş, 2006-cı ildə Prezident mükafatçısı olan Rövşən Hüseynovla da görüşüb həmsöhbət oluruq. O, maraqlı bir xatirəsini bizimlə bölüşür: “Azərbaycanfilm” kinostudiyası filmin çəkilişi üçün ikinci rejissoru ölkə ərazisində mövzuya uyğun məkanları axtarıb tapmağa göndərmişdi. O, Naxçıvanın Culfa rayonunun ərazisi üzərində dayandı. Həmin rejissor Naxçıvan teatrına da gəldi və burada bir neçə aktyoru seçdi. Onların arasında mən də var idim. Hər gün səhər saat 6-dan axşam 11-dək çəkiliş meydançasında olurduq. Necə deyərlər, iş prosesi zamanı yaranan çətinliklər çox idi. Məsələn, 4-5 min insanı 5-6 nəfər geyindirməli olurdu ki, bu da xeyli vaxt aparırdı. Epizodik rolda çəkilənlərin böyük əksəriyyəti aktyor olmadığı üçün onları bir yerə yığıb film çəkmək asan deyildi. İsti də bir tərəfdən insanları əldən salırdı. Onları, həmçinin atları su ilə təmin etmək üçün iri su maşınları ayrılmışdı. Dəbilqələrimiz istidən qızıb başımızı yandırırdı. Bəzən çəkilişlər zamanı huşunu itirənlər də olurdu. Lakin yerli sakinlər bu əziyyətə dözərək filmin uğurlu alınması üçün əllərindən gələni əsirgəmirdilər. Bunu görən filmin rejissoru Eldar Quliyev naxçıvanlılara dönə-dönə minnətdarlıq edirdi”.



Əlincəqala ərazisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovla söhbət edirik. On dörd il Əmir Teymurun ordularına müqavimət göstərən, Babək kimi qəhrəmanların oylağı olan Əlincəqala bu gün də öz əzəməti ilə insanları heyran edir. Fərəc Fərəcovun fikrincə, tarixi qəhrəmanlarımızdan bəhs edən ekran əsərləri, o cümlədən “Babək” filmi bu gün hər bir azərbaycanlını, Azərbaycan əsgərini erməni qəsbkarları üzərində Böyük Qələbəyə ruhlandırır.



Filmin çəkilişlərinin başlandığı 1978-ci ildə Naxçıvanda Babəkin adını daşıyan rayon yaradıldı

Babək xalq qəhrəmanıdır. İyirmi il ölüm-dirim savaşı apararaq torpağını, Vətənini yadellilərdən qoruyub, düşmənə boyun əyməyib. Onun adı indi də xalqımızın qəlbində yaşayır. Təsadüfi deyil ki, muxtar respublikanın böyük bir rayonunda xalq qəhrəmanının adı əbədiləşdirilib: Ulu Öndərimizin təşəbbüsü ilə Babək rayonu yaradılıb. Həmin rayonun yaradılmasından 40 il ötür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamla bu il Babək rayonunun təşkil olunmasının 40 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir.





AzVision.az


Teqlər: Babək   Naxçıvan   Film  





Xəbər lenti