Proqram mühəndisliyi: Milli kadrlara ehtiyacımız var
AMEA Informasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, tex.f.d., dosent
Tamilla Bayramova
AMEA Informasiya Texnologiyaları İnstitutunun sektor müdiri
İnformasiya cəmiyyətinin (İC) əsas vəzifəsi bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
Müasir dövrdə informasiya cəmiyyəti inkişaf edərək getdikcə daha böyük vüsət alır. Kompüterlər cəmiyyətdəki bütün proseslərə, o cümlədən elmi-tədqiqat işlərinə, iqtisadiyyata təsir göstərərək, ümumilikdə insanın fəaliyyət formasını dəyişdirir və praktikanın yeni sahələrinə daxil olur. İnsanların yeni texnologiyaları öyrənməsi və onu müxtəlif sahələrə tətbiq etməsi müasir yeni sistemlərin və proqramlaşdırma dillərinin yaranmasına və inkişafına səbəb olur. Bu sahə üzrə proqram mühəndisliyi məşğul olur. Müxtəlif məsələlərin həllində uğur qazanmaq üçün elmi yeniliklərdən bəhrələnmək lazımdır.
Elm və texnologiyaların inkişafı, iqtisadiyyatın qloballaşması, vətəndaş cəmiyyətində inteqrasiya prosesləri daha müasir müdafiə, tədris, istehsal, nəqliyyat, enerji və digər sistemlərin yaradılması tələbatını irəli sürür. Texnoloji dəyişikliklərin sürətlənməsi bu sistemlərin də getdikcə mürəkkəbləşməsinə gətirib çıxarır və bəzi hallarda istismara verilmiş proqram sistemlərinin həyat dövrü bir neçə dəfə uzadılır. Təkcə sistemlər deyil, onların yaradılma vasitələri də mürəkkəbləşir. Proqram sistemlərinin yüksək keyfiyyətini və rəqabətədavamlılığını qoruyub saxlamaq üçün öz biliklərini daim artıran, bu sahə üzrə xarici həmkarların nailiyyətlərindən bəhrələnərək səmərəli həlləri tapmağı bacaran, faydalı və məqsədyönlü fəaliyyət qabiliyyəti olan peşəkar mütəxəssislər tələb olunur. Bu keyfiyyətlər gələcək proqramçılara tələbəlik illərində aşılanmalı və inkişaf etdirilməlidir. Gələcəkdə dünya bazarında rəqabətədavamlı proqram sistemlərini yaratmağa qadir olan mütəxəssislər məhz ali məktəblərdə hazırlanmalıdır.
Proqram mühəndisliyi – kompüter elmi və texnologiyasının çox böyük və mürəkkəb proqram sistemlərinin yaradılması ilə məşğul olan bir sahəsidir. Başqa sözlə desək, proqram mühəndisliyi sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir.
Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Azərbaycan iqtisadiyyatında neft sektoruna alternativ kimi İKT-nin, biliklər iqtisadiyyatının inkişafına geniş yer verilir. Ona görə də müasir proqram təminatının işlənilməsi və dünya səviyyəli proqram mühəndislərinin hazırlanması bu sahənin aktual problemlərindən biri kimi xarakterizə olunur.
Sistemlərin və proqram təminatlarının yaradılması üçün müxtəlif ixtisaslı işçi kollektivi tələb olunur. Adətən belə sistemlər uzun illər tətbiq edilir, versiyaları yenilənir, həyat dövründə çoxsaylı dəyişikliyə uğrayır, yeni mühitə uyğunlaşdırılır.
Ölkəmizdə ali məktəblərin əksəriyyətində tələbələrə proqram mühəndisliyi deyil, müəyyən məsələlərin həll alqoritmləri və çox da böyük həcmli olmayan proqramların kodlaşdırılması öyrədilir. Proqram mühəndisliyinin əsas tərkib hissələrindən olan tələblərin idarə edilməsi, proqram layihələrinin menecmenti, onların sınaqdan keçirilməsi və s. məsələlər ya heç tədris edilmir, ya da bəzi universitetlərdə magistratura pilləsində tədris olunur. Ona görə də tələbələrdə belə bir fikir formalaşır ki, proqramçı olmaq üçün proqramlaşdırmanı bilmək kifayətdir. Lakin informasiya texnologiyalarının dinamik şəkildə dəyişdiyi bir zamanda proqram təminatının işlənilməsinə ayrılan xərclərin çox hissəsi proqram kodunun yazılmasına deyil, yuxarıda adlarını çəkdiyimiz fəaliiyət istiqamətlərinin payına düşür. Proqram təminatının mövcud infrastruktura inteqrasiya edilməsi də əlavə xərclərin yaranmasına səbəb olur. Nəticədə milli proqram sistemləri dünya bazarında rəqabətədavamlı olmur və onlarda baş verən sistem və texniki xətaların aradan qaldırılması yenidən işlənilmə zərurətini yaradır. Ali təhsil müəssisələri sistem analitikləri, layihə menecerləri, proqramların sınağı və keyfiyyətinin təmin edilməsi üzrə mütəxəssislər hazırlamırlar. Tələbələr proqram sistemlərinin həyat dövrünü dəstəkləyən müasir metodları, texnologiyaları, avtomatlaşdırılmış instrumental vasitələri və beynəlxalq standartları bilmirlər.
Azərbaycanda da beynəlxalq standartlar əsasında milli standartların işlənilməsi zəruridir. Proqram mühəndisliyi standartlarında peşəkar proqramçıdan aşağıdakı bilik və bacarıqlar tələb olunur: sifarişçi ilə ünsiyyət qabiliyyəti; tələblərlərin düzgün müəyyən edilməsi; istifadə edilmiş texnologiyaların seçilməsi; proqramların sazlanması; proqramların sınağı; işlənilmiş modulların mövcud proqrama inteqrasiyası; müxtəlif növ sənədlərin tərtibi; layihənin idarə edilməsi və s.
Universitet təhsili və real sənaye proqramlaşdırması arasındakı fərqi aradan qaldırmaq məqsədilə tələbə layihələrinin və yay məktəblərinin təşkil olunması da xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Qərb ölkələrində universitetlər sənaye şirkətləri ilə birgə fəaliyyət göstərərək müəyyən bir aktual məsələnin həllində peşəkar proqramçılarla birgə bu sahəyə marağı olan tələbələrin işləməsini təmin edir. Bu universitetlər üçün əlavə xərc tələb etmədiyinə, eləcə də, təşkilatların yeni mütəxəssislərin hazırlanmasında marağı olduğuna görə öz mütəxəssislərinə tələbələrlə işləmək üçün icazə verirlər. Rusiya, Ukrayna kimi ölkələrdə dünyanın bu qabaqcıl təcrübəsindən artıq istifadə edilir. Burada Microsoft Summer School in Software Engineering and Verification (Proqram mühəndisliyi və verifikasiya üzrə yay məktəbi), Microsoft Сomputer Vision School (Kompyüter baxışları üzrə yay məktəbi), Microsoft Data Structures and Algorithms School (Verilənlərin strukturu və alqoritmlər üzrə məktəb) yay məktəblərini nümunə gətirmək olar. Peşəkar proqramçılar, tədqiqatçılar üçün Avropa universitetlərində də bir sıra tədbirlər keçirilir.
Proqram mühəndisliyi üzrə mütəxəssisi adi proqramçıdan fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun komandada işləmə qabiliyyətinin olmasıdır. Bunu da ancaq təcrübədə öyrənmək mümkündür. Tələbə layihələrində iştirakçılar sual vermək, məsələnin qoyuluşunda özü üçün aydın olmayan məqamları aydınlaşdırmaq və gördükləri işi rəhbərliyə, ekspertlərə izah etmək vərdişləri də əldə edirlər. Onlarda gördükləri iş üçün cavabdehlik, məsuliyyət, öz üzərlərinə vəzifələr götürmək, həmkarlarını pis vəziyyətdə qoymamaq və ümumi maraqlara xidmət etmək hissi yaranır.
Lakin qeyd edilən çatışmazlıqlarla yanaşı, ölkəmizdə son illərdə tələbələrin proqramlaşdırmaya olan marağını artırmaq məqsədilə bəzi tədbirlər də həyata keçirilir. Azərbaycandan olan məktəblilər və tələbələr informatika üzrə beynəlxalq olimpiadalarda iştirak edirlər. Onların bu sahədə qazandığı uğurlar çox sevindiricidir. Respublikamızda 2013-cü ildən “Startup Azerbaijan” layihəsi həyata keçirilir. Hazırda İKT üzrə kadr hazırlığı işi də təkmilləşdirilir. Yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara artan tələbatın ödənilməsi məqsədilə ölkədəki ali təhsil ocaqlarında təhsilin elmi tədqiqatlar və innovasiyalarla sıx inteqrasiyasına əlverişli mühitin yaradılması istiqamətində işlər görülür. Dünyanın qabaqcıl təhsil ocaqları ilə əlaqələr genişləndirilir, həmçinin Azərbaycandan kənara "beyin axını"nın qarşısının alınması ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilir.
BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan edilən, bəşəriyyətin inkişafının əsas istiqaməti olan, min illərdən bəri yığılıb qalan sosial-iqtisadi problemlərin həllinə xidmət edən informasiya cəmiyyətinin əsasında informasiya-kommunikasiya texnologiyaları və biliklər iqtisadiyyatı dayanır. Biliklər iqtisadiyyatının ən mühüm sektorlarından biri də məhz proqram mühəndisliyidir. Hazırda bu sektor dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf prioritetlərindən biri kimi çıxış edir. Proqram sənayesindən əldə edilən gəlirlər bir sıra ölkələrin iqtisadi gəlirlərinin əsasını təşkil edir.
Ölkəmiz də dünyada baş verən bu inkişaf tendensiyasından kənarda qalmır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet sahəsi elan etmişdir. Dövlət başçısı həmçinin “qara qızılı insan kapitalına çevirək” ideyasını irəli sürərək, ölkəmizdə artıq qədəm qoyduğumuz postneft dövründə yüksək texnologiyalar sektorunun, biliklər iqtisadiyyatının inkişaf etdirilməsini əsas hədəf kimi qarşıya qoymuşdur. Ölkəmizdə bu sektorun inkişaf etdirilməsi üçün bir sıra konseptual və normativ-hüquqi sənədlər qəbul edilmişdir.
O cümlədən,“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması, elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması da nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da ölkəmizdə rəqbətədavamlı, ixracyönümlü yüksək texnologiyalar sektorunun, informasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan innovasiya yönümlü və biliklərə əsaslanan iqtisadiyyatın qurulması, beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, İKT sahəsində bilik və bacarıqların artırılması məsələləri öz əksini tapmışdır.
Biliklər iqtisadiyyatının bir seqmenti kimi formalaşmaqda olan proqram sənayesinin əsasında “elm-təhsil-innovasiya” üçbucağı dayanır.Belə ki, bu sektorun inkişaf etdirilməsi üçün, ilk növbədə, müvafiq elmi-texniki potensialın, təhsil və innovasiya mühitinin yaradılması, yüksək ixtisaslı kadrların hazırlanması vacibdir.
Bu baxımdan 17 may 2017-ci il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən “Proqram mühəndisliyinin aktual elmi – praktiki problemləri” I respublika konfransının əsas məqsədi də ölkəmizdə qeyd edilən dövlət siyasətinə uyğun olaraq proqram mühəndisliyinin formalaşmasına elmi dəstəkvermək, bu sahədəkimultidistiplinar elmi-praktiki problemləri, mövcud dünya təcrübəsini nəzərə alaraq milli prioritetləri müəyyənləşdirmək idi.
Beləliklə dünyada rəqabətədavamlı proqram təminatının işlənilməsi üçün İT sahəsi üzrə mütəxəssislər hazırlayan universitetlərdə bu sahə üzrə təhsil alan tələbələrə zəruri biliklərin verilməsi vacibdir. Tələbələrin bu biliklərə yiyələnməsi üçün ilk növbədə bu sahələr üzrə dərsliklər hazırlanmalı, beynəlxalq standartlara əsaslanaraq dövlət standartları və tədris planları işlənilməlidir.
Teqlər: Proqram-mühəndisliyi